Noyabrın 8-də Bakı Metropoliteninin fəaliyyətə başlamasının 50 ili tamam olur. 1967-ci il noyabrın 8-də Bakı Metropoliteninin ilk qatarı sərnişindaşımaya başlayıb
2014-cü ildən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirən qurum bir çox ilklərə imza atıb.
Yubiley ərəfəsində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-in suallarını cavablandırıb.
– "Bakı Metropoliteni" QSC fəaliyyəti dövründə hansı işləri görüb?
– 2014-cü il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurum fəaliyyətinin ilk günlərindən sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, qatarların hərəkətinin və sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifələrlə yanaşı, sərnişinlərin metropolitendən sərbəst istifadəsini məhdudlaşdıran, təbii ventilyasiyaya xələl gətirən, təhlükəsizliyə və istismar qaydalarına zidd olaraq fəaliyyət göstərən bütün ticarət obyektlərini metro ərazisindən kənarlaşdırmağa nail oldu. Bu qərar geniş ictimai dəstək aldı. Qısa müddətdə keçidlər ticarət köşklərindən təmizləndi. Onların yerində dövri, eləcə də əsaslı təmir işləri aparıldı. Dövri təmir işləri 2014-cü ilin aprel ayına kimi bütün stansiyalarda başa çatdırıldı. Eyni zamanda, metro stansiyaların memarlıq üslubuna xələl gətirmədən, sərnişin axınına maneə yaratmadan reklam işinin təşkili və ona yanaşmaya münasibət köklü dəyişərək, tamamilə müasir formada və müəssisə daxilində hazırlanmaqla tənzimlənərək həyata keçirilməsinə də başlandı.
1967-ci ildən bu günədək fəaliyyətdə olan dispetçer idarəetməsi tam yeni əsaslarla qurularaq, təhvil verildi. 2015-ci il yanvarın 19-da "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrlə qatarların hərəkətinə, avtomatika və telemexanika avadanlıqlarına nəzarətin dispetçer mərkəzinə ötürülməsi ilə bağlı işlərə başlanıldı. Həmin il aprelin 1-dən metropolitendə hərəkətin təşkilində ən mühüm mərkəz, beyin rolunu oynayan dispetçer mərkəzi yeni qərargahında fəaliyyətə başladı. Ən münasib şəraitlə təmin edilmiş dispetçer mərkəzləri həm də müasir avadanlıqlarla və idarəetmə sistemləri ilə təchiz olunub. Burada bütün sistem müasir mikroprosessor və elektron idarəetməsi üzərində qurulub. Əvvəlki dövrün lampa-işıq siqnallarından fərqli olaraq, yeni mərkəzdə interaktiv sistemlər quraşdırılıb, ekranda qatarların hərəkəti və stansiya adlarının əks olunması diqqəti çəkir. Mərkəzin bütün idarəetməni həyata keçirməsini nəzərə alaraq, otağın təchizatı zamanı, onun erqonomikasına, səs-küyün həddinə də diqqət edilib. Sistemin yenilənməsinin təməlində isə mühüm bir əsas dayanır. Mövcud xətlər gələcəkdə SCADA sisteminə keçirilərsə, artıq bu işin böyük hissəsi həllini tapmış olacaq.
İdarəetmənin ən optimal formasını təşkil edən SCADA sistemləri, ilk olaraq, yeni xətlərdə tətbiq ediləcək.
2016-cı il aprelin 19-da, perspektiv inkişaf planının ilk töhfəsi kimi, Bənövşəyi xəttin birinci iki stansiyası – "Avtovağzal" və "Memar Əcəmi" istifadəyə verildi. Yeraltı yollar şəbəkəsinə qoşulan 3-cü xətt metropolitendə məhz yeni texnoloji eranın başlanğıcı baxımından əhəmiyyət kəsb edəcək. Şəhərdə əhalinin əsas axın istiqamətləri nəzərə alınaraq, bu xətt indidən 7 vaqondan ibarət qatarların hərəkəti üçün nəzərdə tutulur. Xətdə qatarların hərəkəti ən müasir radiokanal idarəetməsi CBTC, stansiyaların və bütün infrastrukturun idarə edilməsi isə SCADA sistemləri ilə həyata keçiriləcək.
