Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda Gülnarə Saypullayeva ifadə verib.
Bildirib ki, anası ona zəng edərək bacısının xəstə olduğunu deyib və onlara gəlməsini xahiş edib: "Mənə dedi ki, uşağı gətirmə. Mən stolun üstünə süd qoymuşdum. Özüm isə bayırda idim. Gəldim ki, uşaq onu içib. Mən onu öldürmək istəmirdim, bir uşağım var idi. Mən özümü zəhərləmək istəyirdim, uşağı yox. Zəhəri hazırlayıb qoydum stolun üstünə, bayıra çıxdım. Mən gələndə artıq onu içmişdi”.
Prosesdə sənədlər tədqiq edilib, ekspertiza rəyi açıqlanıb. Rəydə bildirilib ki, uşaq zəhərlənmədən ölüb, G.Saypullayeva isə bunu anlaqlı vəziyyətdə edib.
Prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Prokuror çıxış etmək üçün vaxt istəyib.
İclas noyabrın 8-də davam edəcək.
Qeyd edək ki, bu il iyunun 14-də Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
Şübhəli şəxs qismində dindirilən G.Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...