“1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın Qərb şirkətləri ilə imzaladığı ilk neft sazişidir. Bu sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var”
“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Neft-Qaz Cəmiyyətinin İllik Xəzər Texniki konfrans və sərgisinin iştirakçılarına ünvanladığı məktubda deyilir. Məktubu X. Yusifzadənin müşaviri Natiq Abbasov oxuyub.
Onun sözlərinə görə, işlənmənin əvvəlindən, yəni 23 il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 438 mln. ton neft, 138 mlrd. kubmetr qaz hasil edilib.
“2017-ci ilin oktyabr ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 246 mln. tondan çox mənfəət nefti satılıb. Həmin vaxtadək dünya bazarlarına çıxarılmış 459 mln. ton neftin 342 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunub”, - deyə məktubda vurğulanıb.
Vitse-prezident əlavə edib ki, “Əsrin müqaviləsi” öz missiyasını uğurla yerinə yetirib və yetirir: “Onun müddəti 2024-cü ildə başa çatırdı. Bəs sonra? Bizim qarşımızda bir neçə variant var idi. Birinci varinat BP-nin operatoru olduğu Beynəlxalq Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirmək idi. İkinci variant başqa bir xarici tərəfdaşın tapılması idi. Üçüncü variant isə o idi ki, 2024-cü ildən sonra AÇG-ni özümüz işlədək. Bu variantların hər biri təhlil edildi. Nəticədə biz birinci variantı seçdik və BP ilə əməkdaşlığı davam etdirdik. Niyə? Ailə həkimi və ya şəxs həkim deyilən bir anlayış var. İnsanın şəxsi həkiminin onun sağlamlığı haqqında tam məlumatı olur. Biz də bu prinsipi əsas götürdük. Düşündük ki, 1994-cü ildən AÇG-də külüng vuran BP bu yataqlara, onların hər bir detalına bələddir və indi “əl dəyişdirməy”ə ehtiyac yoxdur. Məsləhətləşmələr davam etdirildi. BP də əməkdaşlığın davamında maraqlı idi. Onlar bizim şərtlərə hörmətlə yanaşdılar.
Nəhayət bu ilin sentyabrın 14-də “Əsrin müqaviləsi”nin müddəti uzadıldı. Yeni müqavilə Azərbaycan üçün olduqca sərfəli şərtlərlə imzalanıb. Məsələn, mənfəət karbohidrogenlərinin bölgüsü dəyişməyib, yəni Azərbaycana 75%, podratçı tərəflərə 25% verilir. Bu bölgü 2050-ci ilədək dəyişməyəcək. Azərbaycanın AÇG-dəki payı iki dəfədən çox artaraq 25%-ə çatdırılıb. Müqavilə çərçivəsində tərəfdaş şirkətlər Azərbaycana 3,6 mlrd. dollar məbləğində bonus ödəyəcəklər. Yataqlardan hasil olunan səmt qazı əvvəlki kimi Azərbaycana qalacaq. 2050-ci ilədək AÇG-dən daha 500 mln. ton neft hasil ediləcək. Bu vaxtadək AÇG-yə 43 mlrd. dollar sərmayə qoyulub, bundan sonra da bir o qədər yatırılacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...