Yeni xətdə gələcəkdə inkişaf etdiriləcək müasir texniki və sosial-mədəni layihələrin ilk nümunələrini də görmək olar. Stansiyalar əhalinin müxtəlif sosial təbəqələrinin maraqları nəzərə alınaraq, liftlərlə təchiz olunub. Uzun keçidləri olan "Avtovağzal" stansiyasında isə sərnişinlərin hərəkət rahatlığı məqsədilə metropolitendə ilk dəfə travolatorlardan da istifadə olunub.
Dərin özüllü stansiyalarda ikinci çıxışların istismara verilməsi ilə bağlı görülən işlər bu məsələlərin ən əhəmiyyətliləri arasında seçilir. "Elmlər Akademiyası"nda ikinci giriş-çıxışın tikintisi uğurla başa çatdırılaraq 2015-ci il dekabrın 28-də istismara verildi. Bu çıxışın istismara verilməsi stansiyanı sərnişin istifadəsinə bağlamadan istismar müddəti başa çatmış esklatorların yeni nəsil analoqları ilə əvəzlənməsini və eyni zamanda, yuxarı vestibülün əsaslı təmirini də aparmağa şərait yaratdı.
Bir çox stansiyalarda, onların keçidlərində, dövri və yaxud əsaslı təmir işləri aparılıb. "Elmlər Akademiyası" ilə yanaşı, eyni vaxtda açılmış "20 Yanvar" və "İnşaatçılar" stansiyalarında da istismar müddəti bitmiş eskalatorlar dəyişdirilib. Qeyd edək ki, hazırda metropolitendə 94 eskalator, 8 travolator və 5 lift istismar olunur. Görülən tədbirlər nəticəsində avadanlıqların 71,3 faizi müasir standartlar və texnologiyalar həddinə çatdırılıb. Eskalatorların yeniləri ilə əvəzləndiyi stansiyalarda vestibüllərdə də əsaslı təmir işləri görülüb. Bunlardan savayı, "İnşaatçılar", "Gənclik", "Nəriman Nərimanov", "Xalqlar dostluğu", "Qara Qarayev" və "Neftçilər" stansiyalarının keçidləri, son iki stansiyanın isə həm də vestibülləri yenidən qurulub, "Xətai" stansiyasının tamamilə görkəmini dəyişmiş və müasirləşmiş orta zalı, birinci yolu və ona bitişik tuneli uzun müddətli təmirdən sonra istifadəyə verildi və ikinci yolda eyni işlərə başlanıldı. Cari ilin sentyabr ayında metropolitenin memarlıq incisi olan "Nizami" stansiyasında da əsaslı işlər başa çatdırılıb. Burada stansiya yolları ilə yanaşı, orta zal da əsaslı yenidən quruldu, pilonlar və onların arxa sahəsi yeni və daha davamlı inşaat materialları ilə təmir edildi, Nizaminin "Xəmsə"sinin motivləri əsasında işlənmiş pannolar bərpa edilməklə yeni həyat qazanıb.
Qurumun fəaliyyəti dövründə həmçinin lokomotiv parkı müasir standartlar səviyyəsinə çatdırılmadan yeniləşmə kursu natamam görünər. Ötən 3 il ərzində vaqon parkının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib. "Nərimanov" elektrik deposunun təmir sahələri iki il ərzində həyata keçirilən yenidənqurma işləri sayəsində 2016-cı ilin sonlarında ən müasir standartlar səviyyəsinə çatdırılıb. Müasir təmir bazasının əsas göstəriciləri sırasında əl əməyinin ən aşağı həddə salınması və xüsusi işlərin yerinə yetirilməsi üçün müasir avadanlıq, dəzgah və maşınların alınması qeyd olunmalıdır. Görülən tədbirlər nəticəsində metropolitenin öz təmir-istehsalat sahələrində təmir detalları və qovşaqların böyük qisminin hazırlanmasına da nail olunub ki, bu, qənaət və səmərəyə, ən əsası, kənardan ehtiyat hissələrlə təchizat asılılığının azalmasına gətirib çıxarıb. Hazırda metropolitendə 113 adda mexaniki detal və qovşaqdan 92-si metropolitenin öz bazasında hazırlanır.
