Eldar Mahmudovun həbs xəbərlərinin ardından onun ölümü haqda iddialar da təsdiqlənmədi. 1 il əvvəl meydan sulayan, sahibkarlara, dövlət qurumlarının rəsmilərinə qan udduran milli təhlükəsizlik nazirinin öldü-qaldısından rəsmi xəbər yoxdur. Onun ölüm xəbəri yayılanda həyat yoldaşı Tahirə Mahmudova dedi ki, ərinin səhhətində problemlər var, Eldar Mahmudovun ölüm xəbəri yalandır.
Amma yenə də müəmmalar davam edir; məlum deyil ki, sabiq nazir haradadır. O, səhhətindəki problemlərin aradan qaldırılmasını harada, hansı həkimlərə etibar edib. Fakt odur ki, 2015-ci il oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılan Eldar Mahmudovun bu günə qədər harada olduğu bilinmir. Ara-sıra onun həbsi, xarici mətbuata məlumatlar ötürməsi xəbərləri üzərindən sabiq nazirin sağ olması haqda nəticələr çıxarmağa əsas verən məlumatlar yayılır. Bəlkə həmin məlumatlar bilərəkdən yayılır?
Eldar Mahmudovun qəfil “ölümü” sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilmişdi. Nazirin öldüyü haqda xəbərləri onun aradan götürülməsinə görülən hazırlıq kimi qiymətləndirənlər də az deyildi.
Hətta belə iddialar da vardı ki, Eldar Mahmudov ölüb, onun meyitini gizli şəkildə Naxçıvana aparıb orada dəfn ediblər. Sabiq nazirin Naxçıvanda dəfn edilməsi muxtar respublikada qohumlarının-yaxınlarının məzarlarının olması ilə izah olunurdu. Sabiq nazirin gizli şəkildə dəfn edilməsi isə onun düşmənlərinin məzarına ziyan vura bilməsi ehtimalı ilə əlaqələndirilirdi...
Məsələ ondadır ki, Eldar Mahmudov 2004-cü ildə vəzifəyə təyin ediləndən sonra onun düşmənlərinin sayı durmadan artıb. Günahı, suçu pul qazanmaq olan iş adamlarını Eldar Mahmudovun hüzuruna aparıb döyüblər, işgəncə veriblər, ailələrini dağıdıblar. Bütün bunlar 1 məqsədə xidmət edib - pul qoparmaq. Və illər ötdükcə iştah artıb, nahaq yerə döyülənlər, həbsə atılanlar, şikəst, zəlil gününə salınanlar çoxalıb, orduya çevrilib. 2015-ci il oktyabrın 17-də verilən qərarı həmin adamların sırasından sağ qalanlar illərcə gözləyiblər. Bu adamlar Eldar Mahmudovun üzərində ədalətli məhkəmə gözləntilərinin doğrulacağı bir vaxtda onun ölüm xəbəri gəlib. Belə bir şəraitdə sabiq nazirə yönələn qəzəb, kin-küdurət əsəbləri tarıma çəkilmiş, milyonları əllərindən çıxmış, bir anın içində həyatın dibinə atılmış insanların diqqətini sabiq nazirin ölümünə yönələ bilərdi...
Yada salaq ki, 2004-cü ildə vəzifəyə təyin ediləndən 7-8 ay sonra, 2005-ci ilin martında Eldar Mahmudovun rəhbərliyi ilə “Qara Kəmər” əməliyyatı həyata keçirildi. Həmin əməliyyatla illərlə bağlı qalan adam oğurluqları və sifarişli qətl işlərinin bir qisminin üstü açıldı. Əməliyyat E.Mahmudovun özünü milli təhlükəsizlik naziri kimi təsdiqləməsinə, qara kəmərini açıb kreslosunda əsaslı şəkildə oturuşmasına, qara əməllərini həyata keçirməsinə yol açdı.
Məlum oldu ki, adam oğurlayan bandaya DİN-in zabiti olmuş Hacı Məmmədov rəhbərlik edib. Həmin Hacı Məmmədov məhkəməsində bir epizod üzrə danışarkən fikrini “ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı” sualı ilə davam etdirmişdi. Eldar Mahmudovun şəxsi arestantına çevrilmiş Hacı Məmmədovun bu sualını bir qədər başqa formada söyləsək, “ölübsə, meyiti hanı, diridirsə, hardadır” şəklində verə bilərik...
MilliYol.Az
Digər xəbərlər
loading...