Referendum Bərzaniyə baha başa gələ bilər
İraq mərkəzi hökumətinə tabe olan silahlı birləşmələr - federal polis, antiterror birlikləri və “Həşdi Şabi” qüvvələri - bazar günü sabaha doğru Kərkük istiqamətində əməliyyatlara başlayıb. İlk etapda İraq qüvvələri Kərkük ətrafında iki neft yatağında, eləcə də bir hərbi hissədə nəzarəti ələ keçirib. Ələ keçirilən neft yataqları Baba Qurqur və Bay Həsən olub. Bundan başqa gecə sabaha doğru qaz istehsalı mərkəzi və elektrik stansiyası da ordu qüvvələrinin nəzarətinə keçib.
Ən ciddi toqquşmalar Tuzhurmatıda - türkmən qəsəbəsində yaşanıb. Burada qəfil hücum edən peşmərgə gücləri İraq ordusu qüvvələrinin bir neçə hərbçisini qətlə yetirib. Ancaq daha sonra əraziyə “Həşdi Şabi” birlikləri göndərilib və kürdlər Tuzhurmatının əsas hissəsini, o cümlədən Bağdad-Ərbil arasında əsas yollardan birini təslim edərək geri çəkiliblər.
Oktyabrın 16-da gündüz saatlarında isə İraq qüvvələri Kərkükə doğru yürüşə başlayıb. Mərkəzi ofisi Ərbildə yerləşən “Rudaw” telekanalı peşmərgələrin Kərkükün cənubundan geri çəkildiyi haqda xəbər yayıb. Bundan dərhal sonra kürd muxtariyyəti geri çəkilən peşmərgələri əvəz etmək üçün Ərbildən Kərkükə əlavə qüvvələr göndəriləcəyi barədə açıqlama versə də, bu məlumat doğrulanmadı. Bundan başqa, sözçü ABŞ koalisiyası üzvləri ilə birlikdə Ərbildə toplantı təşkil olunacağını deyib.
Şimali İraq Kürd Administrasiyası Təhlükəsizlik Şurasının twitter səhifəsindən yayılan açıqlamada isə İraq qüvvələrinin peşmərgə qüvvələrinə hücum etdiyi haqda xəbər paylaşıb. Kərkükün cənubundan başlayan hücumda “Abrams” tankları və “Humvee” zirehli maşınlarından istifadə olunub.
Qeyd edək ki, İraq hökumət qüvvələri Kərkük əməliyyatını baş nazir Heydər Abadinin əmrinə əsasən, Kərkük və digər bölgələrdə mərkəzi hökumətə tabe qüvvələr tərəfindən nəzarətin bərpa olunması məqsədi daşıyır. Kərkük, Tuzhurmatı və digər ətraf bölgələr 2014-cü ildə İŞİD hücumları zamanı İraq hökumətinin nəzarətindən çıxıb. Həmin vaxt bölgəyə yerləşdirilən peşmərgə qüvvələri tədricən bu şəhərlərdə nəzarəti ələ keçirib. Yeri gəlmişkən, kürd muxtariyyətinin konstitusiyada nəzərdə tutulan əraziləri 40 min kv.km-dir. Ancaq son rəqəmlərə görə, Bərzaniyə tabe olan qüvvələr ümumilikdə 61 min kv.km əraziyə nəzarət edir. Bunların da arasında Kərkük və Tuzhurmatı kimi strateji əhəmiyyətli bölgələr də var. Bu səbəbdən də dünya ölkələri İraq hökumətinin əməliyyatını açıq şəkildə qınamayıb. Ancaq həm ABŞ, həm də Rusiya hərbi əməliyyatların narahatlıq doğurduğunu, problemin danışıqlarla həll olunmasına çağırış ediblər.
