“Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək”; amerikalı politoloq: “ABŞ Qarabağ məsələsində nə Azərbaycanın, nə də Ermənistanın yanındadır...”
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü yəqin ki, hələ bir müddət də siyasi ekspertlərin müzakirə predmeti olacaq. Diqqəti çəkən əsas məqam isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşlə bağlı nikbin bəyanatı fonunda işğalçı ölkənin prezidenti və xarici işlər nazirinin görüşdən dərhal sonra konstruktiv danışıqlara daban-dabana zidd açıqlamalar verməsi oldu.
Biri - Xocalı canisi Sərkisyan bəyan elədi ki, bəs, “problemin həlli yalnız Dağlıq Qarabağın Azərbaycan sərhədlərindən kənarda olması halında mümkündür”, o biri - Nalbəndyan isə ərz elədi ki, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.
Təbii ki, bunların hamısı köhnə bayatılardır. Yenilik yalnız o idi ki, bu bayatılar məhz Cenevrə görüşündən dərhal sonra səslənirdi. Odur ki, Azərbaycan rəhbərliyinin cavabı özünü çox gecikdirə bilməzdi. Gecikdirmədi də. Cavab-ismarış isə bu dəfə İstanbuldan gəldi. İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX zirvə görüşündə müşahidəçi kimi qatılan Azərbaycanın prezidenti İlham Əliyev Sərkisyanın layiqli cavabını verdi.
Azərbaycanın dövlət başçısı çıxışında görüş iştirakçılarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə də cəlb edərək dedi: “Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz... Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq”.
*****
Əlbəttə ki, bu, Azərbaycanın müstəsna beynəlxalq hüquqdan qaynaqlanan halal haqqıdır. Əfsuslar olsun ki, beynəlxalq hüququn özü indi az qala, böhran keçirir, təftişə məruz qalır. Bunun ən bariz nümunəsini işğala məruz qalan, separatizmlə üzləşən ölkələrə (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, İspaniya) münasibətdə Qərb və Rusiyanın sərgilədiyi “ikili standart” yanaşmalardan görmək olar.
Rusiya aydındır - bu avtoritar, Krımı zorla ilhaq edən, imperiya iddialı dövlətdən ədalət, beynəlxalq hüquqa münasibətdə sayğı gözləmək əbəsdir. Amma gəl ki, ABŞ və Avropa da yeri gələndə ondan geri qalmır. Məsələn, Avropa Komissiyasının sədri Donald Tusk ötən həftəsonu Kataloniya məsələsinin Avropa Birliyinin gündəmində olmadığını və bunu İspaniyanın daxili işi olduğunu bəyan edib. Yəni, İspaniya öz ərazi bütövlüyü ilə bağlı hansı radikal addımı atsa, qurum bunu anlayışla, normal qarşılayacaq.
Bəs Dağlıq Qarabağ münaqişəsi? Nədən Azərbaycana gələndə onun ərazi bütövlüyü məsələsi onun daxili işi kimi qəbul edilmir, tam əksinə, problemin həlli üçün Azərbaycandan da güzəşt tələb olunur?
*****
Şəksiz ki, məsələdə əsas söz sahibi olan dövlətlərin də mövqeyi mühümdür. İki aparıcı vasitəçidən biri olan ABŞ kimi. Görəsən Donald Trampın prezidentliyi dövründə nəhayət ki, Vaşinqtonun Qarabağ nizamlanmasına dair ciddi diplomatik təşəbbüslərinin şahidi olacağıqmı? Bütövlükdə Cənubi Qafqaz indiki Ağ Ev administrasiyanın xarici siyasətində hansı yeri tutur?
Sualı cavablandıran tanınmış amerikalı analitik, Kaliforniyadakı Beynəlxalq Tədqiqatlar İnstitutunun Terrorizmin Tədqiqi Mərkəzinin böyük elmi əməkdaşı Qordon Hana görə, Tramp administrasiyası Güney Qafqaza ciddi önəm vermir. “Ancaq əgər həm Suriyada, həm də Ukraynadakı böhranlar dərinləşsə, o zaman tam mümkündür ki, Güney Qafqaz ABŞ-ın xarici siyasətinin gündəminə çıxsın”. Musavat.com-un məlumatına görə, bu barədə analitik rusdilli Vesti.az saytına eksklüziv açıqlamasında bildirib.
“Bəs, o halda Vaşinqtondan Qarabağ nizamlanması üzrə fəallaşma gözləməyə dəyərmi?
Amerikalı politoloq: “Buna mən şübhə edirəm. Ancaq daha məntiqli o olardı ki, bu məsələdə Rusiya ilə əməkdaşlıq edilsin. İş ondadır ki, Cənubi Qafqaz bölgəsi Qərb üçün həlledici deyil və Qarabağ münaqişəsi də digər postsovet konfliktlərindən onunla fərqlənir ki, ABŞ bu münaqişədə qarşı duran tərəflərdən heç birini dəstəkləmir - nə Azərbaycanı, nə də Rusiyanın regiondakı müttəfiqi Ermənistanı. Yeri gəlmişkən, ola bilsin, Amerikanın münaqişə tərəfindən bərabər uzaqlıqda durması Moskvanı sakitləşdirsin və danışıqlar prosesində ABŞ-ın iştirakına Rusiya əngəl olmasın”.
*****
Ancaq məsələ də ondadır ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsində nə Azərbaycanın, nə də Ermənistanın yanında olmaması, onlardan “bərabər uzaqlıqda dayanması” heç də ABŞ-ın obyektiv mövqe tutmasına dəlalət eləmir. Çünki Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan ölkədir. Onların heç birinin tərəfində durmamaq - məhz elə beynəlxalq hüququn yanında durmamaq, 1993-cü ildə qəbul edilmiş və ABŞ-ın də səs verdiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini ciddiyə almamaq eləməkdir.
Ən önəmlisi, necə olur ki, ABŞ ərazisinin bir qismi işğal olunmuş Ukraynanın, Gürcüstanın, Moldovanın yanındadır, Azərbaycana gələndə isə ona Ermənistanla eyni gözlə baxır, işğalçı ilə işğala məruz qalan ölkədən bərabər uzaqlıqda durur? Bu - “ikili standart” yanaşması deyilsə, nədir bəs?
Sözsüz ki, belədir. Niyə belədir? Bu haqda da zaman-zaman yazmışıq. Səbəblər sırasında təbii ki, xristian amili (işğala məruz qalan Azərbaycanın müsəlman ölkə olması faktı), erməni lobbisi faktoru da var. Ötən həftə bir daha buna əminlik hasil elədik. Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, “Kremlin tulası” ayaması daşıyan Bako Saakyanın Brüsseldə - Avropa Birliyinin (AB) paytaxt şəhərində keçirdiyi görüşləri nəzərdə tuturuq.
Saakyan sərbəst şəkildə AB-nin digər üzv dövlətlərinə və ABŞ-a da gedir. Halbuki, həm ABŞ, həm də Avropa Birliyi Abxaziya, Cənubi Oseytia, Dnestrynaı rejimlərin, Krımın separatçı rəhbərlərinin öz ərazisinə girişinə çoxdan qadağa qoyub. Separatçı ermənilərə gələndə isə əksini görürük. Bu da indi sizə Qərbin ədaləti.
MilliYol.Az
Digər xəbərlər
loading...