Azərbaycanda “Şöhrət” ordenli həkim Cəfər Quliyevin əməliyyat etdiyi xəstə dünyasını dəyişib
Bu barədə azvision.az-a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov deyib.
O qeyd edib ki, 81 yaşlı həkim Cəfər Quliyev tərəfindən əməliyyat edilən 3 uşaq anası 33 yaşlı Lumu Veyisova dünən gecə saatlarında rəhmətə gedib.
“Xəstə iyunun 26-da kəskin ağrılarla Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 27 iyun tarixində isə həkim onu əməliyyat edib. Xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib. Həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb”.
R.Sadıqov xəstənin ölümündə həkim səhlənkarlığının olmadığını qeyd edib: “Həkim yaşlı olsa da, çox təcrübəlidir. O, uzun müddətdir ki, həkim fəaliyyəti ilə məşğul olur. Cəfər həkim “Şöhrət” ordenlidir. O, ölkədə tanınmış cərrahdır”.
Xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.
Qeyd edək ki, adı xəstənin ölümündə hallanan həkim Cəfər Quliyev millət vəkili Fərəc Quliyevin əmisidir.
Səhiyyə Nazirliyi 81 yaşlı cərrah Cəfər Quliyevin xəstə Lumu Veyisovanın ölümündə ittiham edilməsinə münasibət bildirib.
Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı 26.06.2016-ci il tarixində Sumyıqat Şəhər Təcili Tibbi Yardım Xəstəxanmasına daxil olub.
“Xəstədə irinli, daşqınlı, öd kisəsinin cürüməsi prosesi olub, xəstə çox gecikdirilib, vəziyyətinə görə dərhal əməliyyata alınıb. Cərrah Cəfər Quliyev xəstəni əməliyyata alıb və əməliyyat 4-5 saat çəkib. Əməliyyat çox çətin keçib. Xəstə xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. 29.06.2016-ci il tarixində isə aparılan bütün yardımlara və cəhdlərə baxmayaraq, xəstə dünyasını dəyişib. Xəstənin yaxınları patoloji müayinədən kəskin şəkildə imtina ediblər”.
S.Əhmədova xəstə yaxınları tərəfindən həkim səhlənkarlığı ilə bağlı deyilən iddialara aydınlıq gətirib. “Patoloji Anatomiya müayinəsindən keçəndən sonra bilmək olardı ki, xəstənin ölümündə həkim səhlənkarlığı olub, yoxsa yox. Xəstənin yaxınları isə patoloji mümayinədən imtina ediblər”.
Adı xəstənin ölümündə hallanan 81 yaşlı həkim Cəfər Quliyevin qardaşı oğlu, deputat Fərəc Quliyev hadisə ilə bağlı azvision.az-a açıqlama verib.
Deputat bildirib ki, əmisi Cəfər Quliyev uzun illərdir peşəkar həkim fəaliyyəti ilə məşğul olur. Millət vəkili əmisinin ölümdə ittiham edilməsinə münasibət bildirərək qeyd edib ki, ömürü insana Allah verir, həkim isə yardımçı olur: “Həkim əlindən nə gəlirsə, onu edə bilir. Əmim insanlara təmənnasız olaraq xidmət edən həkimdir. Amma hər zaman xəstəyə kömək etmək mümkün olmur. Xəstə ölümünün nə olduğunu mən də həkim olduğum üçün başa düşürəm. Məndə olan məlumata görə, əməliyyat çox ağır keçib. Üzücü hadisədir. Amma nə edək, belə hallar da olur. Hər bir xəstəni xilas etmək olmur”.
Qeyd edək ki, 81 yaşlı həkim Cəfər Quliyev tərəfindən əməliyyat edilən 3 uşaq anası 33 yaşlı Lumu Veyisova dünən gecə saatlarında rəhmətə gedib.
MilliYol.Az
Digər xəbərlər
loading...