Əgər bir insan Vətəninə, torpağına bağlıdırsa, xüsusən də yaradıcıdırsa, öz ölkəsinə olan məhəbbətini yaradıcılığında da mütləq şəkildə əks etdirir
Belə şəxslərdən biri də azərbaycanlı rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfovadır. O, fəaliyyətə başladığı ilk gündən bəri kolleksiyalarında milli geyim ənənələrini, rəng çalarlarını öz üslubu çərçivəsində müasir modaya uyğun sintez edərək bənzərsiz dəb nümunələri yaradıb və yaratmaqdadır. Ölkəsinin milli mədəniyyətini qatıldığı bütün beynəlxalq moda festivallarında və moda şoularında layiqincə təmsil edir.
Azərbaycanda ilk peşəkar modelyer statusunun sahibi olan Fəxriyyə Xələfovanın xarici ölkələrdə təşkil olunmuş dəfilələri qonaqlar tərəfindən hər zaman böyük maraq və heyranlıqla qarşılanır. Ölkəmizdə moda biznesinin inkişafında əvəzolunmaz əməyi olan Fəxriyyə xanım çox arzu edir ki, milli geyimlərimiz Şərq üslubu kvalifikasıyasına daxil ola bilsin. Və o, bu yolda durmadan çalışır.
Məşhur dəb mütəxəssisi Fəxriyyə Xələfovanın publika.az-a müsahibəsini təqdim edirik:
- Azərbaycanda iş həyatında böyük nailiyyətlərə imza atmış xanımlardan birisiniz. Fəxriyyə Xələfovanın uğur formulu nədir?
- Uğur düsturumun şərtləri var: vaxtdan səmərəli istifadə etməlisən. Peyğəmbərimiz də buyurub ki, “vaxtınızın və can sağlığınızın qayğısına qalın”. Bir işin qulpundan yapışırsansa, mütləq onun nəzəriyyəsini bilməlisən, əks halda, uğura nail ola bilməzsən.
Fəaliyyətimə moda sahəsi üzrə, yaradıcılıq istiqamətində başladım. Karyeramın əvvəlində əsas məqsədlərim ondan ibarət idi ki, yaratdığım kolleksiyalar beynəlxalq podiumlarda nümayiş edilsin, müxtəlif festivallarda qalib gəlim. Hətta 2016-cı ildə Vyanada keçirilən “Fashion for Europe” layihəsində bütün Avropa moda assosiasiyalarının səsverməsi nəticəsində Qran-Priyə layiq görüldüm. Yaradıcılığımda bu kimi mərhələləri keçdim.
Modanın digər əsas tərəflərindən biri də geyimin istehsalı və biznesidir. Sözsüz ki, həyatımızı geyimsiz təsəvvür edə bilmərik. Bu, çox böyük sənayedir. Statistikalar göstərir ki, geyim istehsalı qida, neft və energetikadan sonra ən çox gəlir gətirən sahədir. Maddi baxımdan gəlirli olmasa da, əldə etdiyim ilk nailiyyətlərdən biri Azərbaycanda yerli məhsulların istehsalına marağın oyanması idi.
Bu sahədə tanınmış sima olmağıma baxmayaraq kolleksiyalarım “Made in Azebaijan” adı altında satışa çıxarılır. Sevinirəm ki, yerli məhsullara olan stereotipi dəyişə bildim. Təvazökarlıqdan uzaq olsa da, bu, mənim nailiyyətim idi.
Media orqanları, radio və teleziyalarda daim moda haqqında çıxışlar edirdim, buna görə hətta Ginnesin Rekordlar kitabına da daxil ola bilərəm. Bütün çıxışlarımda yerli məhsulların istehsalının vacibliyini və inkişafını təbliğ edirdim. Hər kəsi yerli istehsalımıza aid olan geyimlərin alıcısına çevrilməyə səsləyirdim. İstəyirdim ki, insanlar maddi imkanlarını yeri istehsalçılara xərcləsinlər.
