2017-ci ildə Mərkəzi Bank beynəlxalq konyunkturun nisbətən yaxşılaşması və qeyri-neft sektorunda iqtisadi artımın bərpası şəraitində fəaliyyət göstərib
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
İcmalda deyilir ki, neftin dünya qiymətinin yüksəlməsi, idxal üzrə azalma meylinin davam etməsi, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi nəticəsində ölkənin tədiyə balansında profisit bərpa olunub, strateji valyuta ehtiyatları artıb.
"Cari ilin 9 ayında Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasəti həyata keçirib. Pul təklifi mənbələri effektiv idarəetməyə götürülüb və adekvat faiz siyasəti yürüdülüb. Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, xüsusən də inflyasiyanın dinamikası, maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdirilib. Pul siyasətinə dair qərarlar qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınıb", - deyə sənəddə qeyd edilib.
AMB bildirir ki, pul siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilib: "Dövr ərzində milli valyutanın məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşıb. Tədiyə balansının profisiti şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi nəticəsində milli valyutanın məzənnəsinin möhkəmlənməsi dollarlaşma səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunub və inflyasiya gözləntilərinə azaldıcı təsir edib. Ümumilikdə, həyata keçirilən siyasət tədbirləri nəticəsində 2017-ci ilin 9 ayında makroiqtisadi sabitliyin təmin olunması istiqamətində müsbət meyllər formalaşıb və güclənib".
MilliYol.Az
Digər xəbərlər
loading...