Vage Sərkisyan: “Bu birlik Qafqazın türkləşməsinə və müsəlmanlaşmasına gətirib çıxaracaq”
Oktyabrın 17-də Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin və baş qərargah rəislərinin birlikdə toplantısı keçirilib. Həmin iclasda bölgədəki hərbi-siyasi situasiya, təhlükəsizlik, habelə ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər müzakirə edilib.
Ermənistan mətbuatı isə 3 ölkənin öz siyasi, iqtisadi və hərbi potensiallarını birləşdirməklə bağlı həyata keçirdiyi layihələrlə əlaqədar həyəcan təbili çalır.
Erməni jurnalisti Aram Sərkisyanın informasiya saytındakı məqaləsinin başlığı da bunu göstərir: “Türkiyə-Azərbaycan-Gürcüstan alyansı əməkdaşlığı dərinləşdirir: Blokadanı necə dağıtmalı?”
Müəllif Moskvada yerləşən MDB ölkələri institutunun Qafqaz şöbəsinin rəhbəri, ermənipərəst mövqeyi ilə seçilən Vlaidimir Yevseyevin bu xüsusda fikrini öyrənib və o, Gürcüstanın Türkiyə və Azərbaycanla eyni alyansda olmasını qeyri-təbii və qəribə adlandırıb. Yevseyevin fikrincə, həm Türkiyənin Acarıstanla bağlı , həm də Azərbaycanın Gürcüstana qarşı ərazi iddiaları mövcuddur (?!). O, bu alyansın möhkəm əsaslarının olmadığını, bunu daha çox Gürcüstan üçün asılılıq hesab etdiyini bildirib.
“...Bu layihənin əsas memarı kimi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı saymaq olar. Ərdoğan beş günlük Rusiya-Gürcüstan müharibəsindən sonra “Qafqaz sabitlik və əməkdaşlıq platforması”nın yaradılması təşəbbüsü ilə çıxış etdi.
Bu platforma bölgədə iki blokun yaradılmasını nəzərdə tuturdu. Birinciyə Azərbaycan, Türkiyə və Gürcüstan, ikinciyə isə Rusiya və Ermənistan daxil olmalı idi. Lakin bu ittifaqda Gürcüstanın üzvlüyü qeyri-təbii hesab olunmalıdır. Çünki Gürcüstan bir xristian ölkəsidir və müsəlman qonşularının ona qarşı ərazi iddiaları davam edir”, - Yevseyev qeyd edib.
Erməni gürcüşünası Alik Eqoyants isə Azərbaycan və Türkiyənin bu tip üçtərəfli alyansla Ermənistanı yalnız buraxmaq və onu regional proseslərdən kənar qoymaq istədiyini söyləyib. “...Biz bu ittifaqın hərbi sahəyə də keçdiyini müşahidə edirik və şübhəsiz ki, bu, bizi dərindən düşündürməlidir”, - Alik Eqoyants müəllifə bildirib. Eqoyantsın fikrincə, Ermənistanın tək çıxış yolu Gürcüstanla ikitərəfli münasibətləri daha da inkişaf etdirməkdir.
Ermənistanın Gürcüstan məsələləri üzrə eksperti Vage Sərkisyan isə Bakı-Tiflis-Qars dəmiryolunun məhz oktyabrın 30-da işə salınması məsələsinə diqqəti çəkib. Bu tarix Türkiyənin Antanta dövlətləri qarşısındakı təslimiyyətini təsbit edən Mudros sülh anlaşmasının imzalanması günüdür.
Vage Sərkisyan Bakı-Tiflis-Qars dəmiryolu layihəsini sırf anti-erməni proqramı adlandırıb və Ermənistanın regional layihələrədən kənar qoyulduğunu söyləyib.
“Türkiyə dünyaya sübut etmək istəyir ki, düz 100 il öncə elə bu tarixdə qoyub getdiyi torpaqlara yenidən geri qayıdır və Qafqazda yenidən əsas oyunçuya çevrilir”, - V. Sərkisyan bildirib.
Erməni ekspertin fikrincə, Qars-Axalkalaki-Bakı dəmiryolu iqtisadi məqsədlərdən əlavə siyasi və strateji məqsədlər də güdür. O, dəmiryolunun keçdiyi, ermənilərin sıx yaşadığı Cavaxetiya bölgəsinə yaxın Axalkalaki-Ninosmind avtobanında stansiya formasında böyük massiv tikildiyini, həmin yaşayış məskəninin ticarət, məişət və bir çox çoxfunksiyalı komplekslər üçün nəzərdə tutulduğunu söyləyib.
Sərkisyanın dərdi həmin dəmiryoluna görə Cavaxetiyaya çoxlu türkiyəli və azərbaycanlı işçi qüvvəsinin gələcəyi ilə bağlıdır. Bu isə bölgədə demoqrafik situasiyanı dəyişəcəkmiş.
“Türklərin və azərbaycanlıların çoxalma məsələsində hünəri hər kəsə məlumdur. Nahaq yerə deməyiblər ki, harda türk və azərbaycanlı varsa, orada Türkiyə və Azərbaycan da var. İndi Azərbaycanda bizə baxıb deyirlər, “buyurun bizi Meğri dəhlizi ilə birləşməyə qoymadınız, indi biz bunu Gürcüstanın ermənilər yaşayan yerindən keçməklə həll edirik.
Onlar buna olduqca asanlıqla nail oldular. Əvvəllər İstanbuldan Bakıya qədər türk-müsəlman xətti Cavaxetiyanın 30 km-lik ərazisi ilə kəsilirdi. İndi bu xətt azərbaycanlıların yaşadığı Dmanisi, Bolnisi, Marneuli və Qardabani bölgələrinin qatılması ilə birləşir. Bu isə Gürcüstan ermənilərinin müsəlmanlaşmasına (?-red) qədər gətirib çıxara bilər. Beləliklə, biz şimalda yeganə xristian müttəfiqimizi itirə bilərik”, - Vage Sərkisyan tipik erməni məkri ilə prosesi özünə uyğun tərzdə şərh edib.
MilliYol.Az
Digər xəbərlər
loading...