Con Makkeyn
The New York Times (ABŞ), 24.10.2017
The New York Times (ABŞ), 24.10.2017
Bu ay Kərkük ətrafında İraq təhlükəsizlik qüvvələri ilə kürd könüllüləri arasında baş vermiş toqquşma xüsusən də Birləşmiş Ştatların kürdlərlə çoxdan dostluq etməyi səbəbindən ciddi narahatlıq doğurur. Bu toqquşmalar bizə daha irimiqyaslı və təşvişli gerçəkliyi göstərir: İŞİD-ə qarşı mübarizədə taktiki uğurlara baxmayaraq, əvvəlki kimi Birləşmiş Ştatların Yaxın Şərq haqqında hərtərəfli və kompleks strategiyası yoxdur. Obama administrasiyasının öz varisinə buraxdığı kədərli miras bu cürdür. Prezident Tramp bu ay İranın Yaxın Şərqə fəlakətli təsirinə qarşı müqavimət üçün daha geniş strategiya hazırlamağa çağırıb. Bu, nikbinlik doğurur, çünki administrasiyanın mövcud problemi etiraf etdiyindən xəbər verir.
Lakin bu bəyanatdan bir neçə gün sonra məlumat meydana çıxıb ki, İslam İnqilabı Keşikçilərin Korpusunun tərkibindəki “əl-Qüds” elit bölmələrinin komandiri Qasım Süleymani Kərkük civarına gəlib və kürd mövqelərinə İraq təhlükəsizlik qüvvələrinin güclənməsinə əlavə edilən və İranın dəstəyindən yararlanan iraqlı döyüşçülərin iştirak etməli olduğu hərbi hücum hazırlayıb. Bu hücum başlayanda isə İraqın bəzi bölmələri hərbi əməliyyatlarda Birləşmiş Ştatların tədarük etdiyi hərbi texnikadan istifadə ediblər.
Bu cür durum qətiyyən yolverilməzdir. Birləşmiş Ştatlar Amerikanın bu bölgədə ən etibarlı və döyüş qabiliyyətli tərəfdaşı olan İraq kürdlərinə hücum üçün deyil, İŞİD-lə vuruşmaq üçün İraq hökumət qoşunlarına təlim keçib və silah tədarük edib. Amerikanın kürdlərlə alyansı onları onilliklər boyu həm İraq daxilində, həm də xaricdən hücumlardan qoruyub və eyni zamanda Amerika təhlükəsizliyinin milli maraqlarına yardım edib. Kürdlər son illərdə ABŞ-ın daha yaxın müttəfiqi olub və onunla birgə İŞİD-ə qarşı vuruşublar.
Fikrimi son dərəcə aydın və dəqiq şəkildə ifadə edirəm: Bağdad İraq kürdlərinin təhlükəsizlik, azadlıq və ən yaxşı yaşayış zəmanəti verə bilmirsə və Birləşmiş Ştatlar İran dəstəyindən yararlanan dəstələrlə kürdlər sırasından çoxdankı tərəfdaşlarımız arasında seçim qarşısında qoyulsa, mən kürdlərə üstünlük verərəm.
Kərkükdəki toqquşma Birləşmiş Ştatların artıq xeyli illər ərzində həll edə bilmədiyi ciddi problemin simptomu oldu. Yaxın Şərqdə bölgə düzəni çox sürətlə dağılır. Bu həm dövlətlərə, həm də onların arasındakı münasibətlərə aiddir. Orada Amerikanın güc və nüfuzu zəifləyir və bu, əsasən ondan doğur ki, Birləşmiş Ştatlar son səkkiz ildə bölgədə iştirakını zəiflədib. Nəticədə antiamerika güclərinin doldurduğu boşluq əmələ gəlib.
İndiki administrasiya da öz sələfi kimi diqqətini istisnasız olaraq İŞİD-in darmadağın edilməsinə cəmləyib. Əlbəttə, bu, son dərəcə önəmlidir. Amma rəqiblərimiz bunu başqa yönlərdə öz mənfəətləri üçün istifadə edirlər.
