O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Amma ali məktəbi bitirdiyi üç il ərzində ixtisası üzrə çalışmayıb. Dediyinə görə, əslən Zaqataladan olsa da, Bakıda anadan olub. Məktəb illərindən rəqslə məşğuldur, mütaliə etməyi sevir. Hər halda çəkdiyi yazıçı adları, oxuduğu əsərlərdən gətirdiyi sitatlar bunu deməyimə əsas verir. Dövrü mətbuatda gedən yazılar haqda yetərincə polemika etmək olar bu xanımla. Bütün bunları ona görə sadalayıram ki, qəhrəmanımın haqqında yetərincə fikriniz formalaşsın.
Ayselin bir özəlliyi də var-surətpərəstdir. Yəni hər şeydə vizuallıq axtarandır. Elə gedişatda da başa düşəcəksiniz ki, onun bütün həyatını alt-üst edən bu cəhəti olub. Hərçənd ki, özü "baş verənlər heç vecimə də deyil" söyləyir. Bəlkə də qürur məsələsidir. Necə deyərlər, özünü sındırmaq istəmir. Qalanlarını isə qəhrəmanım özü danışır:
"Birinci kursda oxuyurdum. O vaxt dördüncü kursda oxuyan bir oğlan var idi. İnstituta getdiyim heç bir həftə olmazdı. Onu görəndən sonra dərs oxumağa həvəsim də qalmadı. Bütün günü həmin oğlanı düşünürdüm. O qədər yaraşıqlı idi ki... Heç vaxt belə birini görməmişdim. İndi belə bir türk aktyor var - Kıvanç Tatlıtuğ. İnanın ki, ondan da yaraşıqlı, boy-buxunlu idi. Atası azərbaycanlıdır, anası belarus milliyətindədir".
Söhbətin bu yerində Aysel daha danışmaq istəmədiyini bildirir. Müxtəlif vasitələrlə onu danışdırmağa çalışıram. Alınmır...
...Axır ki, razılaşır. Ən çox utandığı bir məqam var. Deyir ki, həmin insanla tanış olmaq üçün ilk addımı özü atıb:
"Bax, buna görə danışmaq istəmirəm.Çünki bütün günahlar özümdədir. Mən onunla tanış olmaq istədim, aylarla "hə" cavabını gözlədim. Onu sevən o qədər qız var idi ki... Etiraf edirəm - çox surətpərəstəm. Bir insan çox yaraşıqlıdırsa, hətta onun narkoman olmağını da qəbul edərəm. Bu insanın da o qədər zəngin daxili dünyası, savadı yox idi. Mən onun surətinin tələsinə düşdüm. Xeyli müddət sadəcə görüşürdük, danışırdıq. Təxminən altı aydan sonra özüm istədim ki, aramızda hər şey baş versin. Çünki...".
Oğlan ali məktəbi bitirib hərbi xidmətə yollananda Ayselə deyir ki, qayıdandan sonra onunla evlənəcək:
"O əsgərlikdə olanda neçə qohumumuz bizə elçiliyə gəldi. Hamının qarşısında dedim ki, öz sevdiyim var. Əvvəlcə hamı üstümə gəldi, məni danladılar. Sonra fikrimin çox ciddi olduğunu görüb heç nə demədilər. Əsgərlikdən qayıdandan 2012-ci ilin payızına qədər görüşürdük. Günlərin birində mənə gizli nömrədən zəng gəldi. Zəng vuran o idi. Dedi ki, indiyə qədər yaşadıqlarımızı unut, olanların hamısını xoş xatirə kimi xatırla. Elə bildim zarafat edir. Sonra and içdi ki, ciddi deyir. O danışdıqca ağlayırdım, məni sakitləşdirməyə çalışırdı. Təxminən 7-8 aydır ki, nə telefon əlaqəmiz var, nə də görüşmürük".
Aysel yaşadıqlarına görə peşman deyil. Əvvəldə də dediyim kimi bu qürur məsələsi də ola bilər:
"Çox istərdim k, belə bir həyat yoldaşım olsun, ətrafımdakı hər kəsi qısqandırım. Amma... Yaşadığım heç nəyə görə peşman deyiləm. Xəyallarımda olan bir insanla ən gözəl nə varsa, hamısını yaşamışam. Bundan sonra ailə qurmaq fikrim də yoxdur. Çünki kiməsə ərə getsəm də, nə vaxtsa onunla görüşməyimi istəsə, razı olaram. İstəmirəm ki, kiməsə xəyanət edim. Bütün bunların doğru olmadığını başa düşürəm. Nə olubsa, olub. Heç vecimə də deyil". (strategiya.az)
MilliYol.Az
Digər xəbərlər
loading...