“Bankların sayının azalması gündəmdədir”
Ölkənin iqtisadi aktivliyinin təmin olunması üçün önəmli şərtlərdən biri bank sektorunun sağlamlaşdırılmasıdır.
Belə ki, son üç ildə baş verənlərdən sonra hökumət də bunun fərqindədir. O baxımdan Azərbaycanda bank sektoru üzrə yol xəritəsi hazırlanması nəzərdə tutulur.
Bu barədə hökumətin Milli Məclisə təqdim etdiyi “2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə bildirib. Sənəddə qeyd olunub ki, bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, kapital dayanıqlığı bərpa olunmayan bankların restrukturizasiyası, likvidliyin verilməsi alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi prioritet istiqamət kimi müəyyən edilib.
Hazırda bank sektorunun ən böyük problemlərindən biri kapitallaşma, likvid vəsaitlərin məhdud olması, o cümlədən geri qaytarılması mümkün olmayan kreditlərin həcminin günü-gündən artmasıdır.
Bu problemə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında dedi ki, hazırda bankların sayının azalması məsələsi gündəmdədir: “2016-cı ildə 10 bankın müflis olmasından sonra 2017-ci ildə də bankların sayının azalması məsələsi gündəmdə idi. Bizim qiymətləndirmələrimiz də göstərirdi ki, təxminən 5 bankın funksiyalarının yerinə yetirilməsində çətinliklər var. Artıq Banklar Assosiasiyası iki bankın birləşəcəyi ilə bağlı açıqlamalar yayıb. Bu isə ondan xəbər verir ki, bankların birləşməsi və sayının azalması prosesi davam edir. Bizim apardığımız monitorinq və qiymətləndirmələr onu göstərir ki, hazırda bank sektorunda 20 bank sistemi əhəmiyyətlidir. Bu isə o deməkdir ki, digər 12 bankın birləşdirilməsi çox önəmlidir. Bankların sayının azaldılması, o cümlədən sistem əhəmiyyətli, likvidliyi yüksək olan bankların sistemdə qalması çox əhəmiyyətlidir. Çünki bankların sayının çox olması heç də rəqabətin güclü olmasının göstəricisi deyil. Bankların likvidliyinin və onlara inamın yüksək olması daha vacibdir”.
Ekspertin sözlərinə görə, bu ilin əvvəlindən etibarən bankların kredit portfelində 25 faizə yaxın azalma qeydə alınıb: “Aparılan monitorinqlər göstərir ki, 2017-ci ildə, xüsusən də fevral ayından başlayaraq makroiqtisadi sabitliyin bərqərar edilməsinə baxmayaraq, Mərkəzi Bankın bank sektoru ilə bağlı göstəriciləri hələlik vəziyyətin ürəkaçan olduğundan xəbər vermir. Bankların kredit portfelində azalmalar baş verir. Əgər 2017-ci ilə banklar 16 milyard 705 milyon kredit portfeli ilə başlamışdılarsa, bu rəqəm sentyabr ayında artıq 12 milyard 376 milyon manata qədər azalıb. Bu ondan xəbər verir ki, yalnız bu ilin 8 ayında bankların kredit portfelində təxminən 4,4 milyard manat azalma qeydə alınıb. Bankların əsas gəlir mənbəyinin də kreditləşmə olduğunu nəzərə alsaq, bu heç də arzuolunan göstərici deyil”.
İqtisadçı vurğuladı ki, bank sektorunda əsas çətinlik problemli kreditlərin həcmində olan sürətli artımdır: “Azərbaycan bankları ötən ili 1 milyard 472 milyon manat problemli kreditlə başa vurdular. Hazırda problemli kreditlərin həcmi 1 milyard 824 milyon manata qədər yüksəlib. Təxminən 350 milyon manatlıq bir artım qeydə alınıb ki, bu da kifayət qədər ciddi bir göstəricidir. Problemli kreditlərin həcminin artması ondan xəbər verir ki, hələlik bankların kredit portfelini, eləcə də problemli kreditlər məsələsini nizamlamaqda çətinlik çəkirlər. Mərkəzi Bankın rəsmi rəqəmləri ondan xəbər verir ki, bank sektorundakı problemləri 2017-ci ildə həll etmək mümkün olmadı. Kredit strukturuna da baxsaq, biz daha çox istehlak kreditlərinin artmasını müşahidə edəcəyik. O baxımdan İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq biz təklif edirik ki, ABŞ-da olduğu kimi bankların və toksik aktivlərin sağlamlaşdırılması üçün vahid dövlət proqramı qəbul edilsin. ABŞ-da belə bir proqram 2008-ci ildə Qlobal maliyyə böhranı zamanı qəbul edildi və 400 milyard dollardan artıq vəsait bu istiqamətə yönəldildi. Oxşar proqramın Azərbaycanda qəbul edilməsi və bizim öncə də qeyd etdiyimiz kimi, problemli kreditlərin azaldılması, eləcə də xarici valyuta ilə götürülmüş kreditlərin ödənilməsində güzəştlərin tətbiq edilməsi mexanizminin işlənib hazırlanmasına ehtiyac var”.
Vüqar Bayramov təklif edir ki, devalvasiyalar nəticəsində valyuta kreditlərində yaranmış fərq dövlət, bank və vətəndaş arasında bərabər bölüşdürülsün: “Biz birinci devalvasiya zamanı üçtərəfli güzəşt mexanizminin tətbiq edilməsini təklif etmişdik. Belə bir mexanizmin tətbiq edilməsi, devalvasiya nəticəsində yaranmış fərqin 3 tərəf arasında - dövlət, bank və vətəndaş arasında bölüşdürülməsi heç bir tərəfə xüsusi bir ağırlıq yaratmayacaqdı. Bu həm xarici valyutada verilən kreditlərin geri qaytarılması prosesinin bərpasına səbəb olacaqdı. Yaranmış fərqin üçdə iki hissəsinin bank və dövlət tərəfindən ödənilməsi vətəndaş üçün dəstək ola bilərdi. O baxımdan xarici valyutada verilmiş kreditlər daxil olmaqla, bank sektorunda toksik aktivlərin və problemli kreditlərin həlli ilə bağlı dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Nəzərə alsaq ki, 2018-2019-cu illər üçün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi artım proqnozlaşdırır, bu artım üçün bank sektorunda belə bir proqramın tətbiq edilməsinə ehtiyac var. Banklar məhz iqtisadi artım meyllərinə adaptasiya olsunlar. Bank sektoru iqtisadiyyatın mühərriki olduğu üçün, bu sektorun sağlamlaşdırılması olduqca vacibdir”.
MilliYol.Az
Digər xəbərlər
loading...