Bu günlərdə doğum gününü qeyd edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov musavat.com-a müsahibəsində yeni ictimai təşkilat yaratmaq barədə müzakirə apardığını deyib və xarici siyasət sahəsi ilə bağlı fikirlərini bölüşüb
MilliYol.Az müsahibəni oxucularına təqdim edir:
– Ad günləri imkan yaradır ki, təzədən orurub harda olduğunu, hansı yolu keçdiyini düşünəsən. Mən birinci dəfəydi ki, facebook-da ad günümü keçirirdim (gülür) Gördüm ki, camaat çox diqqət yetirir. Çalışdım ki, mən də facebook dostlarıma diqqət yetirəm. Amma 300-400 təbriklərə cavab verəndən sonra artıq kompüter dözmədi, təqribən 170 nəfərə cavab verə bilmədim. Yüzlərlə insan vaxt tapıb mənim ünvanıma hansısa sözləri yazıb. Sizin qəzetin vasitəsilə də hamıya minnətdarlıq edirəm.
-Tofiq bəy, amma bir məsələ var: yaşınız hələ 60-a çatmayıb, amma bu yaşda özünüz-özünüzə məcburi istirahət vermisiniz. Bu, sizi narahat eləmirmi?
– Hə, yaş 58-dir. İstirahət deyəndə ki… İmkan dairəsində çalışıram öz təbiətimə, ya da vətəndaşlıq borcuma uyğun hansısa addımlar atım, məqalələri yazım, fikirlərimi bölüşüm. Bunun həm özümə xeyri var, kimsə buna diqqət yetirir, diskussiya edir, digər tərəfdən də görünür ki, bizim cəmiyyətdə ekspert sözünə, hansısa politoloq şərhlərinə ehtiyac var. Mən də öz həmkarlarıma qoşulub öz fikirlərimi ictimaiyyətə çatdırıram, hesab edirəm ki, faydalı bir işdir.
– Bu gün ölkədə politoloq azlığından da danışılır. Son illərdə Həsən Quliyev, Zəfər Quliyev, Vəfa Quluzadə kimi dəyərli politoloqlarımızın dünyasını dəyişməsi bir az da boşluq yaratdı. Bəlkə yeni politoloqların yetişdirilməsi üçün bir mərkəz yaradılsa, daha yaxşı olardı, necə düşünürsünüz?
– Peşəkar fikirlərə ehtiyac həmişə var. Hesab edirəm indi o mərhələyə gəlib çatmışıq ki, hansısa analitik yazıları birləşdirən cəmiyyət, ya qurum yaradılmalıdır. Bu qurumlar yaradılmalıdır ki, cəmiyyətə xidmət eləsin. Müxtəlif ölkələrin təcrübəsinə baxanda, xarici siyasətə aid ictimai birliklər var. Bizdə də xarici siyasətimizə olan, onunla diskussiya aparan belə qurumlar mütləq lazımdır. Çünki biz elə bil, köhnə sovetin üslubu ilə gedirik. Qabaqlar deyirdilər ki, sovet xalqı imperialistlərin həmləsinə yekdil fikirlə cavab verir. Yekdillik yaxşı şeydir, amma eyni zamanda cəmiyyətdə yekdil fikrin olması ideal vəziyyətdir. Müxtəlif fikirlərin olması çox yaxşı haldır. Çünki o halda biz hansısa qərar qəbul edəndə müxtəlif fikirlərin arasında diskussiya nəticəsində yaranan bir addım atacağıq. İkinci tərəfdən də bizi qıraqdan izləyən, müşahidə edən qüvvələr görəcəklər ki, müxtəlif fikirlər mövcuddur.
– Elə isə bu cür mərkəzin yaradılması üçün niyə təşəbbüs göstərmirsiniz?
– Bu, ictimai bir qurum olmalıdır, bir adla, bir şəxslə bağlı olmamalıdır. Elə bir qurum olmalıdır ki, orada mütəxəssislər yığışıb hansısa fikirləri söyləməlidirlər. O qurumun başçısı olmamalıdır, cəmiyyət şəklində, demokratik əsaslarla fəaliyyət göstərməlidir. Bizdə adətən hansısa qurumlar yaranır, bu və ya digər insanla bağlılığı olur. Fikirləşirəm ki, bir nəfərlə bağlılığı olmamalıdır.
– Bu barədə kimlərləsə müzakirə aparmısınızmı?
