"Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qəbul edilən qərar ABŞ-a yaraşmayan davranışdır. Bu, müttəfiqlik münasibətlərinə zidd addımdır. Hisslərlə verilmiş qərarlara dövlət idarə edilməz”
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Böyük Millət Məclisindəki qrup yığıncağında deyib.
Baş nazir qərardan çox təəssüfləndiyini dilə gətirib və bildirib ki, dövlətlər arasındakı problemlər danışaraq həll edilməlidir:
"Ölkələr arasında davamlı düşmənlik olmaz. Bunlar müttəfiq dövlətlərdirsə, bu cür qərar verib vətəndaşları cəzalandırmaq ABŞ kimi böyük bir ölkəyə yaraşmaz və bu davranış problemin həllinə heç bir yardım göstərməz. Buna görə ABŞ-ı daha sağlam düşünməyə çağırıram”.
B. Yıldırım ABŞ-ı FETÖ terror təşkilatının rəhbəri Fətullah Güləni hələ də bəsləməkdə ittiham edib: "Ölkəmizdə cinayət törətmiş biri haqqında hüquqi tədbirlər görmək üçün sizdən icazə almalıyıq?! Niyə hələ də Fətullah Güləni orda bəsləyirsiniz? Cinayət törətmiş şəxsin ABŞ hökumətinin işçisi olması ona heç bir üstünlük vermir”.
Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. (apa)
MilliYol.Az
Digər xəbərlər
loading...