Sİstilik təchizatı xidmətlərinin göstərilməsindən yaranan zərərin ödənilməsi üçün dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən vəsaitə (subsidiyaya) tələbat “Azəristiliktəchizat” ASC tərəfindən planlaşdırılan zərər həcmində, yəni 2015-ci il üzrə 44 mln. 186,349 min manat və 2016-cı il üzrə 42 mln. 835,410 min manat məbləğində proqnozlaşdırılıb, proqnoz göstəriciləri 2015-ci il üzrə 48,8% azaldılaraq 18 mln. manat həcmində ilki təyinat təsdiq edilib
“APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir.
Bülletendə qeyd edilib ki, auditlə əhatə olunmuş maliyyə illəri ərzində “istilik” paraqrafı üzrə ilkin təyinatlarda dürüstləşmələr (artım və ya azalma) aparılmayıb.
Bundan başqa, 2015-ci ildə SOCAR tərəfindən yaranmış borca görə təbii qazın verilməsinin dayandırılması nəticəsində bir sıra müəssisələrdə yaranmış problemlərin aradan qaldırılması üçün Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsinin ehtiyat fondundan təbii qaza görə “Azəristiliktəchizat” ASC-nin borcunun qaytarılması üçün 3 mln. manat məbləğində dürüstləşdirilmiş büdcə təsdiqlənib.
2016-cı ildə isə “Kommunal təsərrüfatı” köməkçi bölməsinin “Mənzil və kommunal təsərrüfatı sahəsində yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidən qurulması, abadlaşdırılması ilə bağlı xərclər” paraqrafından 821,197 min manat məbləğində dürüstləşdirilmiş büdcə təsdiq edilib.
Dövlət büdcəsinin “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin “Tikinti” köməkçi bölməsinin “Sair tikinti” paraqrafından və ya iqtisadi təsnifatı üzrə “Qeyri-yaşayış binalarının tikintisi” xərc yarım maddəsindən 2015-ci il üçün 5 mln. manat və ya 2016-cı il üçün 2 mln. manat məbləğində dürüstləşdirilmiş büdcə təsdiq edilib.
ASC tərəfindən proqnozlaşdırmanın tərtibi zamanı əvvəlki ilin faktiki xərci və büdcədən ayrılan subsidiya və cari ilin gözlənilən xərci və ayrıla biləcək subsidiya düzgün nəzərə alınmayıb, bəzi hallarda özünün istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına onun zərəri artırılıb və büdcə vəsaitinə (subsidiyaya) olan tələbatdan artıq proqnozlaşdırılma aparılıb. Belə ki, “Bakı İstilik Elektrik Mərkəzi” MMC-dən satın alınan istilik enerjisi və kənar təşkilatların qazanxanalarına xidmətlər üzrə xərclər, həmçinin dövlətin investisiya vəsaitləri hesabına əldə edilən əsas vəsaitlərə hesablanmalı olan amortizasiya ayırmaları planlaşdırılan xərclərin tərkibinə daxil edilərək subsidiya alınması zərərin plan məbləği artırılıb. Bundan başqa, satışdan yaranan zərərin kompensasiya edilməsi məqsədilə zəruri büdcə vəsaitinə (subsidiyaya) tələbat müəyyən edilərkən 2015-ci ilin əvvəlinə olan 3 mln. 508 min 628,56 manat və 2016-cı ilin əvvəlinə olan 3 mln. 284 min 628,42 manat dəyərində mal-material qalığı proqnozlaşdırmalarda nəzərə alınmayıb.
Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində həmçinin qeyd edilib ki, 2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və iqtisadi təsnifatın “Məhsula görə ödənişlər” xərc maddəsindən “Azəristiliktəchizat” ASC-yə təsərrüfat fəaliyyətinin maliyyə nəticələri üzrə yaranmış zərərin ödənilməsi üçün 22 mln. 614,754 min manat subsidiya ödənilib, lakin Vergilər Məcəlləsinin 104-cü və 106-cı maddələrinin tələblərinə əməl edilməyərək ƏDV-siz 19 mln. 165 min 45,7 manat məbləğində subsidiya gəlirə aid edilməyib.
Bülletendə qeyd edilib ki, ASC tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə tam əməl edilməyərək büdcəyə çatası ƏDV 239,485 min manat az hesablanıb, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə əməl edilməyərək vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilmiş vəsaitdən 2015-ci il üzrə 113 min 912,5 manat və 2016-cı il üzrə 304,665 min manat ödəmə mənbəyində vergi tutulmayıb.
Dövlət qurumu tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinin tələblərinə tam əməl edilməyərək auditlə əhatə olunan dövr üzrə 1 mln. 316 min 856,4 manat ƏDV məbləği gec ödənilib, ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsində 658 min 428,2 manat maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub.
“Azəristiliktəchizat” ASC müstəqil hüquqi şəxsdir. Nizamnamə kapitalı 19,266 mln. manat olmaqla 963300 ədəd adi səhmlərdən ibarətdir. Səhmlərin 100%-i dövlətə məxsusdur.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovdur. Mətbuatda yayılan məlumatlara görə, Yaşar Həsənov tabeliyindəki işçilərə təhqiramiz ifadələrlə müraciət edir.
“Sədr keçirilən iclaslara yalnız telefon bağlantısı ilə qatılır”.Bu sözləri bir müddət əvvəl virtualaz.org saytına açıqlamasında ASC-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib. O bildirib: “İclaslarda hər rayondan qazanxana rəhbəri, mühəndislər, ustalar iştirak edirlər. Sədr isə işçilərinə hər kəsin yanında “xiyar”, “eşşək” kimi ifadələrlə müraciət edir. Təhqir olunan əməkdaşlar isə işdən çıxarılmağın qorxusundan etiraz edə bilmirlər”.
İdarə əməkdaşı deyib ki, bir dəfə sədrdən iclaslara telefonla qatılmasının səbəbini soruşublar: “Sədr isə cavabında dedi ki, bəs siz kinolara baxmırsınız. Corc Buş da iclaslara telefonla qatılır. Hətta Rəsul Quliyev də partiyasını telefonla idarə edir”.
Mütəxəssis deyib ki, son illər Bakıda yeni qazanxanalar tikilib: “Qazanxanaların təmir və tikintisinə milyonlarla manat vəsait sərf olunur. Lakin əsas paylayıcı xətlər dəyişdirilmir. Məsələn, 40-50 il istismar olunan paylayıcı xəttin dəyişməməsi qazanxanaların fəaliyyətində problemlər yaradır”.
Mənbə qeyd edib ki, tikinti işlərinə də Y.Həsənovun qaynı və bacısı oğlu nəzarət edir. Yeri gəlmişkən bir məqamı da deyək ki, Y.Həsənovun fəaliyyətindən hətta iqtidar mənsubları da narazıdır. Məsələn, deputat Adil Əliyev bir müddət əvvəl öz facebook səhifəsində bu cümlələri yazmışdı: “2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsində istilik sistemi və təchizati obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. Ümumi 2005-2010-ci illərdə isə istilik sisteminə üst- üstə təxminən 77 milyon manat ayrilib. Dostlar, bu rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm. Sadəcə cənab Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən onların millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram”.
MilliYol.Az
Digər xəbərlər
loading...