Sonradan ətir istehsalına başlamağa qərar verdim. Bu da kütləvi məhsuldur. Ətir istehsalında daha çox nailiyyətlər əldə bildim. Çünki, bu, bizim üçün həm yeni, həm də daha geniş satış imkankarı olan sahə idi. Kosmetik məhsulların satış şəbəkələri çox olduğundan ətrimin satışını təşkil etmək mənim üçün çox rahat oldu. Lakin geyim baxımdan yerli məhsulların satıldığı şəbəkələr hələ ki yoxdur. Ticarət mərkəzlərində üstünlüyü xarici brendlər təşkil edir. Yerli brendlər üçün mağazalar açmaq iqtisadi baxımdan bir az çətindir. Buna baxmayaraq, əminəm ki, gələcəkdə yerli geyim və aksessuarların satıldığı mağazalar da fəaliyyətə başlayacaq. Hətta hazırda gözəl nəticələr də var. Məsələn, əldə etdiyim statistikaya görə, paytaxtımızda 150-dən çox moda evi fəaliyyət göstərir.
- Moda evlərinin sahibləri əsasən xanımlardır. Siz peşəkar dəb ustası kimi gənc istehsalçılara nə məsləhət görərdiniz?
- Birincisi, moda evlərinin açılması yeni iş yerləri deməkdir. İkincisi, xanımlar bununla qəlbində modaya olan həvəs və yeni ideyalarını reallaşdırmaq imkanı qazanırlar. Moda evləri özəl sifarişlər alaraq işləyir və dəb sevərləri geyimlə təmin edirlər.
Toy-nişan mərasimləri bizdə xüsusi qeyd olunur, moda evləri bu sektor üçün çalışır, həm xanımlar məşğulluq tapır, həm də maddi baxımdan özlərini təmin edirlər. Moda biznesi daha geniş inkişaf edərsə, xeyli iş yeri açılar.
Dəb elə bir prosesdir ki, dayanmadan inkişaf edir, hər mövsüm minlərlə kolleksiyalar nümayiş olunur. Hamıya onu məsləhət görərdim ki, dəblə ayaqlaşsınlar, yeni tendensiyaları mütləq nəzərə alsınlar. Yaradılan geyimlərin müasir görünüşə və son trendlərə uyğun olmasına mütləq diqqət etsinlər, dəbin nəbzini tutmaq vacib amillərdən biridir.
Məsələn, dəb bu gün qlamura meyil edə, səhəri gün tamamilə əks tərəfə - sadəliyə yönələ bilər. Dəbi izləmək üçün hər cür şərait var. Paytaxtımızda son illərdə tez-tez dəb həftələri keçirilir. Orda həm xaricdən gələn, həm də yerli dizaynerlərin çox maraqlı kolleksiyaları göstərilir. Odur ki, onun fəal iştirakçısına çevrilməyə, onları izləməyə və bəhrələnməyə dəyər.
“Daxillərində olan qorxu imkan vermir ki, qızlarını dəstəkləsinlər”
- Müasir dövrdə qadınlar, yoxsa kişilər üçün karyerada yüksəlmək daha asandır?
- Sahibkarlıqla bağlı bir çox konfranslarda iştirak edirəm. Azərbaycanda “Sahibkar Qadınlar” İctimai Birliyinin Rəyasət Heyətinin üzvüyəm və qadın komitələrinin təşkil etdiyi tədbirlərdə çıxış edirəm. Qadın sahibkarlığının inkişaf etməsi üçün orada çoxlu müzakirələr aparılır. Hesab edirəm ki, hər şey ailədən başlamalıdır. İlk növbədə çalışmaq lazımdır ki, qız övladlarına yaxşı təhsil verilsin. Sözsüz ki, təhsilin rolu böyükdür, valideynlər qız övladlarının sahibkarlıq fəaliyyətini dəstəkləməlidir.
Bizdə belə bir yanaşma var ki, qız uşaqları mütləq ya həkim, ya da müəllim olmalıdır. Nədənsə sahibkarlıq fəaliyyəti valideynlərə riskli görünür. Valideynlərin daxilində olan qorxu imkan vermir ki, onlar qızlarını dəstəkləsinlər.
Bundan başqa, hər hansı fəaliyyəti icra etməyə başlayanda ona peşəkar yanaşsınlar. Burada təhsilin yeri birincidir.
“Öz həyatımdan pay alıb bu sahəyə yönəltdim”
- Siz öz arzularınızı həyata keçirmək üçün riskli addımlar atmaq məcburiyyətində qalmısınız?
