Son günlər kərə yağının qiymətindəki gözlənilməz artım əsas narahatedici məsələyə çevrilib
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev kərə yağının qiyməti ilə bağlı verdiyi açıqlamada bildirmişdi ki, artım gömrük rüsumları ilə əlaqədar deyil. Komitə sədrinin sözlərinə görə, ölkəyə gətirilən kərə yağına tətbiq edilən rüsumda heç bir dəyişiklik, artım yoxdur.
Axar.az-ın verdiyi məlumata görə, son günlər dolların kursunda da sabitlik var və buna görə də kərə yağının qiymət artımına idxal qiyməti də təsir edə bilməz.
Bəs, maraqlıdır, qiymət artımına səbəb nədir?
Dünya bazarında yağın qiyməti
Məlumdur ki, ölkəyə idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir. 2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85%-dək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə 30%-dən çox bahalaşıb. Hazırda da bu qiymət bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir və artım tendensiyası davam edir. Lakin hazırda satışda olan kərə yağları 1 tonunun qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınmış və Azərbaycana idxal olunmuş mallardır. Əslində, normal olaraq qiymət hazırda satışda olan kərə yağına şamil edilməməlidir. Ancaq sahibkarlar satdıqları yağın pulu ilə yeni alacaqları yağı kompensasiya etmək, daha doğrusu, ənənəvi olaraq, dünya bazarındakı bu artımdan öz məqsədləri naminə bəhrələnməkdədirlər.
Qeyd edək ki, Azərbaycanda sahibkarlar köhnə qiymətlə aldıqlarını yeni qiymətə satmalarını, qiymət artarkən, “alacaqları malın bahalığı”, qiymət ucuzlaşarkən isə “baha qiymətə almaları” ilə “əsaslandırmağa” çalışırlar.
Qiyməti qaldıran yağlı quru süddür
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a açıqlamasında bildirmişdi ki, əslində bu artım 2016-ci ilin avqustundan başlayıb. Ekspertin fikrincə, ümumiyyətlə, bu sahədə qapalı dairə mövcuddur. E.Hüseynov deyib ki, yağın qiymətinə təsir edən əsas amil yağlı və yağsız quru süd arasındakı kəskin qiymət fərqidir:
“Südün qiyməti aşağı düşürsə, fermer çökür, inəyi ətə çevirir, bundan sonra südün və yağın qiyməti qalxır və ya əksinə.
Quru süd qiymətləri ilə bağlı vəziyyət isə belədir: Normalda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona görə 100-200 dollar olur. Hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 dollar bahadır. Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər və yağlı süd, yağsız südə baxanda daha az miqdarda süd tozuna çevrilir. Bundan başqa, həmişə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olardı, 200-1200 dollar arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır”.
Beləliklə, dünya bazarında yağ bahalaşır. Bu bahalaşmanın Azərbaycan bazarına “dərhal” təsir etməsi isə sahibkarların sui-istifadəsidir.
Ekspertin sözlərinə görə, bir müddətdən sonra əks proses başlayacaq – fermerlər baha qiymətə satıldığı üçün yağ istehsalını artıracaqlar və bu da yağın ucuzlaşmasına səbəb olacaq. Ancaq təəssüf ki, azərbaycanlı sahibkarlar bahalaşmanı “dərhal” Azərbaycana daşısalar da, ucuzlaşmanı ən sonda hiss etdirir və yaxud, ümumiyyətlə, tətbiq etmirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...