"Son zamanlar yağışların intensiv xarakter alması nəticəsində risk daşıyan ərazilərdə sürüşmələr intensivləşib. Həmin ərazilərdə nəinki sürüşmələr, digər təbiət hadisələrində də intensivlik müşahidə edilir. Bunun əsas səbəblərindən biri Azərbaycanda əhalinin sayının artması, insanların əvvəlki illərdən fərqli olaraq daha çox təhlükə daşıyan yamaclara, dağlıq ərazilərə meyl etməsidir”
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sürüşmə riski daşıyan ərazilər ən çox alçaq və orta dağlıq zonalardır. Şöbə müdiri qeyd edib ki, əvvəllər sürüşmələr orta dağlıq ərazilərdə daha intensiv olsa da, son zamanlar bu proses alçaq dağlıq əraziləri də əhatə edib.
M.İsmayılov deyib ki, orta dağlıq ərazilərə yağıntının daha çox, alçaq dağlıq ərazilərə isə az düşməsi sürüşmələrin baş verməsində mühüm rol oynayır. O vurğulayıb ki, son zamanlar dağlıq ərazilərin intensiv mənimsənilmə prosesi ilə əlaqədar alçaq və yüksək dağlıq hissələrdə sürüşmələr çox fəallaşıb: “Ağsu aşırımı həmişə sürüşmə baxımından fəal olub. Bu gün bizim cəmi 11 faiz meşəmiz var və bu rəqəm orta dünya göstəricilərindən 3 dəfə azdır. 11 faiz meşənin içərisində də turizm mərkəzlərinin yaradılması qətiyyən yolverilməzdir. Sürüşmələrin, sellərin fəallaşmasına səbəb olan amillərdən biri də budur. Məsələn, Ağsu aşırımında nə qədər istirahət zonaları yaradılıb, səth sularının axını tamamilə pozulub. Bunun nəticəsində Ağsu aşırımı bu gün öz tarazlığını tamamilə itirib. Orada şam ağacları əkilib. Amma bu ağacın kökü dərinə getmir və şam ağacı ilə yamac bərkitmə işləri görməzlər. Bunu botaniklər və digərləri də bilirlər. Biz sadəcə, hər şeyi tez həll etmək istəyirik. Amma yaxşı həll etmək daha yaxşıdır”.
Şöbə müdiri əlavə edib ki, bu gün ölkədə sürüşməyə qarşı tədbirlər çox zəif görülür. Onun sözlərinə görə, sürüşmənin qarşısını almaq üçün alçaq dağlıq zonalar üçün səciyyəvi olan bitkilərdən istifadə etmək olar: “Məsələn, kökü dərinə gedən saqqız ağacından istifadə etmək olur. Onların kökü dərinə getdiyinə görə laylarda sürüşməni müəyyən qədər azaldır”.
MilliYol.Az
Digər xəbərlər
loading...