Yayın istisində pambıq tarlalarında işləyən Salyan sakinləri 3 aydır ki, pullarını ala bilmirlər.
"Qaynarinfo"ya daxil olan məlumata görə, Salyan rayonunun Seyidsadıqlı kəndində pambıqçılıqla məşğul olan fermer Telman Qasımov 3 aydır ki, işçilərin pulunu vermir. Kənd sakinləri bununla bağlı dövlət qurumlarına müraciət etdiklərini desələr də, şikayətlərinə baxan olmayıb.
Yayın 40 dərəcə istisində məcburiyyət qarşısında qalıb tarlalarda çalışan, amma pullarını ala bilməyən 40 qadın bununla bağlı müraciət ünvanlayıblar.
"Biz, 40 qadın televiziyalar "camaatı istinin altında işlətməyin" deyə bar-bar bağıranda, əlacsızlıqdan, pulsuzluqdan 40-50 dərəcə istidə sahələrdə işləməyə məcbur olmuşuq. Amma fermer Telman Qasımov bizə borclu olduğu 2000 manatı vermir, "hara istəyirsiniz şikayət edin, heç kimdən qorxum yoxdur", deyir. Kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət etmişik, amma şikayətimizə baxan yoxdur. Dünən buna görə Telman Qasımova yenə zəng etdik. Dedi ki, gəlib pambığımı yığın, ondan sonra pulunuzu verim. İndi gərək 150 ton pambıq yığaq ki, o da həmin pambığı satıb, borcumuzu qaytarsın? Odla-suyun arasında qalmışıq. Hər gün ən azı 3-4 manatlıq ərzaq aparmalı oluruq özümüzlə. Yaydan bu yana mağazalara borcluyuq, ona görə də indi heç biri nisyə mal vermir. Vəziyyətimiz o qədər ağırdır ki, borclarımızı verə bilmirik, utanırıq, xəcalət çəkirik", - deyə sakinlər bildiriblər.
"Qaynarinfo" qarşı tərəfin də fikirlərini öyrənməyə çalışsa da, Telman Qasımovla əlaqə saxlaya bilməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...