Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovun prokurorluğa çağırılması haqda məlumat şübhə ilə qarşılanır
Yenicag.az xəbər verir ki, keçmiş MTN şefi Eldar Mahmudovun əmisi oğlu və köməkçisi, polkovnik-leytenant Vüqar Mahmudov həbs edilib.
Məlumata görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.
Vüqar Mahmudovun həbs edilməsi ilə demək olar ki, eyni vaxtda Eldar Mahmudov da ifadəsi alınmaq üçün Baş prokurorluğa çağırıldığı barədə informasiya yayılıb (Virtualaz.org).
Qeyd olunur ki, Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub.
Eldar Mahmudovun da məhz bu cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırıldığı bildirilir.
Bununla belə, Eldar Mahmudovun Baş prokurorluğa çağırılması 2 il əvvəl vəzifəsindən çıxarılan, o müddətdən bəri azadlıqda olan keçmiş nazirin həbsinə hazırlıq kimi də qiymətləndirilir. Lakin bu məsələyə fərqli yanaşmalar da var.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl bildirib ki, Eldar Mahmudovun həbs ediləcəyi hələ ki gözlənilmir. O, keçmiş nazirin Baş prokurorluğa çağırılması haqda məlumatın da dəqiqləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb:
“Fikirlərimə sonuncu sualınızdan başlamaq istəyirəm və deyim ki, Eldar Mahmudovun həbsi nəzərdə tutulmayıb.
Digər məsələyə gəldikdə isə dəqiqləşdirməyə ehtiyac var: Mahmudov həqiqətən prokurorluğa çağırılıb, ya yox?
Bu informasiyalar yalnız bir mənbədən gəlir və bir nəşr tərəfindən yayımlanır. Adını çəkmədiyim o nəşrin əldə etdiyi məlumatların bəzən “sızdırılmış” informasiya xarakterli olduğu hiss olunur və özündə başqa məqsədlər daşıyır.
Məsələn, biz hələ bilmirik ki, Prokurorluğun mətbuat xidməti bu barədə nə məlumat yayıb, nə deyib…
Mahmudov Baş prokurorluğa çağırıla bilər, amma bu, o qədər də inandırıcı deyil.
Mənə belə gəlir ki, bu, hərdən hüquqi addımların atılması görüntüsünün yaradılmasından başqa bir şey deyil”.
Mövzu barədə Yenicag.az-a danışan millət vəkili Vahid Əhmədov isə Eldar Mahmudovun prokurorluğa çağırılması xəbərinə şübhə ilə yanaşdığını deyib. O, sabiq nazirin həbs olunmaq ehtimalı barəsində bir söz deyə bilməyəcəyini bildirib:
“Mən bu xəbəri mətbuatdan oxumuşam, bununla bağlı başqa bir məlumatım yoxdur. Deyilir ki, Eldar Mahmudov prokurorluğa çağırılıb və sair…
Ancaq Mahmudov vaxtilə ölkənin ən yüksək vəzifələrindən birində işləyib, milli təhlükəsizlik naziri olub – bu, adi vəzifə deyil.
Açığı, onun prokurorluğa çağırılmasına mən o qədər də inanmıram. Ola bilər ki, adi informasiyadır, yayılıb. Bundan sonra nə olacaq-olmayacaq, onu deyə bilmərəm – çünki bu işlərlə o qədər də tanışlığım yoxdur”.
MilliYol.Az
Digər xəbərlər
loading...