“Elmed” Tibb Mərkəzi müğənni Nazim Paşiyarinin ittihamlarına cavab verib.
Əməliyyatı icra edən həkim, “Elmed” Tibb Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Elman Əzimov APA-ya açıqlamasında bildirib ki, Nazim Pişyari əməliyyat olunmadan bir gün öncə vəziyyəti ağırlaşıb və təcili yardım vasitəsilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Həmin vaxt N. Pişyariyə “Kəskin kalkulyoz xolesistit, İnsulindən asılı olmayan şəkərli diabet” (K-81.0. E-11) diaqnozu qoyulub: “Xəstə sonradan bizim tibb mərkəzinin poliklinika şöbəsinə müraciət edib. Həkim-terapevt tərəfindən müayinə edildikdən sonra ultrases müayinəsinə göndərilib. UZİ-də ona ademioz və kalkulyoz xolesistit diaqnozu qoyulub. Sonradan xəstə cərraha göndərilib və mənim tərəfimdən qəbul edilib. Xəstə ailəsi ilə birgə bir neçə dəfə mənim yanımda olub. Əvvəlcə vəziyyətə uyğun olaraq onlara əməliyyatın aparılmasının hazırda mümkün olmadığını izah etməyə çalışdım. O isə bir neçə dəfə mənə yaxınlaşaraq əməliyyat olunmasını təkid edib. Xəstənin təkidlərindən sonra qərar verdik ki, onu vəziyyətdən çıxarmaq lazımdır. O öz istəyi ilə mənim tərəfdən əməliyyat edilməsinə razılaşdı.
"Biz Nazimi ağır vəziyyətdən çıxartdıq ki, ölməsin. Həmin gün xəstə əməliyyat olunmasaydı, çox böyük faciə baş verəcəkdi"
Əməliyyat laparoskopik-lazerlə icra olundu və biz onu ağır vəziyyətdən çıxartdıq ki, ölməsin. Həmin gün xəstə əməliyyat olunmasaydı, çox böyük faciə baş verəcəkdi. Sonradan onu başa saldıq ki, əməliyyatın növbəti etapları lazım ola bilər. Çünki onda baş verən hadisələrin hamısı patoloji proseslə bağlı idi, mənimlə yox. Əməliyyatın laparoskopla icra olunmasının da səbəbi var idi. Ona görə açıq əməliyyat aparmadım ki, xəstə növbəti əməliyyatları həyata keçirə bilsin. Bu gün onun yaşaması, növbəti əməliyyat etdirə bilməsi ilk əməliyyatın nəticəsində mümkün olub”.
E. Əzimov vurğulayıb ki, əvvəlcədən öd kisəsində hansı zədələnmənin baş verdiyi, hansı prosesin getdiyi məlum olmayıb. Onun sözlərinə görə, bu səbəbdən əməliyyatdan sonra nəticələr müayinə üçün Milli Onkologiya Mərkəzinə göndərilib: “Orada gələn cavabda qeyd edilib ki, diaqnoz öd kisəsinin adenokarsinoması - xərçəngdir. Bu barədə onun yaxınlarına məlumat verilib. Bundan sonra bizə irad bildirdilər, niyə xərçəngə əl vurmusuz? Mən xərçəngə əl vurmamışam, lazerlə əməliyyat etmişəm və burada heç bir taktiki, texniki, psixoloji səhv olmayıb. Heç bir cərrah da onu deyə bilməz ki, əməliyyatda hansısa səhv olub. Kimsə nəsə deyirsə, bu, bizə qarşı olan absurd, ədalətsiz mövqedir. Xəstədə olan ağırlaşmalara uyğun növbəti müalicələr aparılacaqdı. Sadəcə, onlar imkan vermədilər ki, növbəti addımları ataq. Sonradan xəstə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına gedib, oradan xəstəyə və mənə deyilib ki, onda onkoloji problem var. Bu insanlara olanları başa sala bilmirik. Çünki onlar qərəzli mövqe tutublar. Bizdən sonra İsrailə müraciət edilib və oradakı xəstəxanadan verilən cavablar da bizdə var. Həmin cavabda da onkoloji xəstəlik, Azərbaycanın Milli Onkologiya Mərkəzinin verdiyi cavab inkar edilmir. Əməliyyatdan ən azı 3 ay keçməli idi ki, orada olan iltihabi proses sönsün və yenidən əməliyyat olsun. Türkiyədə Nazim avqust ayında əməliyyat edilib və bu vaxta kimi də lazım olan 3 ay müddət keçib. Bu imkanı da biz Azərbaycanda düzgün əməliyyat etdirməklə yaratmışıq”.
