Ölkədə qiymətlər bir illikmüəyyənləşə bilərmi? Supermarketlər “mümkün deyil” deyirlər
Xəbər verdiyimiz kimi, ötən həftə “The Guardian” qəzeti Fransada kərə yağı qıtlığı və onun səbəbləri barədə materialla çıxış edib. Materialda qeyd olunur ki, Fransada aylardır əhali və şirniyyatçılar kərə yağının qıtlığından əziyyət çəkir. Hətta yerli mətbuat qıtlığın İkinci Dünya müharibəsindən bəri ən yüksək həddə çatdığını yazır.
Qıtlığın səbəbi isə istehsalçılarla satıcılar arasındakı anlaşmadan irəli gəlir. Belə ki, iri supermarket şəbəkələri istehsalçılarla qiymətə dair 1 illik müqavilə imzalayır, bütün il ərzində istehsalçının xərclərinin artıb-azalmasından asılı olmayaraq, məhsulu həmin qiymətə alırlar. Buna görə də hökumətin istehsalçılara qiyməti artırmağa icazə verməsi də vəziyyəti dəyişmək üçün yetərli olmayıb. İstehsalçılar pərakəndə satışla müqavilələrinə görə daxildə qiyməti artıra bilmədikləri üçün məhsulu xaricə satmağa üstünlük veriblər.
Məlumat üçün bildirək ki, Fransa, Böyük Britaniya və digər bir sıra Avropa ölkələrində pərakəndə satışın 90-95 faizi iri şəbəkə supermarketlərinin əlindədir. Bu isə pərakəndə satış şəbəkəsində qiymət siyasətinin onlar tərəfindən müəyyənləşməsinə gətirib çıxarır.
Onu da bildirək ki, son illərdə Azərbaycanda, daha doğrusu, Bakı və Abşeronda da pərakəndə ticarətdə şəbəkələşmə sürətlə genişlənməkdədir. Bəzi məlumatlara görə, artıq Bakıda pərakəndə satışın 50 faizə qədəri şəbəkə marketləri ilə həyata keçirilir. Bu şəraitdə yerli ticarət şəbəkələri də qiymətlərin ildə bir dəfə müəyyənləşməsi praktikasını tətbiq edə bilərlərmi?
“Araz” supermarketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev sualımıza cavab olaraq bildirdi ki, qiymətləri onlar deyil, istehsalçılar müəyyənləşdirir: “Məhsulların qiymətlərini marketlər müəyyən etmir. Biz istehsalçı ilə istehlakçı arasında körpü rolunu oynayırıq. Ümumilikdə satılan bütün məhsulların qiymətləndirilməsini istehsalçı şirkətlər müəyyən edir. O qiyməti də bazar formalaşdırır. Biz bu məsələdə əsas tərəf deyilik.”
“Bazarstore” supermarketlər şəbəkəsinin sahibi, ölkənin əsas ərzaq məhsulları istehsalçısı olan “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov isə qeyd etdi ki, qiymət tənzimləmələri iqtisadiyyatda olan inflyasiya və yaşanan devalvasiyalarla əlaqəli olaraq həyata keçirilir: “Avropa ölkələrində iqtisadiyyatın təmərküzləşməsi və iqtisadi sabitliyin daha uzunmüddətli olmasını nəzərə alsaq, qiymətlərdə dəyişmələr Azərbaycana nisbətən az olur. İkincisi isə Azərbaycanda fəaliyyət göstərən mağazalar şəbəkəmizdə 35 mindən çox çeşiddə məhsul satılır ki, bu məhsulların maksimum 20-30 faizi bizim məhsullardır. Qalan məhsullar isə fərqli sahibkarların istehsal və idxal etdiyi məhsullardır ki, o məhsulların da qiymətinə biz müdaxilə edə bilmərik.”
Departament rəhbəri onu da bildirdi ki, Fransada marketlərdə qoyulan marja 30-50 faiz arası dəyişir. İllik inflyasiya isə maksimum 2-3 faiz olur. Azərbaycanda isə marja 5-16 faiz təşkil edir, inflyasiya Fransaya nisbətən daha yüksəkdir.
Əlavə edək ki, Azərbaycanda əksər məhsulların idxal olunması hələlik Avropa təcrübəsinin tətbiqinə problem yarada bilər. Lakin pərakəndə ticarətdə supermarket formatında şəbəkələşmənin sürətlənməsi yaxın illərdə ən azı daxildə istehsal olunan məhsullar üzrə analoji qiymət siyasətinə keçilməsinə imkan verə bilər. Bu, o zaman mümkündür ki, istehsalçı şirkətlər həm də pərakəndə satışı həyata keçirməsinlər.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...