Birləşmiş Ştatlar bu yay İraqda Mosulun xilasından sonra əvvəlkitək şan-şöhrət şöləsində süzür. Bu arada İran qüvvələri İraq daxilində ixtilaf yaymağa çalışırlar ki, bunu Kərkükdə gördük. İran cürbəcür bicliklərdən istifadə edərək İraq siyasətçilərini Birləşmiş Ştatlara qarşı qaldırır. Elə etməyə cəhd edir ki, növbəti ilə təyin edilmiş seçkilər amerikalılar üçün strateji məğlubiyyət olsun və onların bu ölkədə nüfuzlarını zəiflətsin. Suriyada Rusiya, İran və “Hizbullah”ın və müxtəlif döyüş dəstələrinin dəstəyi ilə fəaliyyət göstərən Əsəd rejimi ölkənin böyük hissəsini, o cümlədən Birləşmiş Ştatların strategiyaca önəmli saydığı şərq rayonlarının çoxunu öz nəzarətinə götürüb. Suriyanın gələcəyi yerlərdə güc işlətməklə həll edilir və Amerika bunda təşəbbüslü iştirak etmir. İran əlaltıları, oyuncaqları və müttəfiqlərindən böyük bir hörümçək toru Aralıq dənizi sahillərindən Ərəbistan yarımadasına qədər Yaxın Şərqi sarır. O, sabitlik, gəmiçilik azadlığı və tərəfdaşlarımızın, müttəfiqlərimizin ərazilərinə, o cümlədən müasir qeyri-nüvə silahlarına sahib olanlara təhlükə yaradır. İranın özü ballistik raket sınaqlarını davam etdirir, qonşuları hədələyir, sanksiyaların zəifləməsindən istifadə edərək çirkin məqsədlər üçün pul qazanır.
Ərəb müttəfiqlərimiz Qətərlə diplomatik dartışmada batıb qalıblar, amma bölgədə daha ciddi təhlükələr var. Və güclü bölgəsəl qüvvəyə çevrilən, Amerika maraqlarına fəal müqavimət göstərən və insan haqları və mülki əhalinin yaşayışı haqda əsla düşünməyən Putin Rusiyasının nəhs kölgəsi bütün bunların üzərində asılı qalıb.
Bu, mürəkkəb və çox dolaşıq problemlər yumağıdır, amma amerikalılar başa düşməlidirlər ki, bizə daha irimiqyaslı hərbə-zorba oxunur – axı Yaxın Şərq beynəlxalq təhlükəsizlik və kürəsəl iqtisadiyyatın gələcəyi üçün həyati önəmlidir. Hazırda bəzən birgə, bəzən də ayrı-ayrı işləyən antiamerika təşkilatları və qruplaşmalarının bütöv bir şəbəkəsi Yaxın Şərqdə Amerika nüfuzunu zəiflətməyə və bölgəni bizim maraq və dəyərlərimizə qarşı duracağı şəkildə ayrı cür kökləməyə səy edir. Onlar bu məqsədlə terrorçuları və döyüşçüləri müdafiə edir, dostlarımızı qorxudur, onlara qarşı ziyankar fəaliyyət aparır, bizi diplomatik meydandan sıxışdırır, həmçinin bölgəyə hərbi texnika tədarük edirlər, buna görə də Birləşmiş Ştatların orada qalması getdikcə daha çətin və təhlükəli olur.
Bundan sonra da letargik yuxudakı kimi indiki kursumuza əməl etsək, nə zamansa yaxın gələcəkdə ayılacaq və görəcəyik ki, Amerika dünyanın ən mühüm bölgəsində nüfuzdan məhrum olub. Amerikalılar bu səbəbdən bu gün Yaxın Şərqdə nələrin baş verdiyi haqda düşünməlidirlər. Bu illətdən də kürdlər kimi əsil dostlarımızı müdafiə etməliyik. Elə bu səbəbdən taktiki maraqlardan yuxarı qalxmaq və təcili olanı həqiqətən önəmlidən ayırmaq imkanı verən strategiya bu gün həmişəkindən daha çox gərəkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...