Həmçinin İraq baş naziri Ərbili referendumun nəticələrini ləğv etməyə səsləyib. Yalnız bundan sonra danışıqlar aparıla biləcəyini açıqlayıb. Bundan başqa, oktyabrın 16-da baş nazir Abadi Bərzaniyə tabe olan və mərkəzi hökumətə tabe olmayan Kərkük valisi Nəcməddin Kərimi vəzifəsindən azad edib. Onun yerinə daha əvvəl valinin müavini postunu tutmuş Rakan Səid Əli Cubari Kərkükə yeni vali təyin olunub.
Televiziyada çıxış edən baş nazir Abadi bildirib ki, ordu qüvvələrinin Kərkük ətrafındakı hərəkətinin əsas səbəbi bölgədə federal hakimiyyətin təmin etməkdir. Bununla bağlı Kərkük xalqına müraciət edən baş nazir onları hökumət qüvvələri ilə əməkdaşlıq etməyə çağırıb. Ancaq baş nazirin azad etdiyi vali Nəcməddin Kərimin Kərkükdə səfərbərlik elan edərək əhalini silahlandırdığı haqda xəbərlər yayılıb. BBC-nin Kərkükdə olan müxbiri şəhərdən mülki əhalinin kütləvi şəkildə qaçmasını əks etdirən foto yayıb. İraq ordusu isə bəyan edib ki, Kərkük şəhərinə hücum əmri verilməyib, ordu yalnız ətraf bölgələrdə möhkəmlənir. Kərkük beynəlxalq hava limanı K-1 hərbi bazasının İraq ordusunun nəzarətinə keçdiyi, bu zaman ciddi qarşıdurmanın baş verdiyi, bölgədən qatı duman yüksəldiyi xəbərləri yayılıb. Axşama doğru hökumət qüvvələri Kərkükün valiliyi də daxil olmaqla, böyük hissəsini nəzarətə götürdüyünü açıqlayıb.
Ancaq müşahidəçilər yaxın saatlarda prezident Fuad Məsumun vasitəçilik cəhdlərinin alınmayacağı təqdirdə Kərkükdə hərbi əməliyyatların başlanmasının qaçılmaz olduğunu qeyd edir. Amerikalılardan ibarət heyətin Ərbildə apardığı danışıqların hansı nəticə verəcəyi, hərbi toqquşmadan vaz keçilməsi mübhəm sual olaraq qalır.
Məsələ ondadır ki. Bağdad Ərbillə hər hansı siyasi bazarlığa getmək istəmir. Referendumun nəticələrinin ləğv olunması, eləcə də Ərbilin İŞİD sonrası ələ keçirdiyi əraziləri mərkəzi hökumətə geri qaytarmasını tələb edir. Bərzani hakimiyyəti isə bazar etmək və referendum nəticələrinin ləğvi qarşılığında hansısa güzəştlər istəyir. Bağdadın isə geri yolu yoxdur. Məhz bu səbəbdən Abadi hökuməti referendum deyil, kürdlərin ələ keçirdiyi bölgələri geri qaytarması tələbi ilə əməliyyatlar başladır. Bu isə suveren dövlətin müstəsna haqqıdır. Kürdlər 1970-ci il konstitusiyasında onlara tanınmış ərazilərdə hazırda ən yüksək muxtariyyətə sahibdirlər, orduları, polis, parlament, hökumətləri var. Ancaq Bərzani siyasi avantüraya gedərək müstəqillik tələbi ilə referendum keçirdi. Kürd liderin yeni dövlət yaratması mümkünsüz görünsə də, müstəqillik səsverməsi Bərzaninin həm siyasi mövqeyini gücləndirmiş olacaq, həm də Bağdaddan daha çox güzəştlər, eləcə də torpaq qoparacaqdı. Ancaq Bağdad daha sərt reaksiya verdi və indi faktiki olaraq dünya açıq şəkildə Bərzaniyə kömək edə bilmir. Ehtimal ki, toqquşmanın daha da böyüməsinin qarşısı alınsa da, Bərzani tutduğu bölgələrdən çəkilməli olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...