Rusiyada 6 nəfəri xilas edən azərbaycanlı polis danışdı
”Gecə saat 4 idi. Mən işdən, daha doğrusu növbədən qayıdırdım. Pervomaysk küçəsini keçəndə gördüm ev yanır. Əvvəl yanğınsöndürənlərə zəng elədim. Gördüm gecikirlər, içəri atıldım.
Bu sözləri Lent.az-a Rusiyanın Sverdlovsk vilayətin Zareçnı rayon polis idarəsinin yol polis müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov bildirib.
Baxış Kərimovun adı artıq neçə gündür Rusiyanın İnternet məkanında hallanır, O, adı çəkilən qəsəbədə yanan evdən 4 uşağı və onların valideynlərini xilas edib.
Əməkdaşımızla söhbətində Baxış bildirib ki, o, Yekaterinburqda anadan olub. 25 yaşı var. 4 ildir ki, yol polis müfəttişi işləyir.
“Evin qapısı bağlıydı. Sındıra bilmədim. Bundan sonra pəncərələri qırıb içəri keçdim. Ata və ana başqa otaqda yatmışdılar, uşaqlar başqa. Əvvəlcə onları oyatdım. Baş verənlərdən şokdaydılar. Uşaqların çığırtısı isə hələ də qulağımdadır. Valideynləri bayıra çıxarandan sonra uşaqlar olan otağa keçdim. Artıq alov da güclənirdi. Tüstüdən göz- gözü görmürdü. Uşaqları bir-bir çıxarıb pəncərədən valideynlərinə verirdim. Sonuncu uşağı çıxaranda artıq alov evi bürümüşdü. Bir təhər özümü və onu xilas edə bildim. Yanğınsöndürənlər gələndə isə artıq gec idi. Ev tam alovun içindəydi.”, deyə Baxış deyib.
Həmyerlimizin bildirdiyinə görə, noyabrın 10-da Rusiyada polis günüdür. Vilayət səviyyəsində qeyd ediləcək həmin gündə Baxış dövlət tərəfindən mükafatlandırılacaq.
“Bilmirəm, nə mükafat verəcəklər, əslində bu mənim üçün önəmli deyil. Əsas odur ki, mən insanlıq borcumu yerinə yetirib 6 nəfərlik ailəni xilas etmişəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...