Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarda növbəti qanlı terror hadisəsi törədilib. Hadisə Texas ştatında baş verib
Məlumata görə, kilsəyə daxil olan silahlı şəxs orada ibadət edənlərə atəş açıb. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Terror hadisəsini tərədən şəxs isə polis tərəfindən zərərsizləşdirilərək öldürülüb. Qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib.
Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.
Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir. Devin Patrik Kelli 2012-cu ildə həyat yoldaşı və uşağına hücum etdiyinə görə mühakimə olunub. O, bu hadisədən sonra pis davranışına görə Hərbi Hava Qüvvələrinin sıralarından vəzifəsi aşağı salınaraq istefaya göndərilib. D.Kellinin ötən yayda Texasdakı avoparkda mühafizəçi işlədiyi qeyd olunub.
Daha əvvəl onun 2010-2014-cü illərdə hərbi xidmətdə olduğu, 3 il əvvəl xidmətdən "rüsvayçılıq" ilə qovulduğu və tribunala göndərildyi bildirilib. İlkin məlumatlara görə, atıcı terror təşkilatlarından heç birinə aid olmayıb.
Bu isə son zamanlar Amerikada sayı artan daha bir terror hadisəsinin dünyada ciddi səs-küy yaratmasının nümunəsidir. Son bir ayda biri Las Veqasda, sonuncusu isə Texasda baş verən bu terror hadisələrinin terror təşkilatları, necə deyərlər, müsəlmanlarla heç bir bağlılığı yoxdur. Bu hadisələr bilavasitə şəxsi zəmində törədilib və icraçının qarışıq, gərgin psixoloji durumunun göstəricisidir. Amma maraqlıdır ki, yerli sakinlər tərəfindən törədilən hər iki hadisəni terror aktı kimi qeydə almayıblar. Daha bir məqam isə ondan ibarətdir ki, müsəlmanlar tərəfindən törədilən terror aktları barədə xəbərlərin, şərhlərin yayılma diapazonu olduqca geniş olur. Bu, dünyada müsəlmanlarla bağlı qorxu aurasının yayılması, müsəlmanların bir qayda olaraq terrorçu kimi qələmə verilməsi istiqamətində düşünülmüş addım sayılır.
Sözügedən tendensiyalarla yanaşı, Amerikada sayı gündən-günə artan terror olaylarının nəylə nəticələnəcəyi də sual doğurur. Bunun 2001-ci ildə baş verən terroru yaradacağı, proseslərin ona doğru getməsi səslənən ehtimallar sırasındadır.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyanın istənilən nöqtəsində hər dəfə terror hadisəsi baş verəndə fokus müsəlmanların üzərinə yönəldilir. Onun sözlərinə görə, dünyada 1 milyard 200 milyon müsəlman yaşayır. Bu isə heç terror təşkilatlarının 1 faizini də təşkil etmir. Müsahibimiz bildirdi ki, istər xaç yürüşlərində, istərsə də tarix boyunca baş verən müharibələrdə dini faktordan hər zaman istifadə olunub. Politoloqun fikrincə, Amerikada baş verən son terror olayı da bu qəbildəndir və istisna sayılmaz: “Bu dəfə də dini məsələdən istifadə etmək istədilər. Hadisə baptist kilsəsində baş verdiyi üçün öncə yönləndirməni o istiqamətdə etdilər. Amma sonradan məlum oldu ki, terror hadisəsini törədən şəxs ağdərilidir və müsəlmanlıqla heç bir əlaqəsi yoxdur. Keçmiş hərbçidir, özü də problemli bir həyat yaşayıb. Amma bu cür yönləndirmələrin dini zəmində hansısa qarşıdurmaya səbəb olacağı da şübhə doğurmur. Məsələn, İsrail KİV-ləri bir-bir terrorçunun şəxsiyyəti, dini mənsubiyyəti ilə bağlı informasiyaları yayır. Rusiya və digər maraqlı tərəflər isə bunu açıqlamır. Terrorun artması nə qədər çox olsa, siyasi vəziyyətin gərginliyi barədə daha çox xəbərlər yayılır ki, bu da bəzi tərəflərin marağına uyğundur”.
A.Nağıyev dedi ki, hazırda Amerikada sayı artan terror hadisələri ölkənin siyasi gündəminə də ciddi təsir edib. Onun sözlərinə görə, respublikaçılarla demokratlar arasında bu mövzu ilə bağlı gərgin mübarizə gedir. Daha öncə özbək əsilli terrorçu olayı iki tərəfin arqumentlərinin toqquşmasına səbəb olmuşdu. Belə ki, respublikaçılar Obama hakimiyyəti dönəmində kilsələrin təhlükəsizliyinin azaldığını iddia etdikləri halda, demokratlar isə bu olayı hakimiyyətin, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının səriştəsizliyinin səbəbi olaraq dəyərləndiriblər. Terrorun artması eyni zamanda ölkədə sərbəst silah satışı ilə də əlaqələndirilir. A.Nağıyevin sözlərinə görə, silah satışına daha çox nəzarət edən respublikaçılar partiyasıdır: “Hətta onlardan soruşanda ki, bu qədər silah nəyə lazımdır, cavab belə verilmişdi ki, hər bir amerikan vətəndaşı özünü qoruya bilmək üçün silah ala bilməlidir”.
Ekspert hesab edir ki, son dönəm Amerikada terror hadisələrinin sayının artmasında məişət-sosial xarakterli olayların rolu böyükdür. Onun sözlərinə görə, ölkədə psixi təsir çox güclüdür: “Müharibədən qayıdan şəxslərdə o sindromlar yaşanmaqdadır. Və bu da hansısa formada özünü biruzə verir. Müharibə travması yaşamış şəxslərin psixologiyasına bu olay mənfi şəkildə təsir edir. Odur ki, baş verən hadisələri terror adlandırmaq doğrudur. Üstəlik, bu cür terrorların motivi təkcə İslamla bağlı deyil. Ümumiyyətlə, İslam terroru anlayışı yoxdur”.
MilliYol.Az
Digər xəbərlər
loading...