Bir neçə gündür ki, Bakı Olimpiya Stadionunda "Azarkeşlər zonası"nın yaradılması ilə bağlı mətbuatda məlumatlar yayılır. Həmin məlumatlarda bildirilir ki, "Sport Marketing Group" (SMG) adlı şirkətin təşkil etdiyi "Azarkeşlər zonası"nda futbolsevərlər 6-7-10 iyulda Avropa çempionatının yarım final və final oyunlarını açıq havada, böyük ekranda pulsuz izləmək imkanı qazanacaqlar. Burda azarkeşlərə piknik ab-havasında futbolu izləmək imkanı yaradılacaq. Olimpiya stadionunda "Piknik zona" və "Pab zona" fəaliyyət göstərəcək.
Birdən-birə hardan çıxdı bu "Sport Marketing Group" adlı şirkət? Özlərinin də elan etdiyi kimi SOCAR-ın himayəsində yaradılan şirkətə konkret olaraq kimin və ya kimlərin rəhbərlik etməsi bəlli deyil. Tələm-tələsik bir sayt yaradan, kim olduğu bilinməyən bu qeyri-peşəkar təşkilatçılar tendersiz-filansız belə bir layihənin icrasına başlayıblar. Yüzmilyonlarla manatın xərcləndiyi Olimpiya stadionunu restorana - daha doğrusu sosisxanya, pivəxanaya çevirməyə hazırlaşırlar.
Layihənin maliyyə tərəflərinə keçməzdən əvvəl yer seçiminin absurdluğunu qeyd etmək yerinə düşər. Məlum olduğu kimi Bakı Olimpiya stadionu şəhərin mərkəzindən kənarda yerləşir. Avropa çempionatının yarımfinal və final matçları isə Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Bu isə qarşılaşmalar ən yaxşı halda saat 00.50-də (əlavə vaxt olacağı halda qarşılaşma daha 30 dəqiqə uzanacaq) başa çatacaq. Gecə saat 01.00-da futbola baxan azarkeş evinə hansı nəqliyyat vasitəsi ilə qayıdacaq?
Məsələnin maliyyə tərəflərinə gəlincə, SMG SOCAR-ın törəmə təşkilatı hesab olunur. Bu isə onun neft şirkəti tərəfindən maliyyələşməsi deməkdir. Dünya bazarlarında neftin 50 dollardan da aşağı düşdüyü, ölkədə maliyyə böhranı yaşandığı bir vaxtda bu cür mənşəyi və məqsədi bəlli olmayan layihələr kimə lazımdır? Öz büdcəsini təmin edə bilməyən, layihələrini reallaşdırmaq üçün Kanadadan, Rusiyadan milyardlarla dollar kredit götürən SOCAR pulları niyə hansısa məmurun övladlarının kef məclislərinə xərclənməlidir? SOCAR rəhbərliyinin bu hazıryeyənləri bəsləməsinin səbəbi nədir? Və yaxud, Dövlət Neft Şirkətinin rəhbərliyi bu pulları Azərbaycan futbolunun inkişafına sərf edə bilməzdimi? Bilərdi, amma nə hikmətdisə, yenə məmur balalarının kef məclisləri Azərbaycan futbolunun inkişafının üstündə dayanır.
Başqa bir məqam. Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Azərkeşlər zonası"nda təhlükəsizliyə görə kim cavabdeh olacaq? Yəqin ki, hansısa mühafizə xidmətinin 3-4 əməkdaşı. Bəs burda hər hansı bir qarışıqlıq olsa, hansısa bir azarkeş yenə ayaq altında qalsa, buna görə kim cavab verəcək? SMG rəhbərliyi bu məsuliyyətin altına necə girəcək?
Bir şeyi də qeyd edəcək SMG bu layihəni əvvəlcə Gürcüstanda həyata keçirirdi (Təbii ki, SOCAR-ın pulu ilə). Elə bu səbəbdən tənqid olundu ki, Azərbaycanın pulları ilə gürcülərə futbol keyfi yaşadırlar. İndi də bizə eyni keyfi yaşatmaq istəyirlər. Amma həm öz cibimizi soymaqla, həm də dövlətin pullarını havaya sovurmaqla...
...Bir müddət əvvəl Bakı Olimpiya Stadionunu toyxanaya çevirmək qərarına gəlmişdilər. Yüzmilyonlarla vəsaitin xərcləndiyi, Avropa oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edən arenada Üzeyrin mahnılarını, Can-Cana səsləndirib toy etmək istəyənlərin mağarı boş qaldı deyə, indi də sosisxana açmaq qərarına gəliblər. Sabah Bakı Olimpiya Stadionunu yasxayana, qumarxanaya çevirsələr, heç də təəccüblənməyin... (sport7.az)
MilliYol.Az
Digər xəbərlər
loading...