“Azərsu”nun prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynov Füzuli rayonundakı “Haramı düzü” deyilən ərazidə məskunlaşan 250 məcburi köçkünə cəhənnəm əzabı yaşadır
Araz Hüseynovun və şəriklərinin zülmü ilə üzləşən Füzuli rayonu Haramı düzündə məskunlaşan 250 məcburi köçkün adından Yenicag.az-a müraciət edən fermer Vilayəddin Həsənovun qeyd olunan ərazidə yaşananlarla bağlı danışdıqları insanın qanını dondurur.
“Biz Haramı düzündə 1997-ci ildə Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə məskunlaşmışıq.
Həmin ərazidə 28 fermer təsərrüfatı yaradılıb, orada faktiki olaraq, 250 məcburi köçkün məskunlaşıb, yaşayır və işlə təmin olunub.
Təsərrüfatlarımızda 8 min baş qoyun, 1000 başdan çox qaramal var. Biz o təsərrüfatlarda hər il 6 min tona qədər buğda, 260 tondan çox ət istehsal edirik.
İcra başçısı Alı Alıyev bizim yerləşdiyimiz o əraziləri “Bank Respublika”nın sahibi Natiq Quliyev və “Azərsu”nun prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynovun müştərək yaratdıqları “Natural Aqro” MMC-yə satıb. “Azərsu” həmin torpaqları bizdən alaraq, orada taxılçılıqla məşğul olmaq istəyirdi.
Bizim həmin ərazilərdən 2028-ci ilə qədər istifadə etməyimiz üçün Alı Alıyevlə müqavilə imzalanıb. İcra başçısı o əraziləri satmaq üçün dövləti də, baş naziri də aldadıb.
Həmin insanların harasa çıxıb getməyə imkanları yoxdur. Çıxmaq istəsələr belə, hara gedəcəklər? Onların heç birinin getməyə, ailələrini aparmağa nə yerləri, nə də pulları yoxdur.
Bu qanunsuzluqlara etiraz edən bir neçə nəfər həbs olunub. Bir nəfər isə intihara cəhd edib, hazırda Beyləqan rayon xəstəxanasındadır.
Daxili İşlər Nazirliyinə etdiyimiz şikayəti araşdırmaq üçün Füzuli Rayon Polis Şöbəsinə göndəriblər – aydın məsələdir ki, heç bir araşdırma aparılmır”.
– Sizin verdiyiniz məlumatlardan belə məlum olur ki, Haramı düzündə məskunlaşmış 250 məcburi köçkün yenidən didərgin düşmək təhlükəsi ilə üz-üzə qalıb. Orada nə baş verir, sizə problem yaradan kimlərdir?
– Bizə problem yaradan “Bank Respublika”nın sahibi Natiq Quliyev və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynovdur. Onlar Füzulinin icra başçısı Alı Alıyevlə nəsə işbirliyi yaradıblar və Alı müəllim bizim yenidən məskunlaşdığımız, təsərrüfat quraraq, işlə təmin olunduğumuz o əraziləri demək olar ki, həmin şəxslərə satıb. Onlar da bizim o ərazidə yaratdığımız bütün infrastrukturu dağıdıblar.
– Siz o ərazilərdə nə vaxtdan məskunlaşmısız?
– Haramı düzündə qış-otlaq sahələri deyilən bir ərazi vardı. O ərazi 1997-ci ilə qədər Beyləqan rayonunun inzibati ərazisinə daxil idi. Rəhmətlik Ulu öndərimiz o vaxt Füzuli rayonundan olan məcburi köçkünlərin sayının çoxluğunu nəzərə alaraq, həmin torpaqları Beyləqan inzibati ərazisindən ayıraraq, Füzuli rayonuna verilməsini qərara aldı. Biz də həmin tarixdən orada məskunlaşmışıq.
Yəni bu məsələ Ulu öndərimizin göstərişi ilə olub. Bundan sonra bizim orada məskunlaşmağımız və təsərrüfat yaratmağımız üçün rayonun keçmiş rəhbərliyinə tapşırıq da vermişdi. O vaxt biz rayon rəhbərliyinin sərəncamı əsasında Haramı düzündə müəyən əraziləri icarəyə götürərək, fermer təsərrüfatları yaratmışıq. Həmin ərazidə 28 fermer təsərrüfatı yaradılaraq, fəaliyyət göstərib. Orada faktiki olaraq, 250 məcburi köçkün məskunlaşıb, yaşayır və işlə təmin olunub. Bundan başqa, o ərazinin yaxınlığında məskunlaşan əlavə 700 məcburi köçkün də daimi və ya mövsümi işlə təmin olunub.
Yəni dediyim ərazi vaxtilə əhalinin məskunlaşmadığı boş bir düzənlik olub. Biz Ulu öndərin göstərişi və dəstəyi ilə orada məskunlaşdıqdan sonra ərazidə yaxşı təsərrüfatlar yaratmışıq, öz hesabımıza kilometrlərlə su xətləri çəkmişik, transformatorlar quraşdırmışıq, çox sayda müxtəlif ağaclar əkmişik, yaşamağımız üçün evlər və heyvanların saxlanması üçün tikililər inşa etmişik. Bir sözlə, həyat üçün normal şərait qurmuşuq və oradakı fermer təsərrüfatları ölkənin ərzaq proqramının həyata keçirilməsinə öz töhfəsini verir.
