Qərb analitikləri bu məsələdə qəti əminliklə danışmırlar
Çərşənbə axşamı İŞİD terror təşkilatının paytaxtı hesab edilən Raqqa şəhəri ABŞ-ın dəstəklədiyi, əsasən kürd və bir qədər də ərəb silahlılarından təşkil olunan hərbi birliklər tərəfindən azad edilib.
Bu hadisə ümumdünya “İslam xilafəti” ideyasını indki dövrdə puç etmiş kimi görünür.
Lakin Qərb mediası İŞİD kimi təşkilatın tamamilə yox edildiyi barədə informasiyalara ehtiyatlı yanaşırlar.
İsveçrənin “Le Temps” qəzetinin yazarı Lui Lema da bu fikirdədir.
Lema şəhər uğrunda döyüşlərin olduqca ağır və qanlı keçdiyini təsvir edir. Onun yazdığına görə, savaşın ən qızğın gecəsində şəhərə hər səkkiz dəqiqədən bir bomba atılıb. Həmin gün isə mindən çox dinc sakin bombardmanlar zamanı həlak olub. Hər iki tərəfin silahlıları arasında itkilərin sayının 3,2 mindən çox olduğu deyilir.
Lema buna rəğmən əsl döyüşlərin hələ qabaqda olduğunu yazır. Çünki onun fikrincə, “İŞİD beynəlxalq koalisiyaya malik dövlət olduğu üçün onun müxtəlif yerlərdəki qalıqlarının ləğvi bir o qədər çətin və qanlı keçəcək.
İsveçrəli jurnalist şəhərin kürd dəstələri tərəfindən azad edilməsinə rəğmən ordakı əhalinin əsasən sünni ərəblərdən təşkil olunduğuna diqqət çəkir. O, sünni ərəblərin münaqişədə söz sahibliyindən məhrum edilməsinin xəta olduğunu düşünənlərdəndir. Onun fikrincə, şəhərdə ərəblərin avtoritetə malik nümayəndələrindən ibarət mülki şura yaratmaqla onların təmsilçilik məsələsini həll etmək olar.
“Məhz təmsilçilikdən məhrum olmaları sayəsində bir çox sünni ərəb İŞİD-ə tərəf meyllənməyə başladı. İŞİD isə məğlub olmasına baxmayaraq, yerdəki tərəfdarlarına yeni üsyan və cihada hazır olmalarını tapşırıb”,- Lui Lema xəbərdarlıq edir
“İtaliyanın “La Repubblica” qəzetinin redaksiya yazısında Raqqanın azad olunmasının və terrorçuların qaçaraq dünyanın hər yerinə səpələnməsinin ortaya yeni suallar çıxardığı yazılıb.
Qəzet müəllifinin firkincə, “xilafət” qalıqları müxtəlif bölgələrdəki özəkləri vasitəsilə yenidən qruplaşmağa çalışacaqlar.
“La Repubblica” İŞİD-in toplana biləcəyi ölkələri də göstərib:
Liviya- Ölkə bütünlüyündə tam hakimiyyətə malik dövlətin olmaması Liviyanı terrorçular üçün ən cazibəli məkana çevirir. İŞİD-in 2017-ci ildə Sirta şəhərindən qovulmasından sonra terrorçu təşkilatın döyüşçüləri ölkənin cənubunda tarixi Fəzzan vilyətindəki kəndlərdə yerləşiblər.
İraq- İraq ordusu və kürd peşmərgələri arasında toqquşmalar terrorçuların Dibis vilayətində peyda olmasına şərait yaradıb. Haviya şəhəri uğrunda döyüşlərdən sonra terrorçuların əlində Suriya ilə sərhəddə, Əl Qaim şəhəri ətrafında geniş ərazilər qalıb.
Suriya- İŞİD hələ də Deyr-əs-Zordan cənuba, İraq sərhədinə doğru böyük əraziyə nəzarət edir. Bu səbəbdən Suriya ordusu bu bölgəni də terrorçulardan qurtarmağa çalışır.
Əfqanıstan- İŞİD-in döyüşçüləri burada hegemonluq uğrunda başqa bir terrorçu təşkilat “Taiban”la mübarizə aparır. Bəzi məlumatlara görə, Onlar bu məqsədlə qəddarlığı ilə ad çıxaran “Həqqani şəbəkəsi” ilə də əlaqə yaradıblar. İŞİD-in Əfqanıstandakı əsas dayağı Nangərhar vilayəti sayılır.
Qafqaz- İŞİD burada “Qafqaz vilayəti” adlı qruplaşma ilə təmsil olunur. Onların bölgədəki əsas rəqibi “Qafqaz imarəti” adlı təşkilatın rəhbəri Əliəsbəh Kebekov iki il öncə rus xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Bu səbəbdən Rusiyaya qarşı cihad savaşı İŞİD-çilərin ixtiyarına keçib.
Bundan başqa, qəzet Misirdə, Filippinlərdə, Afrikanın bir çox ölkələrində İŞİD-ə biət etmiş terror qruplaşmalarının olduğunu xatırladır.
“The Wall Street Journal”-dan Yaroslav Trofimov İŞİD-in tam olaraq yox olmasa belə, Yaxın Şərqin hazırkı dövrdə irəliyə doğru addım atdığını yazıb. “İndi əsas məsələ vaxtilə İŞİD-in doldurduğu vakuumdan kimin istifadə edəcəyi ilə bağlıdır”, - jurnalist qeyd edir.
Almaniyanın “Tagesspiegel” qəzetinin yazarı Kristian Bömeni də eyni sual düşündürüb.
“İŞİD-çilərin tam olaraq məhv edilməsi prosesi başa çatmayıb. Onların bir çoxu gizli partizan müharibəsi aparmaq üçün yoxa çıxıblar. Bu adamlar mövcud münaqişələrdən istifadə etməyi gözəl bacarırlar. Hakim elitaların korrupsiyalaşması, kasıblıq, gələcəkdə hansısa perspektivin olmasına olan inamsızlıq, habelə məzhəblər arasında düşmənçilik ərəb dünyasının ən aktual probemləri sayılmalıdır. Məhz bütün bunlar hərbiləşdirilmiş fundamentalizmi qidalandırır”, - Böme qeyd edir.
MilliYol.Az
Digər xəbərlər
loading...