Həyata keçirilən tədbirlər nasazlığa görə, depoya plandankənar qayıtma hallarının sayının azalması ilə nəticələndi. 2014-cü il ərzində nasazlığa görə 520 qatar vaxtından əvvəl xətdən çıxarılmışdısa, 2015-ci ildə bu rəqəm 212-yə, 2016-cı ildə isə 152-yə enib. 2014-cü ildə metropolitenin normal iş rejimi 19 dəfə pozulmuşdusa, 2015-ci il 13, 2016-cı ildə isə 9 belə hala yol verilib.
Bu sahədə ən böyük nailiyyətlərdən biri vaqonların yerli şəraitdə əsaslı təmirinin, eləcə də modernləşdirilməsinin təşkilinə nail olunmasıdır. 2015-ci ilə qədər bu işlər yalnız ölkə kənarında yerinə yetirilirdi. Əvvəllər qatarlar Xarkova, son illərdə isə Tbilisiyə göndərilirdi. 2013-2015-ci illərdə 6 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib. Hazırda bu işlər metropolitenin öz bazası şəraitində – "Nərimanov" elektrik deposunda həyata keçirilir. Ölkə xaricinə təmirə göndərilən qatarların yol və gömrük xərclərini, eləcə də digər təmir şərtlərini nəzərə alsaq, bununla külli miqdarda vəsaitə qənaət edilir.
2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənmişdi. Əldə olunan səmərə və keyfiyyət sahənin inkişafına zəmin yaradıb. 2015-ci ildə vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə başlanılıb. Nəhayət, işlərin üçüncü mərhələsindən vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib. Qatarın salonu müasir LED işıqlanma sistemi ilə əvəzlənib. Bu isə öz növbəsində elektrik enerjisinə qənaətdir.
Fransanın "Alstom" şirkəti ilə bağlanan müqavilə əsasında, həmin şirkətin bloklayıcı paketinin sahibi olduğu "Transmaşholdinq" şirkətinin zavodunda istehsal olunmuş 3 yeni nəsil qatar 2015-ci ilin aprel ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə təqdim olundu. Sonuncu – 4-cü nəslə mənsub və idarə edilməsi mikroprosessor sistemləri əsasında həyata keçirilən bu qatarlar kondisonerləşdirilməsi, mikroiqlim nəzarəti və müasir elektron informasiya, videomüşahidə sistemləri ilə təchiz olunub.
2015-ci il avqustun 8-dən paytaxtın "BakıKart" sisteminin tətbiqi ilə metropolitenlə yanaşı, həm də bir sıra yerüstü nəqliyyat vasitələrinin vahid ödəniş sistemində fəaliyyət göstərilməsinə başlanıldı.
– Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar "İçərişəhər" stansiyasında "retro" vaqonlar nümayiş olunur.
– Bəli, bu vaqonlar Bakı metrosunun tarixini canlandırır. Bu vaqonlar 1930-70-ci illərin vaqonlarıdır. 50 illik yubileyimizlə bağlı bu vaqonları təmir etmişik. Cəmi 3 vaqondur. Onlardan ikisi sərnişin daşımayıb, yol ölçmək üçün Bakı metrosunda istifadə olunub. Həmin vaqonlar Moskva metrosunda istifadə edilib və Azərbaycana 1968-ci ildə gətirilib. 3-cü vaqon isə 1970-ci ildə Bakıya gətirilib və sərnişin daşınmasında istifadə edilib. O vaxt metrodan istifadə edənlər indi həmin dövrü yada salmaq üçün bu vaqonlara baxırlar.
