Son vaxtlar ölkənin gömrük ərazisinə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlərin artması müşahidə olunur
Bu barədə “APA-Ecoonmics”ə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən məlumat verilib.
“Yəqin, bəzi işbazlar Yeni il “atəşfəşanlığı” üçün indidən “tədarük” görürlər. Qaçaqmalçılar, eyni zamanda, böyük bir canfəşanlıqla sözügedən malları nəyin bahasına olursa olsun ölkə ərazisinə gətirməyə cəhd edirlər. Lakin onlar öz məqsədləri üçün ən müxtəlif üsullarla gömrük nəzarətindən yayınmağa çalışsalar da, gömrük əməkdaşları pirotexniki məmulatı aşkara çıxarır, ölkə ərazisinə gətirilməsinə yol vermirlər.
Adətən minik avtomobillərində aşkar edilən bu mallar nəqliyyat vasitəsinin yük bölümündə, qapılarında, oturacaqlarında, qaz balonunun və ya yanacaq çəninin içərisində və digər xüsusi düzəldilmiş saxlanc yerlərində gizlədilir. Lakin gömrük əməkdaşlarının son günlər qaçaqmalçıların “yeni gizlətmə üsulları” ilə bağlı qeydə aldıqları faktlar xüsusilə təəccüb doğurub. Artıq işbazlar ağlasığmaz yollara əl atır, sözügedən təhlükəli malları elə təhlükəli üsullarla gömrük nəzarətindən gizlətməyə səy göstərirlər. Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, avtomobilin hətta hərəkətdə olan təkərlərindəki şinlərin içərisində 3840 ədəd “SFA-100 M50″ markalı pirotexniki vasitənin aşkara çıxması barədə məlumat vermişdik. Lakin, demə, bu fakt təsadüf deyilmiş. Belə ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda daha bir oxşar fakt qeydə alınıb. Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, avtomobilin hərəkətdə olan təkərlərində 47 qutu “Super Blitz”, 14 qutu “Silver Cracker”, 4 qutu “Petardy”, 2 qutu “Big Silver Cracker” markalı pirotexniki vasitələr aşkar edilib. Görünür, gömrük əməkdaşları qaçaqmalçıların bütün gizlinlərini aşkara çıxardıqca, onlar da daha gizlin üsullarla vəziyyətdən çıxacaqlarını düşünürlər. Amma işbazlar unudurlar ki, bu gün ən müasir yoxlama avadanlıqları ilə təchiz edilən gömrük orqanları gömrük nəzarətindən gizli keçirilməsinə cəhd göstərilən bütün malları aşkara çıxarmaq imkanına malikdir.
Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilər. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir”, – deyə məlumatda vurğulanıb.
DGK nəzərə çatdırır ki, bu faktlar təkcə inzibati deyil, eyni zamanda, cinayət məsuliyyəti yaradan hallardır: “Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...