- Moda sahəsində fəaliyyətə başlamağım özü riskli addım idi. Amma buna rəğmən Azərbaycanda ilk peşəkar modelyer statusunu qazana bildim. Qeyd edim ki, ilk olaraq Biologiya fakültəsində insan beyninin neyrofiziologiyası ixtisası üzrə təhsil almışam, sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişəm. Daha sonra Türkiyədə təhsilimi davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbinə daxil oldum. Türkiyədəki təhsilimi bitirib Azərbaycana döndükdən sonra ən böyük riskim o oldu ki, icrasına başladığım sahədə mənə nə yol göstərən, nə də moda ənənələri var idi. Odur ki, beynəlxalq festivallarda və moda həftələrində iştirak etməyə başladım. Çox şadam ki, karyeramın lap əvvəlində moda əfsanəsi Pyer Kardin, Pako Raban, Valentin Yudaşkin və bir çox dizyanerlərlə görüşmüşəm. Çox çalışırdım ki, onlardan bəhrələnim.
Eyni zamanda Azərbaycan televiziya məkanında ilk moda rubrikasını da mən hazırlamışam. Moda həftələrinin görüntülərini arxivlərdə nə qədər axtarsaq da, tapa bilmədik. Onları beynəlxalq təşkilatlar vasitəsilə əldə etdim. Bu da mənim timsalımda bir nümunədir: sıfırdan başlayıb uğura nail olmaq.
- Yəqin ki, bunun üçün çox zəhmət çəkdiniz...
- Bəli, həddən artıq əmək sərf etdim. Öz həyatımdan pay alıb bu sahəyə yönəltdim. Və bundan çox xoşbəxtəm.
“Xanımlarımız 30-35 yaşlarında daha qlamur görünməyə başlayır”
- Sizcə, Azərbaycanda xanımlar neçə yaşından sonra gözəl geyinməyi öyrənirlər?
- Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm və müşahidələrim göstərir ki, gənclər idman üslubuna meyillidir. Tələbələr rahat və komfortlu geyinməyi sevirlər, onların elə vaxtıdır ki, təhsilə önəm versələr, daha yaxşı olar.
Orta statistik göstəriciləri nəzərə alsaq, xanımlarımız adətən 30-35 yaşlarında gözəl geyinməyə və daha qlamur görünməyə başlayır.
- Fəxriyyə xanım, bu, nə ilə əlaqədardır?
- Bu, həm maddi imkanlar, həm də özünüdərketmə ilə bağlı ola bilər. Səbəblər müxtəlifdir.
Orta nəslin nümayəndələri əvvəllər konservativ geyinirdilər. Son illər dəyişikliklər müşahidə edirəm. Daha əlvan rənglərə müraciət edirlər, üslubları qarışdırmaqdan qorxmurlar, orijinal geyim kombinasiyalarına üstünlük verirlər, bu da çox sevindiricidir.
Yeri gəlmişkən, geyim nə qədər əlvan və gözəl olarsa, bir o qədər müsbət emosiyalar ötürür, hətta insan sağlamlığına təsirsiz ötüşmür. Son araşdırmalarda geyimlə sağlamlıq arasında psixoloji əlaqə tapılıb. Tibb geyimlə insan psixologiyasının müalicəsinin mümkünlüyünü qəbul etmir. Lakin məşhur təbib İbn Sina xəstələrinin müalicəsini rəngli örtüklərlə həyata keçirirdi. Hər xəstəliyin öz rəngli örtüyü var idi.
- Dəb mütəxəssisi kimi fkrinizi bilmək maraqlı olardı: Sizcə, xanımların tez-tez stilində dəyişiklik etməsi vacibdir?
- Göz önündə olan şou-biznes nümayəndələri səhnə üçün imicini tez-tez dəyişməlidir. Eyni zamanda hər hansı xanımın öz stilini dərk etməsi və onu yaratması çox gözəl haldır. Bu da zövq məsələsidir. Daxili zövq duyumu olan xanımların təqdimatı da zövqlü olur. Sizi əmin edirəm ki, belə xanımlar daha çox simpatiya, rəğbət və uğur qazanır. O da həqiqətdir ki, geyim uğura aparan yollardan biridir. Müasir dövrdə geyim əsas kommunikasiya vasitələrindən biri seçilib. Lakin dəyişib-dəyişməmək hər kəsin şəxsi işidir, əgər nəticə uğurludursa, niyə də olmasın.
- Sizcə, insanın geyiminə baxıb onun ürəyindəkiləri oxumaq olar?
- Peşəkar yanaşma sayəsində mümkündür. Buna psixoloqların və modelyerlərin ortaq fikirləri ilə qərar vermək olar. Daxili dünyası zəngin olan insan da müəyyən nəticələr çıxara bilər.
