“Xəlifə" Əbubəkr əl-Bağdadi uzun müddət qalmayacaq. İŞİD müdafiəyə keçib, o sürətlə məğlub ediləcək. Bəs cihad, terrorizm, İraq və Suriyadakı müharibələr, Yaxın Şərqdəki xaos? Əfsus ki, bütün bunlar “İslam dövləti” ilə birlikdə yox olmayacaq”.
Publika.az xəbər verir ki, bunu Fransanın “Le Monde” nəşrində jurnalist Alen Fraşon “Xəlifə”nin məğlubiyyəti “İslam dövləti”nin sonunu bildirir?” başlıqlı məqaləsində yazıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama 2017-ci ilin yanvarına (həmin vaxt Ağ Evi tərk edəcək – red.) kimi İraqın Mosul və Suriyanın Rakka şəhərlərini İŞİD-dən təmizləməyi arzulayır. Müəllif qeyd edir ki, İŞİD-in əsas qalaları hesab edilən Mosul və Rakkanın azad edilməsi “dövlət”in sınmasına, təxminən 6 milyon insanın əsarətdən azad olmasına gətirib çıxaracaq.
Bununla belə, Alen Fraşon hesab edir ki, aldanmaq lazım deyil: “İraq-Suriya faciəsini “İslam dövləti” yaratmadı, onu yalnız ağırlaşdırdı. Əksinə, “İslam dövləti” bu faciədən doğuldu. Rakka və Mosulun alınması ilə “İslam dövləti”nin rüşeymi dağıdılacaq. Hərbi məğlubiyyət onun əsas elementlərindən birini - məğlubedilməzlik imicini alacaq. Ancaq ilhamverici ideologiya, sünni cihadizmi bu və ya digər formada onu dirçəldəcək. Sünni ərəblərinin bədbəxtliyi qaldıqca, bu faciə davam edəcək”.
Müəllif qeyd edir ki, sünni ərəblər İraqda əhalinin 20, Suriyada isə 60 faizini təşkil edir. Region ölkələrinin bölündüyünü yazan jurnalist şiə dövləti İranın Bağdaddakı şiə hakimiyyətini, Səudiyyə Ərəbistanı və Türkiyənin isə sünniləri dəstəklədiyini bildirib.
“İŞİD-ə qarşı mübarizə hərbi-siyasi xarakter daşıyır. Söhbət yalnız İŞİD-in Rakka və Mosuldan qovulmasından getmir. Azad edilən sünni şəhərlərinə kim nəzarət etməyə başlayacaq? Əgər Əl-Fəllucə nizami qoşun deyil, şiə qoşunu ilə alınarsa, sünnilərin qəzəbi İŞİD-in yeni hücumlarına simpatiyasında özünü ifadə edəcək. İŞİD-in dağıdılan “dövlət”i sünni bədbəxtliyi ilə diriləcək və təcəssüm edəcək, “xəlifə”nin məğlubiyyəti cihadizmin dirçəlişinə gətirib çıxaracaq, “dövlət”dən partizan müharibəsinə keçid olacaq. Bu hansı vaxtlara qədər davam edəcək? Cavab: Suriya və İraq əhalinin müxtəlif qrupları üçün bərabər hüquqlar təmin edənə kimi. Bu bütöv bir nəslin işidir”, - Alen Fraşon hesab edir.
MilliYol.Az
Digər xəbərlər
loading...