Layihənin icrasına 17 milyon manat vəsaitin sərf olunacağı nəzərdə tutulub
Lənkəran rayonunda yeni çay plantasiyası salınıb.
"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Osakücə kəndində yeni çay plantasiyasının salınması üçün həyata keçirilən layihənin icrasına 17 milyon manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.
Artıq bu vəsaitin 5 milyon manatı təsərrüfata yatırılıb. Bu məqsədlə təsərrüfat üçün ən müasir tələblərə cavab verən maşın-mexanizmlər, traktorlar alınıb, yeni texnologiya ilə işləyən suvarma sistemi qurulub, sututar stil bərpa edilib, ərazidə şitillik təsərrüfatı yaradılıb və 1 milyona qədər yerli şəraitə uyğun çay şitili yetişdirilib. Eyni zamanda ilkin olaraq 50 hektar istifadəsiz torpaq sahəsi hamarlanaraq şumlanıb və əkinə hazır vəziyyətə gətirilib.
Oktyabrın 31-də yeni salınmış və 150 nəfərdən çox yerli sakinin daimi işə cəlb olunduğu plantasiyada ilk əkin keçirilib. Əkin prosesini Lənkəran ŞİH başçısı Taleh Qaraşov da iştirak edib.
2018-ci ildə ərazidə çay plantasiyalarının həcmi 150 hektara, yaxın gələcəkdə isə 1000 hektara çatdırılacağı və “Made in Azerbaycan” brendi ilə dünya standartları səviyyəsində çay məhsulları istehsal etməkdən ötrü modern texnologiya ilə işləyəcək yeni çay emalı fabrikinin tikiləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin sentyabr ayında Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvə istehsalı məsələlərinə dair respublika müşavirəsində çayçılığın inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Bu vəzifələrin icrasından ötrü həyata keçirilən işlər artıq geniş vüsət alıb. Rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait aqrar bölmənin aparıcı istiqamətlərindən olan çayçılığa hətta xarici investisiyanın təşviqini də sürətləndirib. Nəticədə çayçılıq sahəsində əsil canlanma yaranıb.
MilliYol.Az
Digər xəbərlər
loading...