Müasir dövrdə hər sahə inteqrasiyadadır, dinamik inkişafdadır. Beynəlxalq səviyyəli görüşlərdə həm yüksək səviyyəli, həm xarici qonaqlar, həm də incəsənət aləminin tanınmış simaları iştirak edir. Heç kəs istəməz ki, onun kollektivinin üzvləri səliqəsiz geyimilə diqqət çəksin. Odur ki, avanqard və digər stillərə ehtiyac duymadan dəbin klassik ənənələrindən istifadə edərək gözəl dəstlər yaratmaq olar. Eleqant görünməyə çalışan fərd ilk növbədə özünə qarşı müsbət rəy formalaşdırır.
- Fəxriyyə Xələfovanın fikrincə, bu gün Azərbaycanda məşhurlar arasında ən yaxşı geyinən xanımlar kimlərdir?
- Heç vaxt siyahı tərtib etmirəm. Bu gün geyim sənayesinin o qədər müxtəlif ideya və təklifləri var ki, bütün xanımlar özünü dəbli, yaxud gözəllik kraliçası adlandıra bilər. Təki daxilində o inam olsun. İnam hər qadına imkan verir ki, özünü daha güclü hiss etsin. Odur ki, ətrafa xoş təsir bağışlamaq hər kəsin öz əlindədir.
"Oğlum çox zövqlü insandır"
- Oğlunuz moda ilə maraqlanırmı?
- Oğlum beynəlxalq münasibətlər fakültəsini bitirib, bu yaxınlarda magistraturanı başa vurdu, hazırda isə təhsilini davam etdirmək üçün çalışır. Çox sevinirəm ki, oğlum təhsil prosesinə hər zaman çox ciddi yanaşıb, müəllimləri onu daim tərifləyir.
Moda ilə maraqlanmasa da, çox zövqlü insandır və mənə hər zaman şopinqdə dəstək olur. Kolleksiyalarım üçün xarici ölkələrdən parça alınmasında köməyini məndən əsirgəmir. Hətta aldğımız parçaların daşınmasında da iştirak edir. Bu səbəbdən də öz fəaliyyətimdə oğlumun əməyini və rolunu yüksək qiymətləndirirəm.
- İstərdim ki, bir qədər zinət əşyaları və aksessuarlar haqqında danışaq. Fəxriyyə xanım niyə, komplekt qızıl-zinət əşyaları taxmaq indi demode hesab olunur?
- Bəli, əvvəllər analarımızın və nənələrimizin bir neçə komplekt zinət əşyası olardı və illərlə hər yerə onu taxardılar. İndi dəb o qədər dəyişkən və müxtəlifdir ki, hər stilə uyğun bəzək əşyaları icad olunub. Bijuteriya adlanan sektorda da münasib qiymətə çox böyük kolleksiyalar təqdim edirlər. Seçim çoxdur, bu da bizə onları qarışdırmaq imkanı verir. Məsələn, bu gün üzərimdə olan aksessuarların bəziləri klassik, bəziləri isə etnik ənənədir.
Təbii ki, bəzək əşyaları obrazı tamamlayıb onu zənginləşdirir. Sadə qara paltarı aksessuarlar sayəsində möhtəşəm gecə geyiminə çevirə bilərik. Ümumiyyyətlə, bugünkü müasir qadın obrazını aksessuarsız təsəvvür etmək mümkün deyil.
- Hindistanın müstəqilliyinin 70 illiyi münasibətilə bu yaxınlarda Bakıda Bollivud gecələri adlı möhtəşəm konsert proqramı keçiriləcək. Həmin konsertdə sizin dəfilənizin baş tutması gözlənilir. Bu barədə məlumat verərdiniz...
- Hind filmləri uşaqlaqlıqdan ürəyimizə həkk olub. Elə indi də o filmləri izləyirəm. Hindistan möhtəşəm ölkədir, onun hər bir guşəsi tarixi, mədəni, memarlıq və təbiət abidələri ilə məşhurdur. Müxtəlif dinlərin, qarışıq mədəniyyətlərin, ənənələrin vəhdəti ölkəyə xüsusi kolorit və təkrarolunmaz gözəllik verir. Bizi birləşdirən ortaq buta naxışımız da var. Araşdırmalar göstərir ki, butanı Azərbaycana hind səyyah və tacirləri gətirib. Sonralar bu naxış bizdə inkişafını tapıb, beləliklə də onun müxtəlif forma və öz fəlsəfəsi yaranıb. Buta mənim yaradıcılığımda da önəmli yer tutur. İstər-istəməz moda yaradıcılığımda hər zaman hind stilinə də müraciət etmişəm. Əslində bu stil istər Avropanın, istərsə də Amerikanın ən məşhur dizyanerlərinin kolleksiyalarında da öz əksini tapıb.