– Doğrusu, bunun barəsində fikirləşirəm. Çünki baxsanız, Rusiyada Xarici Siyasət Şurası var bu qurumun birbaşa Xarici İşlər Nazirliyi il bağlılığı mövcuddur. Onlar iclaslar keçirir, hansısa məsələləri müzakirə edirlər. Həmçinin, Fransada, Almaniyada da belə qurumlar var, mən orda çıxış etmişəm. ABŞ-da o qurumlar müxtəlif universitelərdə cəmləşib və onlar öz təkliflərini verirlər. Yəni, xarici siyasət təkcə dövlət fəaliyyəti ilə bağlı deyil, müxtəlif cəmiyyətlər də orada xarici siyasətə aid hansısa fikirlər səsləndirir. Əslinə qalsa, bizdə buna böyük ehtiyac var. Çünki xarici siyasət sanki iki düşərgənin arasında bölünüb. İqtidaryönümlü ekspertlər elə bil adət ediblər ki, iqtidarın xarici siyasətini dəstəkləsinlər. Müxalifətin də əsas məqsədi hakimiyyətə gəlməkdir və iqtidar nə edirsə, onu tənqid edir. Deməli, balanslaşmış rəyə, qurumlara ehtiyac var. Bu rəyi isə hansısa ictimai qurumlar söyləyə bilər. Bizim xarici siyasətdə müxtəlif problemlər ortaya çıxır ki, buna aid fikirlər səslənməlidir, diskussiya aparılmalıdır. Ermənilər ictimai rəyi çox geniş şəkildə istifadə edilər. Məsələn, hansısa təklif onların xoşuna gəlməyəndə hay-haray edirlər ki, ictimaiyyət bunu qəbul etməyəcək. Bu baxımdan bizdə bir az ayrı vəziyyət yaranıb. Hansısa təklif, ya fikir qəbul olunmayanda elə bil bütün ağırlıq iqtidarın üzərinə düşür. İctimiyyətin səsi gəlmirsə və buna aid hansısa fəaliyyət görünmürsə, deməli, xaricdə qüvvələr bunu elə qiymətləndirirlər ki, iqtidar, ya hansısa adamlar bunu istəmir, qəbul etmir. O baxımdan bu, bir az dinamik siyasətdir. İndiki siyasi adət-ənənəyə görə bu, xarici siyasətdə çox effektli bir alət ola bilər. Çünki burada yerləşən səfirliklər həm iqtidarın, həm müxalifətin rəyini analiz edib öz paytaxtlarına xəbər edirlər. Amma orta mövqe yoxdur.
– Sizin növbəti posta təyinat alacağınızla bağlı gözləntilər var idi, amma bu, baş vermədi. Artıq özünüz bu məsələdən əl üzübsünüz, yoxsa…
– Bizdə vəzifəyə çox önəm verilir. Xoşbəxtlikdən mən çox vəzifələrdə işləmiş adam kimi bu fikirlərə bir az ayrı cür yanaşıram. Hesab edirəm ki, ehtiyac olsa, kiməsə hansısa iş tapşırılacaq. Ehtiyac olmasa, normal bir vəziyyətdə mən özümü çox sərbəst hiss edirəm, özümə uyğun olan hansısa işlə məşğulam. İndi mən heç də hesab eləmirəm ki, işsiz qalmışam. Şükür Allaha, medianın diqqəti onu göstərir ki, hətta diqqət daha çoxdur. Həm də facebook-da yenicə fəaliyyətə başlamışam, bir məqaləyə 10-15 min baxışın olduğunu görürəm. Digər keyfiyyətli materiallara baxışlar daha çox olur. Bu baxımdan ictimaiyyətə hansısa fikirləri çatdırmaq da öz-özlüyündə işdir.
Bir-iki gün bundan qabaq mən bir xarici diplomatla görüşdüm. O da qeyd etdi ki, mən Dağlıq Qarabağa aid məruzələr yazıram. Görürəm ki, rəsmi açıqlamalar mövcuddur. Məsələn, Nalbənyanın açıqlamaları filan qədərdir, amma sizdə rəsmi açıqlamalar çox azdır. Demək olar ki, prezidentin açıqlamalarıdır, lakin xarici siyasət idarəsinin açıqlamaları azlıq təşkil edir. Çünki mətbuat katibinin açıqlamaları rəsmi mövqe sayılsa da, onun təsir dərəcəsi nazirin bəyanatlarından daha azdır. Bu baxımdan bizdə boşluqlar var. Həmin boşluq ictimaiyyət tərəfindən də mövcuddur. Mən dediyim qurumlar fəal işləsə, çox faydalı olar.
– Tofiq bəy, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək. İddianız yoxdur ki?
-Yox (Gülür). Mən belə şeylərə iddialı deyiləm. Başqalarına nisbətən mən fikirləşirəm ki, bu, çox məsuliyyətli bir işdir. Mən doğrusu, buna hazır deyiləm ki, bütün vaxtımı, həyatımı siyasi və ictimai işlərə həsr edim. Mütəxəssis kimi hə. Amma siyasi baxımdan mənim ambisiyalarım yoxdur.
– Nə prezidentliyə, nə də deputat mandatına iddia etmirsiniz?