– "Bakı Metropoliteni" müasir tipli 3 yeni qatar alıb və hazırda istifadədədir. Digər qatarların yeniləri ilə əvəz edilməsi gözlənilirmi?
– Hal-hazırda xətdə istismar müddətini başa vuran vaqonumuz yoxdur. Qatarların istismar müddəti hələ ki davam edir. Amma növbəti illərdə yeni və müasir qatarların alınması nəzərdə tutulub. Hələki qatarlarımız istismara yararlıdır. Həmin qatarların istismar müddəti başa çatandan sonra yeni və ən son model qatarlarla əvəz ediləcək. Hazırda xəttə 3 ədəd yeni – 4-cü nəsil qatarlar fəaliyyət göstərir.
– Yeni layihələndirilən metro stansiyaları ilə bağlı hansı yeniliklər var?
– 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteni xətlərinin konseptual inşaat sxemi təsdiqlənib. Həmin sxemə qədər bizim iki xəttimiz, 23 metro stansiyamız var idi. Sonradan daha 2 stansiya istifadəyə verildi və Bənövşəyi xətt üzrə iki stansiya – "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları fəaliyyətə başladı. Sxemə görə, Bakıda metro stansiyalarının sayı 76-ya çatdırılmalı, metro xətlərinin sayı 5 olmalıdır. Hazırda layihələndirmə işləri davam etdirilir. Hazırda tikilməkdə olan stansiyalarımız var. "Həzi Aslanov-2" stansiyasının tikintisi davam etdirilir. Həmin stansiya dairəvi olması nəzərdə tutulan Yaşıl xəttin davamı olacaq, buradan "Həzi Aslanov"a keçid stansiyası olacaq.
Bundan başqa, Dərnəgül qəsəbəsində bir DEPO, Xocasən qəsəbəsində isə Bənövşəyi xəttin DEPO-su olacaq. Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində Bənövşəyi xəttin 3-cü stansiyasının tikintisi davam edir. Hazırda işlər bizim istədiyimiz kimi getmir, amma davam edir. İlk olaraq Ceyhun Səlimov küçəsində inşa olunan "B3" stansiyası istifadəyə veriləcək. Amma hələlik vaxt məlum deyil.
– Əvəllər metro xəttində Sumqayıt, Xırdalan və Aeroport istiqamətinə xətlərin çəkilməsi gözlənilirdi.
– Bakı Metropolitenində belə bir təklif olmayıb. Bu sadəcə Baş Plan hazırlayan təşkilatların təklifi olub. Amma sonuncu təsdiq olunan sxemdə belə bir xətt yoxdur.
– Metro stansiyalarında əlillər üçün pantusların yaradılması nə yerdədir? Əlillər bu gün bir çox stansiyalardan istifadə edə bilmirlər.
– Sovet vaxtında tikilən metro stansiyalarında belə bir məsələ nəzərdə tutulmayıb. Həmin stansiyalar o vaxt tikiləndə bu məsələ layihədə nəzərdə tutulmayıb. Əgər hər hansısa bir stansiyada pantus quraşdırılmaq mümkünsə, digərlərində bu mümkün deyilsə, bunun əhəmiyyəti yoxdur. Məsələn, "Gənclik" stansiyasında pantus quraşdırdıq, oradan metroya düşən əlil hansısa stansiyadan çıxmalıdır. Əgər əlil arabasında "Gənclik" stansiyasına düşən əlil "Elmlər Akademiyası"ndan çıxa bilmirsə, bunun heç bir faydası yoxdur.
Biz Bənövşəyi xətt üzrə tikilən stansiyalarda bunu nəzərə almışıq və "Avtovağzal", "Memar Əcəmi-2" stansiyalarında liftlər quraşdırmışıq. Fiziki imkanları məhdud şəxslər bu stansiyalardan çox rahatlıqla istifadə edə bilirlər. Həmin xətt üzrə tikiləcək 12 stansiyanın hamısında fiziki imkanları məhdud şəxslərin istifadəsi üçün liftlər nəzərdə tutulub.
MilliYol.Az
Digər xəbərlər
loading...