25 iyun ölkəmizdə dənizçilərin peşə bayramı – “Dənizçi günü”dür.
Həyatını çətin və şərəfli peşəyə həsr etmiş, cəmiyyətimizin fəal üzvləri olan və iqtisadiyyatımızın inkişafında böyük rol oynayan dənizçilər peşə bayramlarını hər il olduğu kimi bu il də böyük ruh yüksəkliyi ilə qeyd edir.
“Dənizçi günü” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilmişdir.
Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üstünə gül dəstələri düzülmüşdür. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilmiş, Vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülmüş, onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə əklil qoyulmuşdur.
“Dənizçi günü” münasibətilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə bir qrup dənizçi Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişlər.
SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa da, Azərbaycanda bu sahə məhz dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin sayəsində qorunub saxlanılmış, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilmişdir. Daha sonra, müstəqilliyimizin ilk illərində böyük neft layihələrinin, o cümlədən “Əsrin Müqaviləsi”nin icrası, “Bakı-Tiflis-Ceyhan” neft ixrac kəmərinin istifadəyə verilməsindən sonra vaxtı ilə Ümummilli Lider Heydər Əliyevin uzaqğörən siyasətinin bəhrəsi hiss olunmuşdur. Onun dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata keçirilməkdədir. Prezident İlham Əliyevin tapşırıq və tövsüyyələri əsasında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması, onların təhlükəsizliyinin təmini, yük daşımalarında rəqabətədavamlı, çevik bir sistemin yaradılması, dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilmişdir. Hazırda respublikamızda fəaliyyət göstərən dənizçilik şirkətlərində, limanlarda, gəmi təmiri və inşası müəssisələrində, habelə dənizçilərin hazırlanmasını həyata keçirən tədris müəssisələrində ümumilikdə 20 min nəfərdən çox dənizçi çalışmaqdadır.
Dövlət başçısı cənab İlham Əliyevin gərgin əməyinin nəticəsi olaraq respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, eləcə də peşəkar dənizçilərin hazırlanması istiqamətində atılmış addımlar Beynəlxalq Dəniz Təşkilatının və dünyanın qabaqcıl dəniz dövlətlərinin ekspertləri tərəfindən müsbət qiymətləndirilmiş, bu sahədə uzun illər ərzində ölkəmizin formalaşdırılmış nüfuzu qorunub saxlanılmışdır. Belə ki, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın tələblərinə dair Beynəlxalq Dəniz Təşkilatının mütəxəssislərinin apardığı yoxlamaların nəticəsi müsbət qiymətləndirilmişdir. Dənizçilərin hazırlanması, onların bilik, bacarıq və səriştəliliyinin qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması sisteminin tətbiqi üzrə Dövlət Dəniz Administrasiyasının fəaliyyətinə dair hesabata Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin (2016-cı il 11-20 may tarixlərində) 96-cı sessiyasında baxılmaqla Azərbaycan qurumun “Ağ siyahısı”nda yer almışdır. Bu isə respublikamızda dənizçilərə verilən diplom və sertifikatların bütün dəniz dövlətləri tərəfindən tanınması üçün normativ hüquqi baza olacaqdır.
Qədim və zəngin dənizçilik tarixinə malik olan respublikamızda qabaqcıl dəniz dövlətləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması bu sahədə yeni-yeni uğurların əldə olunacağını və davamlı inkişafın təmin ediləcəyini əminliklə söyləməyə imkan verir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...