– Deputatlıq haqda hələ fikirləşməmişəm. Baxaq, görək şərait necə olacaq. Təəssüflər olsun ki, Milli Məclisdə xarici siyasətə aid fəallıq o qədər də yüksək deyil. Qoy bu fikirləri tənqid kimi qəbul etməsinlər, daha da aktiv olmaq lazımdır. Ümumiyyətlə, bizim xarici siyasətdə prezidentdən başqa, iqtidarda fəallıq o qədər də çox deyil. Qurumlar elə bil hərəsi bir tərəfə çəkilib, kinoda deyildiyi kimi, “exo” verirlər. Bizə “exo” lazım deyil e, fəal siyasət lazımdır. “Exo” vermək çox rahat mövqedir.
– Yayılan məlumatlara görə, Türkiyə və Rusiya prezidentləri Qarabağı müzakirə edəcəklər. Hətta iddialar var ki, Kreml öz şərtlərinin qəbul olunması qarşılığında bəzi rayonların azad olunmasına razıdır. Bu, nə dərəcədə real görünür?
– Biz gərək bir məsələni nəzərə alaq ki, apreldə ortaya qoyulan sənəd hələ gündəmdədir, Madrid prinsipləridir, Kazandan sonra yenə də yenilənib. Bunun da müəllifi Sergey Lavrovdur. Diplomatik təcrübədən uzaq bir vəziyyət yaranıb – erməni mənşəli bir insan Rusiyanın xarici işlər naziridir, ermənilərə və azərbaycanlılara vasitəçilik edir. Bu, Rusiyanın ən böyük diplomatik səhvidir. Çünki gərək bu cür məsələlərə vaxtilə diqqət yetirəydi. Hamı başa düşür ki, bu insan milli mənsubiyyətinə görə bu işi apara bilməz. Bu, tək biz tərəfdən olan mövqe deyil, dünyada qəbul olunan bir təcrübədir. Ermənilərə baxın, Metyu Brayzanın xanımı türk olduğuna görə, ermənilər ona qarşı çıxdılar. Hətta ona nail oldular ki, o, Azərbaycan siyasətindən kənarlaşdırıldı. İndi nə olub, biz o qədər diplomatik tolerantıq ki, bu məsələlərə fikir verməyək? Mən ümumiyyətlə, o fikrə gəldim ki, Sergey Lavrovla bağlı Azərbaycanda heç bir təşəbbüs qəbul olunmazdır və qəbul olunmayacaq.
– Qarşıda növbəti Moskva görüşü var, orada nəsə baş verə bilərmi?
– Yox. Çünki artıq bir neçə həftə bundan qabaq ictimaiyyətdə güclü bir diskussiya olub: Hoqlandın bəyanatı və Lavrov planı ilə bağlı. Azərbaycan ictimaiyyəti onların fərqini görüb. Çünki Hoqlandın çıxış etdiyi mövqe birbaşa Madrid prinsiplərinin əsasında olan mövqe idi. Amma Lavrov çıxış etdiyi mövqe, Zaxarovanın bəyanatları və s. göstərdi ki, onun təklifi Madrid prinsiplərindən uzaqdır.
– Siz, Eldar Namazov və rəhmətlik Vəfa müəllimin istefasının növbəti ildönümü tamam oldu. O zaman istefaya getməsəydiniz, nə baş verərdi?
– Bu hadisələrin nəticəsində Azərbaycanın dövlət olaraq mövqeyi gücləndi və Azərbaycanın ərazi bütövlüyü bir faktor kimi artıq hamıya bəlli oldu. Hamıya bəlli oldu ki, Azərbaycan ictimaiyyəti ayrı bir sxemi qəbul etməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü hər bir sülh planında təmin olunmalıdır. Hesab edirəm ki, bu, Azərbaycan iqtidarının bu hadisələrdən əl etdiyi ən vacib nəticədir.
– Bəs, Ermənistan parlamentindəki terror baş verməsəydi?
– Ermənistanda bu və ya digər hadisə onsuz da baş verəcəkdi. Çünki onlar böyük bir təsir altındadırlar, demək olar ki, müstəqillikdən kənardırlar. Onların müstəqilliyini itirməsi elə həmin dövrdən başlayır və indiyədək davam edir. Demək olar ki, bu ölkə müstəqil deyil. Onlara sadəcə sübut ediblər ki, siz hansısa yazılmış rolu oynamalısınız, ondan kənara çıxmaq olmaz. Onlar ölümdən qorxub heç vaxt o roldan çıxa bilməzlər.
– Yaratmaq istədiyiniz təşkilatla bağlı Eldar Namazovla müzakirələr aparmısınızmı?
– Bu yaxınlarda görüşəcəyik. Danışmışıq. Allah qoysa, görüşüb məsləhətləşəcəyik. Digər adamların da cəlb olunması maraqlı olardı. Yenə də deyirəm, bizim xarici siyasətə müstəqil fikrə malik olan insanlar lazımdır. Bu, həm iqtidara, həm də müxalifətə lazım olan bir qurum olmalıdır. Ümumiyyətlə, cəmiyyətə faydalı qurum olmalıdır. Bu, o demək deyil ki, mən sabah yaradıram, belə bir fikir var (gülür).
MilliYol.Az
Digər xəbərlər
loading...