– Adlarını çəkdiyiniz şəxslərin həmin ərazilərə iddiaları nə vaxt baş qaldırıb?
– Onların bu iddiaları 2014-cü ildən – Alı müəllim icra başçısı təyin edildikdən 2 il sonra yaranıb. Yəni Alı müəllim başçı təyin olunana qədər dövlət bizim məskunlaşmağımıza, təsərrüfat qurmağımıza və onları genişləndirməyimizə hər cür dəstək göstərib, bizə külli-miqdarda subsidiyalar verilib, bizim güzəştli kreditlərlə kənd təsərrüfatı texnikası almağımıza şərait yaradılıb.
Ancaq 2014-cü ildən sonra Alı müəllim nədənsə, o torpaqları bizdən almaq fikrinə düşüb, bizə dövlətdən ayrılan bütün yardımları kəsib. Əvvəl bir qrup o torpaqları almaq üçün əraziyə gəldi. Ancaq bizim orada məskunlaşdığımızı, təsərrüfatla məşğul olduğumuzu görüb, fikirlərindən daşındılar. Sonra 2015-ci ildə “Azərsu”nun adamları gəldilər, bizimlə görüşüb, söhbət elədilər və çıxıb getdilər.
– “Azərsu”nun adamları o əraziləri nə məqsədlə almaq istəyirdilər?
– Onlar həmin ərazidə böyük bir təsərrüfat yaratmaq məqsədi ilə gəlmişdilər.
– “Azərsu”nun adından?
– Bəli. Onlar həmin ərazidə deyəsən, taxılçılıq təsərrüfatı yaratmaq istəyirdilər. Ancaq dediyim kimi, biz özümüz taxıl istehsal edirik.
– “Azərsu” Haramı düzündə taxılçılıqla məşğul olmaq istəyirdi?
– Gələn nümayəndələr gəlişlərinin məqsədini bizə o cür izah elədilər. Biz də onlara özümüzün taxılçılıqla məşğul olduğumuzu bildirdik. Ondan başqa, pambıq, şəkər çuğunduru və bostan bitkiləri də əkirik, mal-heyvan da saxlayırıq. Təsərrüfatlarımızda 8 min baş qoyun, 1000 başdan çox qaramal var. Bütün bunlar böyük bir təsərrüfat deməkdir.
– Natiq Quliyev də gəlib ora?
– Bəli, Natiq Quliyev bu il – 2017-ci ildə ora gəlib. Özü də hədə ilə, ciddi fikirlərlə gəlib. Bilirsiz, Alı müəllim bizim o təsərrüfatları Natiq Quliyevə vermək üçün dövləti də, baş naziri də aldadır. Belə ki, Alı müəllim həmin təsərrüfatların ləğvi, daha doğrusu təyinatının dəyişdirilməsi üçün baş nazirə məktub yazaraq, məskunlaşdığımız ərazilərin tamamilə boş olduğunu göstərib.
Bildirib ki, o ərazilər guya boşdur , istifadəsizdir və orada böyük təsərrüfat yaratmaq mümkündür. Baş nazir də cavabında səhv etmirəmsə, 2017-ci il fevralın 7-də buna uyğun 97-S saylı bir sərəncam imzalayıb. Ancaq orada bizim təsərrüfatların adı çəkilmir. Yəni baş nazir sadəcə olaraq, təsərrüfat yaradılması məqsədi ilə “Natural Aqro”ya yer ayrılması üçün sərəncam verib.
Alı müəllim də o sərəncamı gətirib, sırf bizim təsərrüfatlara aid etməyə çalışır. Onlar Natiq Quliyev və Qorxmaz Hüseynovun oğlu Araz Hüseynovun şərikliyi ilə “Natural Aqro” deyilən bir MMC yaradıblar. Alı müəllim də icra başçısı olaraq, bizim məskunlaşıb, istifadə etdiyimiz torpaq sahələrini üst-üstə sərəncamları ilə “Natural Aqro”ya verib. Yəni bizim təsərrüfatlar ləğv olunmayıb, Alı müəllimin özünün vaxtında bizim o torpaqlardan 2028-ci ilə qədər istifadə olunması haqqında müqavilələr imzalanıb. Bax, belə bir qarmaqarışıqlıq yaradıblar.
Başda rəis Xaqani Məmmədov olmaqla, Füzuli Rayon Polis Şöbəsinin az qala bütün əməkdaşları, rəisin müavini Rauf Ağakərimov, ikinci müavini İsa Hacıyev və mayor Mobil Nuriyevin şəxsi canfəşanlıqları ilə gəlib bizim təsərrüfatlarımızın bütün torpaq sahələrini, əkin vvə örüş yerlərini üç-dörd günün içində sözün həqiqi mənasında şumladılar. Hətta mal-qaranın otarılması üçün cüzi yer də saxlamadılar. Texnikanın çıxa bilmədiyi yerlərdə isə şumu yarımçıq qoydular. Bununla da oradakı insanları həmin əraziləri tərk etmək məcburiyyətinə gətirdilər.