Həkim əlavə edib ki, Nazim Pişyarinin sonradan Türkiyə və İsraildə etdirdiyi əməliyyatlar Azərbaycanda da icra olunur: "Azərbaycanda bunlar icra edilirsə, niyə başqa ölkəyə gedirsən? Mən o zaman gedərəm ki, pulum var, öz ölkəmdə deyil, gedib başqa ölkədə əməliyyat etdirirəm. Xəstə İsraildə əməliyyat edilməyib, müayinə olunub. Stend qoyulması üçün RCP bizdə müayinə sayılır və 700-800 manatdır. Amma İsraildə ona 20 min xərcləyiblər. İkinci əməliyyat da Azərbaycanda icra olunur, biz də istəyirdik ki, onu burada həyata keçirək. Sadəcə, imkan vermədilər. Azərbaycanda bu əməliyyatlar 2000-3000 manata icra olunur, onlar xaricdə 100 minə kimi pul xərcləyiblər. Nazim Bakıya gələn kimi mənim yanıma gəldi ki, İsrail və Türkiyədə xərclədiyi pulları qaytarlm, yoxsa başqa cür olacaq. Bizim klinikaya qarşı tərəfdən əməliyyat üçün yalnız 1000-1200 manat pul ödənilib. Qarşı tərəf onkologiyanı-onkoloji xəstə olduğunu qəbul etmir. Qarşı tərəfin ittihamlarından biri də maddiyyatla bağlı olub. O deyir ki, əməliyyatı pulu düşündüyüm üçün etmişəm. Əslində isə Azərbaycanda icra olunan əməliyyatlar ən ucuzudur. Əməliyyat çox çətin və mürəkkəb prosesdir. 1000 xəstədən 1-i narkozun ağırlaşmasından ölür, o da ola xəstədə hansısa patologiya olsun. Öd kisəsi daşı və polipi diaqnozu kişilərdə demək olar ki, olmur. Əgər kişilərdə öd kisəsi daşı varsa, bu o deməkdir ki, onun öd yolunda ciddi anomaliya var. Biz ona görə həmin xəstələrə xüsusi yanaşır və patologiyanı gözləyirik. Dünyada kişilərdə öd daşı ilə bağlı ağırlaşmalar 30%-ə yaxındır”.
"Bu insanlar hələ bilmirlər ki, dedikləri sözlərin məsuliyyəti, insanları çaşdırmaq, tibb mərkəzinin işğüzar imicinə ziyan vurmaq qanunvericilik qarşısında məsuliyyətdir"
“Elmed” Tibb Mərkəzinin direktoru Ramil Quliyev isə APA-ya açıqlamasında deyib ki, bu gün tibb mərkəzi haqqında bəzi KİV-də qarayaxma kampaniyasının aparılmasından narazılıq edib. Bunun bəzi şəxslər tərəfindən məqsədli şəkildə aparıldığını deyən R. Quliyev qeyd edib ki, bu gün kiminsə vəkilinin “Elmed” Tibb Mərkəzində qeydə alınmayan ölüm hadisəsi haqqında yanlış məlumat verməsi qanunvericiliyə zidd olan məsələdir: “Azərbaycanın qanunları var və hər bir məsələ qanunla tənzimlənməlidir. Bu insanlar hələ bilmirlər ki, dedikləri sözlərin məsuliyyəti, insanları çaşdırmaq, tibb mərkəzinin işğüzar imicinə ziyan vurmaq qanunvericilik qarşısında məsuliyyətdir. Mətbuata belə dezinformasiyalar yayan hər kəs qanunla cəzalandırılacaq. Məsələ ilə bağlı məhkəmə öz qərarını verəndən sonra biz də qərarlarımızı verəcəyik. Bu gün heç bir addım ata bilmirik, çünki heç bir şey hüquqi müstəviyə minməyib. Hamı iddia edir, ortaya isə hələ ki, heç bir fakt qoyulmayıb. Fakt olandan sonra öz həkimimiz, digər bizə qarşı olan insanlar haqqında qərarlarımızı deyəcəyik. Bu gün mətbuatda qarayaxma aparan, imicə ziyan vurmaq istəyən hər kəs cəzasını alacaq”.
R. Quliyev Binəqədi Rayon Məhkəməsi tərəfindən “Elmed” Tibb Mərkəzinin əmlakına həbs qoyulmasını da qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, məhkəmə, hakim məsələlərə düzgün yanaşmalı, obyektiv qiymət verməlidir: “Bu qərarlardan şikayət olunub, yəqin ki, yaxın günlərdə bununla bağlı açıqlama verəcəyik. Hər şey hüquq çərçivəsində həll edilməlidir, heç kim hüquqdan qaça bilməz. Hər kəs qanunlara tabedir və qanun hər birimizdən alidir. Etdiyimiz hərəkətlərin hamısının üzərində qanun durur. Bu vaxta kimi deyilənlərə cavab verməməyimizin səbəbi məhkəmənin, hüququn cavabını, qanunvericiliyi gözləməyimiz olub”.