“Bollywood Night” gecəsində hind stilinə uyğun bir neçə geyim təqdim edəcəm. Həmin gecənin ən qeyri-adi libası Avropa və Hindistan üslububa aid olan gəlinlik olacaq. Söz verirəm ki, qonaqlar konsert üçün hazırladığım dəfilədən böyük zövq alacaq.
- Hindlilərdə xortumu yuxarı olan fil fiqurları uğur simvolları sayılır. Siz belə simvolların gücünə inanırsınızmı?
- Psixologiya mütəxəssisi olduğumdan simvollara elmi tərəfdən yanaşıram. Simvolara hər zaman batil inanclar kimi baxmışam. Mən hər zaman yalnız və yalnız öz ağlıma, düşüncələrimə və ideyalarıma üz tutmuşam. Bilirəm ki, onların nəticəsində nailiyyətlər əldə etmişəm.
Hindistanda olanda filləri sevdiyim üçün simvolik olaraq belə suvenirlər gətirmişdim, onlar bu gün də evimdədir. Belə suvenirlərə sadəcə müsbət emosiyalar bəxş edən aksessuar kimi baxıram. Ümumiyyətlə, simvollara heç vaxt inancım olmayıb, inandığım və pənah apardığım tək bir qüvvə var, o da Allah- Təlaladır.
- Bir parfumer kimi sevgi, uğur və xoşbəxtlik sizdə hansı qoxu ilə assosiasiya olunur?
- Çox maraqlı sualdır. Qoxu elə anlayışdır ki, yaşadığımız anları beynimizə həkk edir və onu tərənnüm edir. Bütün emosiyalarımı birinci istehsal etdiyim “Nuray” ətrimdə göstərdim. Onun flakonu hər tərəfdən baxanda ürək simvoludur. Həmişə deyirəm ki, hər flakonda ürəyimin bir parçasını qoymuşam. Yaxınlarıma və sevdiklərimə olan hisslərimi və münasibətimi ətirlər vasitəsilə bildirdim. Yəni, bu duyğular məndə öz ətrimlə assosiasiya olunur.
“Bəlkə də ona görə gözlərimdə belə bir ifadə var...”
- Fəxriyyə xanım, gözlərinizin rəngi çox gözəldir. Necə düşünürsünüz, yaşıl gözlü insanlar başqalarından nə ilə fərqlənir?
- Göz rənginin insan xarakterinə təsiri haqqında yazılar çox oxumuşam. Məncə, fərq etməz. Əsas insanın qəlbində və beynində olan xoş düşüncələrin gözlər vasitəsilə ötürülməsidir. Gözəllik anlayışını çox araşdırmışam və bu barədə çıxışlarım da olub. Daxili aləmin əsas amilləri niyyət və amalın, təşəbbüs və ideyaların gözəlliyidir. Hər zaman xoşniyyətli insan olmuşam, gözəlliyin inkişafı ilə məşğul olmuşam, bəlkə də ona görədir ki, gözlərimdə belə bir ifadə var.
- 2017-ci il sizin üçün nə ilə yadda qaldı?
- Şəxsi həyatımda ağır itki yaşadım, anam - Rəfiqə xanım Əliyeva vəfat etdi. Onun ölümü məni çox sarsıtdı...
Karyeramda yaddaqalan önəmli hadisə o oldu ki, iyul ayında Parisdə Yüksək Moda Həftəsi çərçivəsində keçirilən və Şərq dəbinin təbliği üçün təşkil olunmuş “l`Oriental Fashion Show”da geyim kolleksiyam nümayiş olundu. Bu dəb şousu dünyanın ən gözəl hotellərindən birində keçirilmişdi, oraya həm çox sayda qonaqlar, həm də moda mətbuatı toplaşmışdı. Belə festivallarda iştirak edəndə öz üslubuma dünyanın mediası vasitəsilə baxıram. Onların yaradıcılığım haqqında çox maraqlı reportajlar hazırlaması mənim üçün çox əhəmiyyətli hadisədir. Bu festivallar bir növ sınaqdır, özüm-özümə belə imtahanlar hazırlamağı sevirəm.
