Nihat Ağasoy
Öygülər olsun uca Yaradana, başımızla başa qalxdıq! Başlar içində baş çıxartmaq elə-belə söhbət deyil. Daha öncə hayları başını itirməyə məcbur edən yığmamız 8-ci turda rusların başını əlləri arasında qoyanda qələbə qığılcımı başımdan dabanlarıma qədər süzüldü. Nə xoş giziltiydi, Tanrım. Ukraynayla 2:2 hesablı bərabərliyin ardından çempionluğumuz rəsmən açıqlanana qədər zəfər təbilləri gicgahlarımda guruldadı. Və qəfil Berger əmsalına “ilişmək” həyəcanı gəldi. Xoşbəxtlikdən şəxsi görüşdə üstələdiyimiz Rusiya ədalətsiz hesablama üzündən bir baş yuxarı sıçramadı.
Yunanıstanın Krit adasında düzənlənən Avropa Çempionatının qalibi adını qazanan kişilərdən ibarət şahmat yığmamızın uğuru təəccüb doğurmasa da, vətənini, bayrağını, xalqını sevən azərbaycanlıların ürəyinə yağ kimi yayıldı. 3-cü dəfə qitədə hamıdan yaxşı baş sındırmağı bacardığını isbatlayan millimiz, başın və başların var olsun!
...Bu idman növüylə uşaqlıqdan maraqlanmışam. Ağ-qara taxtayla aramız o qədər yaxşıymış ki, böyüklərim böyüyəndə güclü şahmatçı olacağımı düşünürmüş. Qohum-əqrəba içində bir az da irəli gedərək məni vunderkind və gələcəyin qrossmeysteri adlandıranlar da var imiş.Təsəvvür edin ki, 1 yaşımda bütün fiqurları şahmat taxtasında səhvsiz düzə bilirmişəm. Dilimə gətirdiyim ilk cümlə isə “at, burda dur” olub. 2 yaşımda isə gedişləri bilir və oyunun mənasını uşaq dərrakəsinə sığacaq qədər anlayırdım. Böyüdüm, qrossmeysterlik yolunda atdığım ibtidai addımları “detskiy mat”a qədər təkmilləşdirdim. Nədənsə sonradan davamını gətirmək istəmədim. Sinif yoldaşlarıma qoşulub şahmat məktəbinə getməyə belə, həvəsim olmadı. İndi də oynamağın həvəskarı deyiləm. Rəqib fikirləşənə qədər səbrim daralır. Amma nəticələri izləyir, bizimkilərin pis bacarmadığı qədim oyunda nələrin yaşandığıyla davamlı şəkildə maraqlanıram. Şahmat sözünü eşidəndə, burnuma ən sevimli oyuncaqlarım arasında olan 35 il öncəki taxtanın qoxusu gəlir.
Beynimin bir küncündə sağ biləyinə gözmuncuğu bağlanmış sarışın oğlan uşağı yenə həmin qara atın haça qulaqlarına, sallaq dodaqlarına diqqətlə baxır, ardından ağ və qara fiqurların simmetriyasını tarazlayır...
Başı sözün əsl mənasında işləməyən xalq başqa xalqların nə şahını, nə də “peşka”sını mat qoya bilər. Siyasi xırdalıqlara varmaq fikrindən uzağam. Sözümün başqa Mustafası var. O gün döyüş strategiyası üzərində qurulmuş şahmatda qansız-qadasız, zədəsiz, ağrısız gələn qələbənin qanadlarında yağmurlu Bakı gecəsində buludlardan yuxarı qalxıb ulduzlarla dərdləşmişəm. Uğurun canımdan qopardığı qurğuşun ağırlıqla yerin nüvəsinə qədər enib qayıtmışam. Üstəlik, yazacağım yazıda pafosdan uzaq durmaq üçün noyabr çiskininin altında zəfərimizi gözləmədən yatan adamların işığı sönmüş mənzillərini də bir-bir sayıb başımı soyutmuşam. Köhnə fikrimdə qalmışam: bizim futbol yığmamız da Avropa çempionu ola bilər. Başa başqa başbilənlər gəlməlidi, vəssalam. Futbolçu potensialı, uşaq futbolunda vahid sistem, “milliləşdirmə”, baza, struktur sonrakı işlərdi. Öncə başda olduğu müddətdə ayağa qaldıra bilməyən başlar və başqanlar Azərbaycana bir yaxşılıq etməli, qansız-qadasız, zədəsiz, ağrısız , öz ayağı ilə getməlidi. İndiki başlarla bu xalqın ayağı biz deyən futbolu oynamayacaq.
"Futbol+"
Digər xəbərlər
loading...