Xəbər verildiyi kimi ötən gün Rusiya prezidenti Dağıstan rəhbəri Ramazan Abdulatipovu özünün Xəzər regionu dövlətləri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib
Bu, yeni təsis edilmiş vəzifədir və Rusiyanın Xəzərdəki hərbi donanmasını durmadan gücləndirdiyi, Mahaçqalada yeni hərbi baza açmağa hazırlaşdığı bir vaxtda təsis edilir. Rusiya prezidentinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi postunun təyin edilməsində məqsəd nədir? Dağıstan rəhbəri vəzifəsindən istefaya göndərilən və nəticədə işsiz qalan Abdulatipovun işlə təmin edilməsi, yoxsa daha uzağa gedən planlar?
Virtualaz.org qeyd edir ki, Ramazan Abdulatiovun Dağıstana rəhbərliyi Kremli qane etməsə də o, hələ də nüfuzlu siyasi xadimdir, Moskvada hörməti var, hərçənd Prezident Administrasiyasında Abdulatipovu xoşlamayan güclü fiqurların olduğuna onun özü da eyham vurmuşdu. Bunu nəzərə alaraq hesab edirdilər ki, Abdulatipov Dağıstan rəhbəri postundan uzaqlaşdırılandan sonra “işsiz qalacaq”, respublikanın bundan əvvəlki rəhbəri Maqomedsalam Maqomedov kimi Moskvaya aparılmayacaq. Lakin gözlənilənin əksinə oldu-Putin Abdulatipov üçün xüsusi vəzifə təsis edib onu mühüm region üzrə öz “canişini” təyin elədi. Bu, təkcə Abdulatipovun işlə təmin edilməsi probleminin həlli üçün təsis edilmiş vəzifə deyil, eyni zamanda Rusiyanın Xəzər regionuna nə dərəcədə böyük əhəmiyyət verdiyini də göstərir.
Bəs Abdulatipov bu vəzifədə nə işlə məşğul olacaq? Onun qarşısında hansı tapşırıqlar qoyulub? TASS bildirir ki, Abdulatipova görə Rusiyanın Xəzər regionundakı resurslarının və inkişaf mənbələrinin auditi dəniz sahilində yerləşən ölkələrlə məhsuldar əməkdaşlıq üçün həlli vacib olan əsas məsələdir.
“Birincisi, resursların, inkişaf mənbələrinin auditini aparmaq lazımdır. İkincisi aydınlaşdırmaq lazımdır ki, bizim qonşularımız nə təklif edir. Xəzəryanı ölkələr arasında regionlararası əməkdaşlığı fəallaşdırmaq lazımdır”-Abdulatipov yeni vəzifəyə təyinatından sonra verdiyi ilk açıqlamada bildirib. Onun sözlərinə göər, Xəzərdə iqtisadi və mədəni baxımdan böyük potensial var. “Bu regionda inteqrasiya proseslərini inkişaf etdirmək lazımdır. Bu, hər şeydən əvvəl Rusiyanın marağındadır, eləcə də digər sahilyanı ölkələrin maraqlarına uyğundur”-o deyib.
Rusiyanın İrandakı ticarət nümayəndəliyində Dağıstanı təmsil edən Emin Əliyev isə TASS-a bildirib ki, Abdultipov yeni vəzifədə bir neçə problemlə qarşılaşacaq. “İlk növbədə o, dəniz daşımalarına diqqət yetirməlidir. Bu daşımaların təşkili böyük diqqət tələb edir. Bizdə Xəzər akvatoriyasına dair hələ də ciddi problemlər var”-Əliyev deyib.
Ekspertlər isə hesab edir ki, Abdulatipovun siyasi təcrübəsi və avtoriteti Xəzər regionunun problemlərinin həllində kömək edəcək. “Burada ən mühümü odur ki, Abdulatipovun Xəzər regionu ölkələrinin rəhbərləri ilə yaxın münasibətləri, onların yanında nüfuzu var. Xəzər dünya nəhənglərinin diqqətinin cəmləndiyi strateji rayonlardan birinə çevrildiyi üçün biz başa düşürük ki, Xəzərin inkişafı xüsusi diqqət tələb edir. Hesab edirəm ki, indiki halda prezident tərəfindən ona çox məsuliyyətli iş sahəsi ayrılıb”-Rusiyadakı “Qafqaz” mərkəzinin keçmiş rəhbəri İqor Sopov bildirib.
Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin direktoru Dmitri Orlov isə deyir ki, Abdulatipov həmişə müxtəlif təsir qrupları ilə ağıllı dialoq apara bilib. “O, müxtəlif elit qruplarla danışa bilən siyasətçidir və Xəzərdə Abdulatipova ehtiyac olacaq, çünki orada çoxlu elit qruplar, müxtəlif dövlətlərin maraqları var”-Sopov bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...