Azərbaycanın orta məktəblərinin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyinin müəllifləri Təhsil Nazirliyinə çağırılıb
Bu barədə AzVision.az-a təhsil üzrə ekspert, dərsliyin müəlliflərindən biri olan Kamran Əsədov bildirib.
O, deyib ki, dərslikdə yer alan qondarma erməni xəritəsinə görə müəlliflərə hər hansı cəza tətbiq edilməyib.
“Müəlliflər nazirliyə çağırıldı və məsələnin məğzi öyrənildi. Ancaq müəlliflərlə bağlı hər hansısa cəza tədbiri görülməyib. Burada müəlliflər günahkar deyil. Günahkar Təhsil Nazirliyi, dərsliyi yoxlayan ekspertlər, ictimai müzakirəyə bir ay qalmış səhvi görməyənlərdir. Həmin bölməni mən yazmamışam. Xəritə seçimində də iştirak etməmişəm. Mən Azərbaycan bölməsinə baxmışam. Burada Elmlər Akademiyasının da günahı var. Məsuliyyət dərsliyi yoxlayan orqanların üzərinə düşür”.
Ekspert kitabın ruslar tərəfindən yazıması ilə bağlı Türkiyə mətbuatında gedən iddialara da münasibət bildirib: “Dərsliyin yazılmasında iştirak edən 9 müəllifin içində mən olmaq şərti ilə hamısının yaxınları, qohumları Azərbayacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid verib. Dərsliyin hazırlanmasında Rusiya faktorunun olmasından söhbət gedə bilməz. Tenderdə bizdən başqa üç dərslik var idi. Bu dərslik digərləri ilə müqayisədə yüksək qiymətləndirilərək tenderdən keçdi. Burada nə hansısa ölkənin, nə də hansısa şəxsin marağı olub”.
Qeyd edək ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən etirazlara səbəb olub. Həmin dərsliyin müəllifləri sərt tənqid edilib. Təhsil Nazirliyi açıqlama yayaraq dərslikdə kobud səhvə yol verildiyini etiraf edib. Nazirlik bəyan edib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...