Bu gün Azərbaycanda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsinin yalnız 4-5-nin infrastrukturu standartlara cavab verir. Məhz buna görədir ki, ölkəmizin universitetləri beynəlxalq reytinq siyahılarında irəliləyə bilmirlər.
MilliYol.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə kampusların yaradılması məsələsi dəfələrlə müzakirəyə çıxarılıb:
"Hətta paytaxtın mərkəzində yerləşən universitetlərin şəhərdən kənara köçürülməsi də gündəmə gətirilib. Çünki 2013-cü ilin oktyabrında təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın dördüncü istiqaməti məhz müasir tələblərə cavab verən, təhsil prosesində fasiləsizliyi təmin edən müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur. Bundan başqa, "Təhsil haqqında" qanuna görə kampus müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi, başqa sözlə, şəhərciyidir. Sənədə əsasən, ölkədə müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında fəaliyyət göstərə bilər. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında da ali təhsil müəssisələri üçün kampuslar və müvafiq texnoparkların yaradılması tövsiyyə olunur".
Təhsil eksperti qeyd edib ki, Nazirlər Kabinetinin Torpaq Məcəlləsi ilə əlaqəli bəzi normativ hüquqi aktları haqqında qərarının 4.6-cı maddəsi akademik şəhərciklərə, elmi-tədqiqat mərkəzlərinə, konstruktor bürolarına aiddir:
"Sənəddə eyni zamanda akademik şəhərciklərin ya şəhərdən kənarda xüsusi ayrılmış ərazilərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan peyk-şəhərlərində yerləşməli olduğu göstərilib. Şəhərlərdə akademik şəhərciklər kitabxanalar, tipoqrafiyalar, mühəndis-texniki infrastruktur, yollar və yaşıllıqlar daxil olmaqla, vahid planın strukturuna uyğun yerləşməlidir. Tələbə şəhərcikləri, ali və orta təhsil zonaları haqqında 4.7-ci maddə özündə liseyləri, texniki peşə məktəblərini, institutları birləşdirir. Tələbə şəhərcikləri də akademik şəhərciklər kimi, ya şəhərdən kənarda xüsusi ayrılmış yerlərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan kənar qəsəbələrində yerləşməlidir. Bu halda sərnişin tutumu çox olan nəqliyyat vasitələri ilə təminat da nəzərdə tutulmalıdır. Şəhərciyin yataqxanaları kompleks çərçivəsində olmalıdır. Bu zona elmi-tədqiqat kompleksi, kitabxana, texniki və mədəni-məişət strukturu, idman kompleksi, istirahət zonası və piyadaların gəzintisi üçün zolaqlarla tam komplektləşdirilməlidir. Eyni zamanda, texniki peşə məktəbləri profilinə uyğun sənaye obyektlərinə yaxın ərazidə yerləşə bilər".
K.Əsədov vurğulayıb ki, əgər universitetlər kampus halında fəaliyət göstərsələr, bu zaman tələbələrin təhlükəsizliyi də həll olmuş olar:
"Çünki böyük əksəriyyət tələbələr təhsil aldıqları universitetlərdən uzaq məsafədə yaşayırlar və dərsə gəlmək üçün bir neçə nəqliyyat vasitəsindən istifadə edirlər. Bu zaman yol nəqliyyat hadisələri qaçılmaz olur. Bir neçə ay öncə Bakı–Sumqayıt yolunda baş vermiş faciəli yol nəqliyyat hadisəsi buna əyani sübutdur. Bundan başqa kirayə yaşayan tələbələrin yaşadıqları yerlərdə normal oxumaları və yaşamaları üçün şərait demək olar ki, olmur. Kirayə evlər təhsil mühitinə yaddır. Lakin tələbələrin birlikdə yaşayacağı, ancaq tələbələrdən ibarət olan şəhərciklərdə məskunlaşdırılması bir çox mənfi halların aradan qalxmasına, təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.
Etiraf edək ki, ali məktəblərimizin çoxu paytaxtın mərkəzində yerləşdiyindən hazırda onların əksəriyyəti üçün kampus yaratmaq mümkünsüzdür. Bu səbəbdən kampus yaratmaq istəyən məktəblər üçün Bakı ətrafında və bölgələrdə torpaq sahələrinin ayrılması vacib sayılır".
Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində ali təhsil müəssisələri üçün universitet şəhərçikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrində distant təhsilin geniş tətbiqi təhsilin prioritet istqamətləri sırasına daxil edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...