"Rəsmi Tehran Türkmənistan qazının İran üzərindən svop əməliyyatlar vasitəsilə Türkiyəyə ixrac edilməsində maraqlı deyil"
Bunu İranın neft nazirinin müavini Həmid Rıza İraqi deyib.
Onun sözlərinə görə, Türkiyə İran qazının ənənəvi bazarlarından biridir: "Biz ənənəvi bazarlarımız olan Türkiyəyə rəqib ölkənin qazının svop əməliyyatlar vasitəsilə satılmasına qarşıyıq".
Buna baxmayaraq, nazir müavini əlavə edib ki, bu yolla Türkmənistan qazının Azərbaycan və ya Ermənistana satılmasında bir əngəl yoxdur.
Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatlar naziri Aşot Manukyan isə deyib ki, rəsmi İrəvan, Tehran və Aşxabad Türkmənistandan qazının Ermənistana tranzit yolu ilə nəql olunmasına dair danışıqlar aparır: "İran ərazisi türkmən qazının Ermənistana tranzit yolu ilə nəql olunması baxımından yeganə variantdır, lakin qaz boru kəmərinin olmaması xərcləri xeyli artıracaq. Tranzit mümkünlüyü və tariflərin müəyyənləşdirilməsi üçün ekspertlər səviyyəsində görüş təşkil olunacaq".
Nazir onu da qeyd edib ki, Ermənistan İrandan idxal olunan qazın həcminin artırılmasına hazırdır. "Bu, İran tərəfinin əlverişli təkliflərindən asılıdır. Rusiyanın təklif etdiyi tariflər olduqca aşağıdır. İran daha aşağı tariflər təklif edərsə, biz danışıqlara hazırıq. Lakin söhbət uzunmüddətli nəqldən getməlidir", - deyə o bildirib.
A. Manukyan əlavə edib ki, "elektrik enerjisinin müqabilində qaz" Ermənistan-İran proqramının reallaşdırılması davam etdiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...