Özünəqəsd faktlarının çoxalması narahatlıq yaradır
Hər gün intihar xəbərlərini eşitmək adi hal alıb. Dünən Qusarda 17 yaşlı qız özünü qayadan atdı, bu gün Salyanda 21 yaşlı gənc özünü asdı, bu saatdan sonra canına qəsd edənlərin kim olacağı isə hələlik bəlli deyil. Bəlli olan odur ki, intihar faktları günbəgün artır. Bütün cəmiyyətlərin qarşısında aciz qaldığı bu problem Azərbaycan üçün də aktualdır. Ölkədə heç bir rəsmi qurumda həyatına qəsd edənlərin statistikası aparılmır. Əksər hallarda isə intihar olayı «bədbəxt hadisə» kimi qeydə alınır. Bununla belə, orta hesabla hər ay Azərbaycanda 30 intihar faktının baş verdiyi rəsmi mənbələr tərəfindən açıqlanır və dünyada intihar edənlərin təxminən 1%-i Azərbaycanın payına düşür.
Təəssüf ki, intiharları durduracaq effektiv bir metod yoxdur. Amma mübarizə üsulları var. Mütəxəssislərin fikrincə intiharla mübarizə ilk növbədə insanların özünə psixoloji yardımı ilə bağlıdırsa, ikinci yerdə medianın bu mövzuya həssas yanaşması gəlir. Psixoloq Elnur Rüstəmovun AzNews.az-a verdiyi məlumata görə, intihar xəbərləri verdikcə, bu faktlar artır.
"İntihar hər zaman olub. Məsələ burasındadır ki, əvvəllər bu məsələlər bu qədər işıqlandırılmırdı, mətbuat bu qədər yayqın deyildi, sosial şəbəklər yox idi. Bütün bunlar intihar hallarının artmasına vəsilə olur. Qəbul etmək lazımdır ki, psixoloji problemlər çoxdur. Bu tək Azərbaycanda yox, bütün dünyada problemdir. İntihar bütün dünyada artıb. Hər bir insan psixoloji sağlamlığının qeydinə qalmalıdır. Biz demokratik bir ölkədə yaşayırıq. Buna baxmayaraq, hökumət bir qadağa tətbiq edə bilər ki, intihar xəbərləri yığışdırılsın. Sovet hakimiyyəti dönəmində kimsə çıxıb evinin damından özünü atırdı, deyirdilər ki, ora gəzməyə çıxmışdı, sürüşüb yıxıldı. Sovet onu intihar kimi deyil, ehtiyatsızlıq kimi qələmə verirdi .Bizdə intihar etməyəni də intihar kimi veririk. Lakin KİV-lə məhdudlaşırdırmaq olmur axı?! İnsanlar sosial şəbəkələrdən istifadə edir. Nə etsinlər, telefonları alsınlar, yoxsa interneti kəssinlər? Bunun konkret mexanizmi yoxdur".-deyə psixoloq bildirir.
Millət vəkili Aydın Mirzəzadə də intihar faktlarının çoxalmasında medianın daha çox məsuliyyət daşıdığı qənaətindədir. Onun fikrincə KİV-də mövzu məhdudiyyətinin qoyulmaması, ancaq neqativ xəbərlərin artmasına gətirib çıxarır. Mənfi yük insanın şüurunda toplanır.
" Bəzən ruhi xəstələrin intiharı xüsusi qabardılır: təfərrüatlar, şəkillər verilir. Bununla da psixoloji durumu gərgin olan şəxslər bəzən qadınlar, gənclər heç cür bu informasiyanın təsirindən çıxa bilmir. Bu da üst-üstə yığılır və çıxış yolunu intiharda görürlər. Mətbuatda bu xəbərllərin verilməsini bir düşünmək lazımdır. Mətbuat azadlığı deyilən bir şey var. Mətbuata bunu yazma da demək olmaz. Bu artıq mətbuatın kapitallarının üzərinə bir məsuliyyət kimi düşür ki, nə dərəcədə bu xəbərləri yayma və yaxud tirajlamaq lazımdlr. Şübhəsiz ki, bu məsələdə mətbuatın azadlığına kölgə salmadan hər belə xəbərlərin manşetə çıxarılmaması, onun daha çox yayılmasının qarşısını almaq barədə düşünmək lazımdır.
Müxtəlif saytlara giriririk. Hər saytın birinci xəbəri ölüm, intihar olanda bir intihar hadisəsi haqda informasiya 10 dəfə bizim beynimizə daxil olur. Bu ciddi məsələdir. Bunun üzərində düşünmək, bunun hüquqi tərəfini tapmaq vacib məsələrdən biridir. Hesab edirəm ki bununla bağlı intihara gətirib çıxaran bütün yollar nəzərdən keçirilməlidir. Bunların hər biri üzrə iş aparılmalıdır. İş yerlərinin, əmək haqqının artırılması, ailədaxili problemlərin psixoloji yardımla həlli ilə özünəqəsdin qarşısını almaq olar".
ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa öndə gedir.
MilliYol.Az
Digər xəbərlər
loading...