“Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçib. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artıb, 2 milyona yaxın iş yeri açılıb. Yoxsulluq 5 faizə düşüb. Savadlılıq 100 faizə yaxındır”
Bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir: “Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub”.
Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. “Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanıb və bu kəmər gələn il istifadəyə veriləcək. Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...