Bütün su xətlərini dağıtdılar, 200-dən çox ağaçımızı bir gündə kökündən çıxarıb məhv elədilər. Bu barədə Ekologiya Nazirliyinə xəbər verdik, oradan nümayəndələr gəlib ölçüb-biçdilər, faktı təsdiqlədilər və dedilər ki, bu məsələ ilə Baş Prokurorluq məşğul olacaq. Bildiyimizə görə, həmin iş Füzuli rayon Prokurorluğuna verilib. Ancaq heç bir araşdırma aparılmır.
– Yəni məskunlaşdığınız ərazidə artıq heç bir həyat şərti qalmayıb. Bəs əhali necə yaşayır?
– Əhali çox çıxılmaz bir vəziyyətdə qalıb. Dediyim kimi su xətlərini dağıdıblar, işığımızı kəsiblər… Bunun da göstərişini verən icra başçısı Alı Alıyevdir.
– Eşitdiyimizə görə, həmin ərazidə polislə əhali arasında toqquşma da olub…
– Buna toqquşma demək olmazdı… Sadəcə, onların qanunsuz hərəkətlərinə müəyyən etirazlar edildi və bu da sivil qaydada baş verdi, hər hansı müqavimət-filan olmadı… Ancaq polislər orada qanunsuz həbslər apardılar.
Sakinlərdən bir nəfəri aparıb, döyərək xəsarət yetirdilər, qulağına 8 tikiş qoyuldu. Sonra da o şəxsə heç bir qanuni əsas olmadan 10 sutka həbs cəzası verdilər.
Həbsdə olduğu müddətdə isə Füzuli rayon Prokurorluğunun əməkdaşları üç dəfə onun yanına gedərək, torpaqdan imtina ərizəsinə qol çəkməyə məcbur etmək istəyiblər. Deyiblər ki, qol çəkməsən, sənə əlavə 5 il iş verəcəyik. Bax, bu qaydada hədəyə-şantaja keçiblər.
3-4 gün əvvəl polislər yenə gəlib, ərazidəki qalan infrastrukturu da dağıtdılar, bunun da görüntülərini təqdim edəcəm. Soruşanda ki, məhkəmə qərarı olmadan, bir rəsmi göstəriş olmadan bunu hansı əsasla edirsiz, yenə Əli adlı şəxsi başçı ilə görüşdürmək adı altında aparıb həbs etdilər. Ona da heç bir əsas olmadan 25 sutka həbs cəzası verdilər. O adam hələ də həbsdədir, ailəsi isə Haramı düzündə qazsız, işıqsız, susuz qalıb…
Məhkəmənin onun barəsində çıxartdığı qərarı oxudum. Orada qeyd olunub ki, guya İlham adlı şəxs Haramı düzündə boru xətlərini sökərkən, Əli gəlib ona etiraz edib, İlham polis çağırıb, Əli isə polislərin əmrinə tabe olmayıb. Buna görə də Əliyə 25 sutka həbs cəzası verilib. Ancaq məhkəmədə soruşulmayıb ki, İlham orada hansı xətləri, kimin xətlərini sökürdü? Orada 30-ya yaxın mülki, 15-20 polis əməkdaşı şəxs olsa da, şahid qismində heç kim dindirilməyib, heç birindən izahat alınmayıb. Təsəvvür edin, Əlini polis şöbəsinə aparana qədər hakim artıq həbs qərarını yazıb hazırlayıb. Sonra qərarı oxuyub, Əliyə həbs cəzası veriblər.
– Oradakı sakinlər nə fikirdədirlər, çıxıb getmək niyyətləri varmı?
– Həmin insanların harasa çıxıb getmək imkanları belə yoxdur. Qış qapının ağzında, şərait çox pis, vəziyyət olduqca gərgin… Həmin dağıntı işləri bu gün də davam etdirilir. Sakinlərdən bir nəfər isə gücü heç nəyə çatmayaraq, intihara cəhd edib. Onun vəziyyəti ağırdı, hazırda Beyləqan rayon xəstəxanasına yerləşdirilib. Polisdən və prokurorluqdan gəlib, o şəxslə maraqlanan da yoxdur…
Biz polisin bu qanunsuzluğu ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə qəbula gəlmişik. Bizi qəbul ediblər, ərizəmizi alıblar və kollektiv surətdə yazdığımız ərizənin araşdırılması üçün onu Füzuli Rayon Polis Şöbəsinə göndəriblər. Bu halda isə aydın məsələdir ki, hər hansı araşdırma aparılmır, nəticə ilə bağlı heç kəsə nə yazılı, nə də şifahi formada bir məlumat verilmir. O cümlədən, Prokurorluqda da eyni vəziyyətdir.
Araz Zeynalov
Fermer Vilayəddin Həsənovun şikayəti:
Fizuli sakinlərinin etirazı:
MilliYol.Az
Digər xəbərlər
loading...