Maliyyə Nazirliyinin açıqladığı 2018-ci il dövlət büdcəsi layihəsi ətrafında ilkin müzakirələr başlayıb
MilliYol.Az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı layihədə 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Yəni 2018-ci il dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlə icra olunacağı proqnozlaşdırılır.
Layihəyə əsasən, dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 mlrd. manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 mlrd. manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 mlrd. manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 mlrd. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 mln. manat, yol vergisindən 91 mln. manat, mədən vergisindən 136 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, aksiz markaların satışından 6,3 mln. manat, dövlət rüsumundan 108 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat, vergi orqanlarının xətti ilə 140 mln. manat cəlb etmək nəzərdə tutulub.
Xərclərin mənbələrinə nəzərə salanda isə məlum olur ki, ümumi dövlət xidmətlərinə 3 mlrd. 620, 257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654, 946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128, 060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat), müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat, mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. manat, nəqliyyat və rabitə sahəsinə 166,791 mln. manat, iqtisadi fəaliyyətə 245,511 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat yönəldiləcək (APA-Economics).
Açıqlanan büdcə layihəsini Yenicag.az-a dəyərləndirən iqtisadçı Natiq Cəfərlinin fikrincə, sənəddə əks olunan rəqəmlər ölkə iqtisadiyyatında mənfi tendensiyanın artdığını təsdiqləyir:
“Əslində, gələn ilin büdcə layihəsinin hələlik ilkin parametrləri açıqlanıb. Sənəddə nəzərə çarpacaq bir neçə maraqlı məqam var.
Onlardaın ən diqqət çəkənləri büdcə kəsirinin artım tempinin yüksəlməsi və xarici borcların ödənilməsinə yönəldiləcək xərclərin sürətli artımıdır. Layihədə bu artım rəqəmi 650 milyon manatla ifadə olunub.
Bu iki mühüm istiqamət üzrə vəziyyətin mənfiyə doğru dəyişməsi əlbəttə ki, yaxşı hal deyil. Layihədə yeganə pozitiv artım infrastruktur layihələrinin icrası ilə bağlıdır.
Belə başa düşülür ki, hökumət ölkədə iqtisadi canlanma yaratmaq üçün dövlət vəsaitləri hesabına infrastruktur layihələrinə böyük maliyyə ayırmağı qərarlaşdırıb.
Başqa sözlə, hökumət başqa inkişaf modelinə keçmək istəmir. Ancaq bu model heç də dayanıqlı deyil.
Biz bunun nəticəsini iki il – 2015 və 2016-cı illərdə infrastruktur layihələrinə ayrılan dövlət vəsaitlərinin azaldılması zamanı müşahidə etdik – iqtisadiyyat əhəmiyyətli dərəcədə azaldı. Yəni 2016-cı ildə 3,8 faiz, 2017-ci ilin ilk 9 ayında isə 1 faiz səviyyəsində azalma qeydə alınıb.
İnfrastruktur layihələrinə yönələn dövlət vəsaitinin artırılması ilə iqtisadi canlanmaya nail olmağı düşünürlər. Fikrimcə, bu, düzgün yanaşma deyil.
Çünki bir müddət sonra infrastruktur layihələri üçün vəsait azaldılanda, Ümumi Daxili Məhsulda da azalma müşahidə olunacaq.
Ona görə də daha ciddi, dayanıqlı və çoxşaxəli iqtisadi modelə keçməyə ehtiyac var. Ancaq təəssüf ki, bu istiqamətdə zəruri addımların atıldığını görmürük.
Daha doğrusu, müəyyən addımlar atılsa da, onun effekti hələ ki yoxdur. Mənə belə gəlir ki, bu, tək iqtisadi amillərlə yox, həm də idarəçilik problemi ilə bağlıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...