“Elmed” Tibb Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Elman Əzimovun vəkili Elvin Səlimov da baş verənlərə münasibət bildirib. Vəkil APA-ya açıqlamasında deyib ki, müğənni Nazim Pişyari televiziya efirlərindən və informasiya saytlarından həkim Elman Əzimov barəsində onun işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayır və ictimaiyyəti çaşdırmağa çalışır. Onun sözlərinə görə, bununla bağlı müəyyən məqamları çatdırmaq vaxtıdır: "Bu günə kimi fikrilərimizi ictimaiyyətə çatdıra, işin həqiqi tərəfləri barədə məlumat verə bilmirdik. Çünki Nazim Pişyarinin dedikləri sənədlərlə təsdiq olunmalı idi. Lakin bu sənədlər ortaya çıxarılmadığı üçün konkret fikirlər ortalığa qoyulmayıb. Nazim Pişyari iddia edir ki, ona Azərbaycanda yanlış olaraq onkoloji diaqnoz qoyulub. Bununla bağlı tibb mərkəzini və cərrah Elman Əzimovu günahlandırıb. Halbuki cərrahiyyə əməliyyatından sonra Nazim bəyin öd kisəsi müayinə üçün Milli Onkologiya Mərkəzinə göndərilib. Oradan gələn cavabda - 2 rəydə öd kisəsinin adenokarsinoması, yəni öd kisəsinin şişi olan törəmənin olduğu müəyyən olunduğu əksini tapıb. Buna uyğun olaraq Nazim bəyə müvafiq müayinə və müalicənin keçirilməsinin vacibliyi bildirilib. Elman Əzimov tərəfindən müalicələrin davam etdirilməsi təklif olunsa da, o bundan imtina edərək İsrailə üz tutub. Sonradan isə Türkiyədə yenidən əməliyyat olunub".
"Bu qərar hakim tərəfindən mülkiyyət hüquqlarının pozulması, kobud qanun pozuntusudur və buna görə hakim cavab verməlidir"
Vəkil N. Pişyarinin ictimaiyyətdə yanlış fikirlər formalaşdırdığını bildirib: “Bu məsələni qabardan və ictimaiyyətə məlumat verən özüdür. Cəmiyyətdə də belə fikir formalaşır ki, guya onu xəstə salan və səhv diaqnoz qoyan Elman Əzimovdur. Biz isə sənədlərlə sübut etməyə çalışırıq ki, belə deyil. Əksini sübut etmək istəyirlərsə, ortaya sənədlər qoysunlar. Məhkəməyə əsli olan bir sənəd təqdim edilməyib, sənədlərin hamısı kserosürətlərdir”, - deyə o əlavə edib.
E. Səlimov qeyd edib ki, qarşı tərəf Binəqədi Rayon Məhkəməsinə 62 min dollar məbləğində maddi ziyanın və 100 min manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi verib. İddia ərizəsinin heç bir əsasının olmadığını deyən vəkil vurğulayıb ki, oktyabrın 26-da məhkəmədə ilkin hazırlıq iclası olacaq, iş hakim Almaz Süleymanovanın icraatındadır: “Lakin oktyabrın 4-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Elmed” Tibb Mərkəzinə və həkim Elman Əzimova məxsus əmlak üzərinə, o cümlədən “Elmed” Klinikasının bank hesabları üzərinə Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarının müddəaları nəzərə alınmaqla həbs qoyulub. Qərarların icrası Binəqədi rayon icra şöbəsinə və Qəbələ rayon icra şöbəsinə həvalə edilib. Biz həmin qərarların əsaslı və qanuni olmasını mübahisələndirmişik. Çünki hazırkı mərhələdə həbs qoyula bilməzdi. Məhkəmə müəyyənlik prinsipini nəzərə almalı idi. Oktyabrın 11-də Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə həmin hakimin hərəkəti və qərəzli mövqeyi ilə bağlı şikayət ərizəsi yazaraq müraciət edilib. Bu qərar hakim tərəfindən mülkiyyət hüquqlarının pozulması, kobud qanun pozuntusudur və buna görə hakim cavab verməlidir. Görsək ki, həmin hakim qərəzli mövqeyində qalır, o zaman işin başqa hakimə verilməsi üçün müraciət edəcəyik. Biz ədalət, hüquq tələb edirik. Hansısa vasitələrlə indidən belə absurd qərarlar çıxarılırsa, onda məhkəmə araşdırmasının nəticəsini əvvəlcədən demək, istədikləri qərarı çıxaracaqlarını düşünmək mümkündür”.
Qeyd edək ki, müğənni Nazim Pişiyari bildirib ki, "Elmed" Tibb Mərkəzində cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" onu əməliyyat edən həkimin səhv diaqnoz qoyduğunu və ciddi cəzalandırılmasını tələb edir. O bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
MilliYol.Az
Digər xəbərlər
loading...