Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
“Report”un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Ç.Abdullayev özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini deyib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində Tofiq Zülfüqarov ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını, onunla telefon əlaqəsinin olduğunu qeyd edib: “Çingiz Abdullayevin oğlu Loğman məni aldadıb. Çingizin bu işdə əlinin olub-olmamasını bilmirəm. Onu deyə bilərim ki, oğlu mənim pullarımı ölkədən çıxarıb. Qazaxıstanda mənim pullarımla əmlak əldə edib”.
T.Zülfüqarov bildirib ki, Ç.Abdullayevin oğlu Loğman Abdullayev onun ələ keçirdiyi 3.5 milyon manat pulundan yalnız 1.6 milyon manatı geri qaytarıb. O, pullarının geri qaytarılmasını tələb edib.
O, hadisə zamanı maşınının qabağı kəsildiyini və qaçırıldığını söyləyib: “Evimin qabağında qarşımı kəsdilər. Loğman çibindən vəsiqə çıxarıb, öznü MTN əməkdaşı kimi təqdim etdi. Sonra məni maşına qoyub apardılar. Maşında Emin və Pərviz vardı. Həzi Aslanova gəldik və mənə dedilər ki, “sənin evində əmanət var, Avropa Oyunları qabağı terrrorla bağlı bizə məlumat daxil olub”. Sonra mənim yaşadığım mənzilə daxil olduq. Evdə Olqa da yaşayırdı. Seyfdən pulları çıxartdım. Həmin pullardan 100 min dolları özümə götürdüm. Digər 3.4 milyon dolları Loğmana verdim. Sonra məni özləri ilə apardılar. Ondan soruşdum ki, “Loğman, sən kimsən”? O, MTN kapitanı olduğunu dedi və bildirdi ki, “sevin ki, generalın əlinə düşməmisən”. Mənim işimi həll edəcəklərini söylədilər”.
Prokuror zərərçəkmişə sual verib ki, “sənin nə işin var idi ki, ondan qorxurdun”.
T.Zülfüqarov isə heç bir gizli işinin olmadığını, həmin zaman MTN əməkdaşlarının bir neçə şəxsi tutduğu üçün qorxduğunu söyləyib: “Buna görə onlarla razılaşdım. Məni dörd gün evdə saxladılar. Yemək-içmək verdilər. Sonra Loğman mənə dedi ki, “sənin işin araşdırılır, lakin indi səni xaricə göndərəcəyik”. Biletimi alıb xaricə getdim”.
O qeyd edib ki, Ç.Abdullayevlə telefon danışığından sonra Qazaxıstanda həmin puldan 290 min manatı dostuna verib.
Ç.Abdullayev 290 min manat pulu T.Zülfüqarova qaytardığını deyib: “Amma mən həmin 290 min manatı iş qurmaq adı ilə vermişəm. Bu işlə heç bir əlaqəsi yoxdur. Oğlumun apardığı pulla bağlı olduğundan xəbərsiz olmuşam. Mənim Tofiqlə heç bir ədavətim yoxdur”.
Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımov saxlanılıb.
Nərimanov Rayon Məhkəməsində Fərhad Tağıyev, Ruslan Hacıyev və Tural Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Həmin şəxslər Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib və cəzalar azaldılıb. Belə ki, 18 il müddətinə azadlıqdan məhrum edilən L.Abdullayevin cəzası 15 ilə, 16 il müddəyinə azadlıqdan məhrum edilən E.Qasımovla P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib.
Şərti cəza alanlar – F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb. Qərarda qeyd olunub ki, birinci instansiya məhkəməsi cəzaları düzgün hesablamayıb.
Xatırladaq ki, L.Abdullayevin atası Çingiz Abdullayev Qazaxıstanda həbs edilib. O daha sonra Azərbaycana ekstradisiya edilib. Ç.Abdullayev də CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...