Digər tərəfdən də modelyer kimi öz ölkəmi təmsil edirəm. Bütün açıqlamalarımda Azərbaycandan gəldiyimi xususi vurğulayıram. Bildiyiniz kimi, kolleksiyalarımda ölkəmizin milli geyim ənənələrini, rəng çalarlarını öz üslubum çərçivəsində müasir dəbə uyğun sintez edərək göstərirəm.
Adətən şərq üslubu dedikdə dünya mətbuatında Hindistan, Çin, Yaponiya və ərəb ölklərinin geyimləri yada düşür. Şərq üslubunun əsas yaradıcıları onlar hesab olunur, burada Azərbaycanın adı sadalanmır. Bunun üçün təəssüflənirəm və başa düşürəm ki, biz bu missiyanın yerinə yetirməliyik. Bizim milli, tairixi və ənənəvi geyimlərimiz də şərq üslubunun kvalifikasiyasına daxil edilməlidir. Bunu çox vacib məsələ sayıram. Öz kolleksiyalarımı yaradanda bunları mili geyim elementləri ilə əks etdirirəm. Eyni zamanda başa düşürəm ki, bu istiqamətdə hələ çox işlər görməliyik. Nəşrlər, filmlər, təqdimatlar olmalıdır ki, Azərbaycan milli geyimləri şərq üslubu kvalifikasiyasına düşə bilsin. Bu, həm ölkəmiz, həm də milli mədəniyyətimizin təbliği üçün önəmli addımlardır.
“Anam məni heç vaxt tərifləməzdi, amma... ”
- Akamedik Rəfiqə Əliyeva böyük bir nəslin nümayəndəsi - Ulu Öndər Heydər Əliyevin bacısı idi. Maraqlıdır ki, Rəfiqə xanım ana kimi necə insan idi? Qızlar adətən anaları ilə dost olur, bütün problemlərini ona danışırlar. Sizin münasibətləriniz necə idi?
- Həm rəsmi tədbirlərdə, həm də xatirə gecələrində çıxış edəndə həmişə vurğulayıram ki, Rəfiqə xanım üç övladının həyatının əsas müəlliməsi idi. İnsanın formalaşmasında təhsil müəssələrində bizə dərs deyən müəllimlərin böyük rolu var. Amma həyatımızın əsas müəllimi analardır. Anam sözün əsl mənasında müəllimə idi, onun təkcə bizə deyil, bütün tələbələrinə, eləcə də elm sahəsində yetişdirdiyi alimlərə qarşı çox gözəl pedaqoji yanaşmaları var idi. Ümumiyyətlə, hamıya qarşı çox gözəl münasibət göstərirdi. Biz də onun gözəl münasibətindən bəhrələnmişik. İnsani keyfiyyətləri o qədər ali idi ki, onu hamı hiss edirdi. Təbii ki, bizim üçün müqəddəs idi. Son anına qədər çalışırdı ki, bizə nəsə öyrətsin. Paralel olaraq mahir pedaqoq kimi müxtəlif üsullarla bizə həyatı dərk etdirməyə çalışırdı. Çox gözəl alim, çox gözəl psixoloq və çox gözəl insan idi.
- Hazırladığınız geyimləri bəyənirdimi?
- Ümumiyyətlə, məni çox sevirdi. Bacımı və məni heç vaxt tərifləməzdi, amma baxışlarından hiss edirdik ki, bizimlə qürur duyur. Mənə uzun-uzun baxmaqdan zövq alırdı. Ən böyük dəstəkçimiz idi. Heç vaxt anam tərəfindən özümüzə qarşı laqeyd münasibət görməmişik. Çox böyük intuisiyaya malik idi. Rəfiqə xanımın həm tələbə ordusu, həm də həmkarları etriaf edir ki, onların həyatında müəllim kimi böyük rolu olub.
Akademik səviyyəsinə qədər yüksələ bilmişdi. Analitik kimya sahəsində yeganə və ilk akademik qadındır, saysız-hesabsız dərslik kitablarının müəllifidir. O, elm fədaisi, ağıl fədaisi idi.
- Ruhu şad olsun... Maraqlı söhbət və dəyərli müsahibə üçün minnətdaram. Sizin moda haqqında fikirlərimizi öyrənnmək və onlardan bəhrələnmək xoşdur. Çox sağ olun ki, onları bizimlə paylaşırsınız...
- Təşəkkür edirəm, bu, mənim vəzifəmdir.
MilliYol.Az
Digər xəbərlər
loading...