Azərbaycanın dövlət maliyyə idarəetməsi xarici və daxili amillərdən asılı olan bir sıra fiskal risklərlə qarşılaşa bilər
”APA-Economics” xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Sənəddə neftin dünya bazarlarında ucuzlaşması xarici mühitdən asılı olan əsas risk kimi qiymətləndirilib. Belə ki, layihədə bildirilib ki, ölkənin əsas ixrac əmtəəsi olan xam neftin qiymətinin azalması neft şirkətlərinin SOCAR və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti ödədiyi mənfəət vergisi vasitəsi ilə büdcəyə birbaşa təsir göstərir. Hesablamalara əsasən, xam neftin qiymətinin 5 dollar azalması büdcə gəlirlərinin səviyyəsini 62,5 mln. manat azalda bilər. Xam neftin qiymətinin dəyişməsi Dövlət Neft Fondunun (ARDNF) gəlirləri vasitəsilə, həmçinin icmal büdcəyə təsir göstərir. Belə ki, xam neftin qiymətinin 5 dollar həcmində azaldılması ARDNF-nin gəlirlərinin 794 mln. manat azalmasına gətirib çıxara bilər. Eyni zamanda qeyd olunmalıdır ki, xam neft qiymətlərinin azalması hazırda mövcud olan müsbət ticarət saldosunu azaldaraq tədiyyə balansına birbaşa mənfi təsir göstərə bilər. Tədiyyə balansında kəsir yarandığı təqdirdə məzənnə üzərində təzyiqlərin artması riskini aktuallaşdıra bilər. Digər tərəfdən, tədiyyə balansının kəsirinin maliyyələşməsi nəticəsində strateji valyuta ehtiyatlarının azalması ölkənin beynəlxalq ödəmə qabiliyyətinə, o cümlədən xarici valyutada öhdəliklər üzrə faiz dərəcələrinə təsir göstərməklə, dövlət büdcəsinin xərc yükünü artıra bilər.
Sənəddə xarici mühitdən asılı olan risklərdən biri kimi beynəlxalq maliyyə bazarlarında faiz dərəcəsinin kəskin artması göstərilib. Layihədə qeyd olunub ki, beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin kəskin artması mütənasib olaraq xarici dövlət borcuna xidmət xərclərinin, həmçinin xarici borclanma xərclərinin də artmasını qaçılmaz edəcək. Bu isə öz növbəsində dövlət büdcəsi xərclərinin nəzərdə tutulduğundan daha çox, həmçinin dövlət və özəl sektorların xərclərinin də artımına və mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxaracaq. Digər mühüm risk əsas ticarət tərəfdaşı ölkələrinin iqtisadiyyatlarında iqtisadi aktivliyin daha da zəifləməsidir. Tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəifləməsi ölkədə iqtisadi artım proqnozlarının aşağı düşməsi və qeyri-neft gəlirlərinin gözləniləndən daha az olmasına gətirib çıxara bilər.
Sənəddə daxili mühitdə baş verə biləcək risklər də öz əksini tapıb. Belə ki, bu sahədə ən mühüm risk ölkənin bank-maliyyə sistemində yarana biləcək çağırışlar, əmanətlərin sığortalanması, habelə bank-maliyyə sisteminin restrukturizasiyası ilə əlaqədar xərclərin artması ola bilər. Məlum olduğu kimi, bank-maliyyə sisteminə etibarın gücləndirilməsi məqsədilə dövlət əhalinin qorunan əmanətlərinin 100% ödənilməsinə zəmanət verir. Eyni zamanda, bank-maliyyə sistemində yarana biləcək öhdəliklər büdcənin xərc yükünü artırmaqla makroiqtisadi tarazlığa birbaşa mənfi təsir göstərə bilər. Yuxarıda qeyd olunan risk faktorları 2018-ci il dövlət və icmal büdcələrinin icrası prosesinə birbaşa və dolayısı ilə təsir edə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...