“Azərbaycan bu il iki mühüm hadisənin şahidi oldu. Bunlardan birincisi “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, digəri isə Bakı-Tiflis-Qars dəmir yolunun açılışıdır. Bunlar Azərbaycanın tarixi addımlarıdır”
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, Heydər Əliyevin qarşıya qoyduğu məqsədlər addım-addım, əziyyətlər hesabına həyata keçirilir: “Bu layihələr ölkə başçısının böyük əziyyəti, qətiyyəti, iradəsi hesabına reallaşır. Bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılan addımlardır. Mən hər iki müqavilənin imzalanma mərasimlərində iştirak etmişəm və buna görə çox xoşbəxtəm. O zaman bunu xülya adlandırırdılar. Lakin tarix sübut etdi ki, həmin şəxslərin düşüncəsi xülyadır. Azərbaycanın ümummilli liderinin uzaqgörən siyasəti 25 ildən sonra həmin şəxslərə başa saldı ki, atılan addımlar nə qədər düzgün və vaxtında atılıb. Vaxtilə bu müqavilələri bəyənməyənlər, səmərəli adlandırmayanlardan Milli Məclisdə oturanlar var və onlar indi bu müqavilələri dəstəkləyirlər. Azərbaycan prezidentinin atdığı hər adım xalqımızın mənafeyinə hesablanan addımlardır”.
S. Novruzovun sözlərinə görə, Azərbaycan dünyada öz sözünə əməl edən dövlət, ölkə başçısı isə sözünün üstündə duran prezident kimi qəbul olunur və dəstəklənir: “Bu gün də ölkədə quruculuq, abadlıq işlərinə xüsusi önəm verilir. Azərbaycanda 3 mindən artıq məktəb, eləcə də zavodlar, fabriklər, yollar, körpülər tikilib. Bütün bunlar bu müqavilələrin sayəsində əldə olunan maliyyə hesabına başa gəlib”.
MilliYol.Az
Digər xəbərlər
loading...