Azərbaycanın iki əsas sement istehsalçısı olan “Norm” MMC və “Holcim” MMC daxili bazarı paylaşa bilməsələr də, bazardakı kiçik rəqiblərini asanlıqla və əlbirliyi ilə vurub bazardan çıxarırlar
Hər iki sement monopolisti daxili bazar uğrunda mübarizədə qanunları pozmaqdan belə çəkinmir.
Ölkənin iki ən iri sement istehsalçısı olan olan “Norm” MMC və “Holcim” MMC arasındakı rəqabət amansız şəkil alır. Bu barədə MilliYol-u məlumatlandıran mənbə bildirir ki, rəqiblər daxili bazar uğrunda savaşda bütün vasitələrdən, hətta qeyri-qanuni yollardan belə istifadə etməkdən çəkinmirlər.
Məsələn, “Norm” MMC-nin keçmiş işçilərindən biri MilliYol-a bildirib ki, onun işsiz qalmasının əsas səbəbkarı keçmiş “Qaradağ sement”, yəni “Holcim” MMC-dir. Belə ki, mənbənin sözlərinə görə, o, “Norm” MMC-də məsul vəzifədə çalışıb, lakin “Qaradağ sement”dən əlverişli təklif alıb. Belə ki, “Qaradağ sement”in rəhbərliyi ona “Norm-Sement”in verdiyindən ikiqat əmək haqqı vədi verib və o da bu təklif qarşılığında “Norm-Sement”i tərk edərək, “Qaradağ sement”də işə qəbul olunub.
Mənbə bildirir ki, o, 5 ay “Qaradağ sement”də çalışıb və bu müddət ərzində “Norm” MMC-yə aid olan kommersiya sirrlərini “Holcim” MMC-nin rəhbərliyinə verib. Maraqlı orasındadır ki, “Holcim” MMC-nin rəhbərliyi “Norm” MMC-yə aid olan kommersiya sirrlərini əldə etdikdən sonra onu işdən qovub. Hazırda isə mənbəmiz heç bir yerdə işə düzələ bilmədiyini deyir. “Holcim” MMC-nin rəhbərliyi sadəcə olaraq mənim bütün karyeramı və gələcəyimi məhv elədi”, deyə mənbə bildirib.
Mənbə onu da vurğulayıb ki, “Norm” MMC də “Holcim” MMC-yə qarşı eyni cür davranır. Yüksək maaş adı altında orada çalışan mütəxəssisi dəvət edərək ondan rəqib tərəfin bəzi kommersiya sirrlərini öyrəndikdən sonra həmin şəxsi işdən atıb.
Başqa bir mənbədən əldə etdiyimiz məlumatda isə vurğulanır ki, sement bazarındakı hər iki monopolist bu cür üsullara tez-tez əl atırlar. Xüsusilə bazara yeni girmək istəyən şirkətlərin yetkili əməkdaşları bu yolla ələ alınır, daha sonra isə adamları küçəyə atırlar.
Həmçinin mənbə bildirib ki, “Norm” MMC qara PR aparmaq üçün iqtisadiyyat sahəsində ixtisaslaşmış saytlardan və mətbu orqanlardan istifadə edir. Belə ki, həmin saytların rəhbərlərinə və yazarlarına müxtəlif hədiyyələr, mükafatlar verilir və ələ alınır, “Holcim” MMC əleyhinə yazılar yazdırırlar. Mənbəmizin iddiasına görə, ölkə mediasında “Holcim” MMC əleyhinə gedən əksər yazıların sifarişçisi “Norm” MMC-dir.
Bundan başqa, mənbəmiz bildirir ki, “Norm” MMC reklam kampaniyası aparan zamanda rəqiblərini üstələmək üçün bütün qanuni və etik normaları ayaqlar altına atır. Mənbə Cənubi Qafqazın ən böyük sement zavoduna sahib olduğunu iddia edən “Norm” MMC şirkətinin reklam kampaniyasına diqqət çəkir: “Şirkətin televiziya kanallarında yayımlanan reklamında deyilir ki, “Norm əsl sementdir”. Reklamın sloqanından belə məntiqi nəticə çıxır ki, başqa sement istehsalçılarının bazara çıxardıqları məhsul əsl sement deyil, başqa sözlə, saxtadır. “Haqsız Rəqabət Haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə, əmtəənin yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması istehlakçıların çaşdırılması hesab edilir və buna yol verilməməlidir. Əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi istehlakçıları çaşdırmağa yönəlmiş hərəkət hesab edilir”, deyə mənbə bildirib.
Eyni zamanda mənbə onu da qeyd edir ki, qanun pozuntusunda başqa bir sement şirkəti “Qaradağ-And” MMC-də “Norm”-dan geri qalmır: ““Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “Qaradağ-AND” MMC-yə 10.1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Bu barədə “Marja” saytında oxuya bilərsiniz. Həsmin məlumatda göstərilir ki, bu barədə İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir:
“Məlumat verildiyi kimi, “Qaradağ-AND” MMC-yə məxsus istehsalat sahəsindəaparılan yoxlama zamanı “Qaradağ-AND” əmtəə nişanlı M-400 və M-500 markalı sementlərin etiketində şəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərləmüəyyən edilmiş normadan artıq göstərilməsi, həmçinin bu sementlərin ümumitəyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı. Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında”Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “Qaradağ-AND”MMC-yə 10.1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdrı.
Bundan başqa, Xidmət tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində “Qaradağ-S” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ-S” adlı M-400markalı 40 kq-lıq sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə həmin sementin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən kənarlaşma həddinin yanlış göstərildiyi, “Qaradağ-S” adlı M-300 markalı 40 kq-lıq sementlərin qablaşdırıldığı kisələrinin üzərində isə çəkidə yol verilən maksimal kənarlaşma həddinin göstərilmədiyi müəyyənləşdirilmişdi.
Müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi müəyyən edilmişdi. Eyni zamanda müəssisədə istehsal edilən sementin laborator müayinəsi aparılmadan satışa çıxarıldığı aşkarlanmışdı. Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən “Qaradağ-S” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı”, deyə mənbə yuxarıda adı keçən saytdan sitat gətirir.
Yəqin ki, diqqətli oxucu maliyyə sanksiyalarının ancaq və ancaq xırda sement istehlakçılarına tətbiq edildiyinin fərqinə vardılar. Sanki İqtisadiyyat Nazirliyinin müvafiq xidmətinin işi “Holcim” MMC və “Norm” MMC-nin rəqiblərini bazardan çıxarmaqdır.
Sonda onu da xatırladaq ki, “Norm” MMC -nin hələ “Qafqazda ən böyük sement zavodu”nu tikən zaman ətrafdakı sement istehsalçıları ilə ciddi mübahisəsi düşmüşdü. Əsasən məcburi köçkünlərin iş yeri olan həmin sement istehsalı müəssisələrinin sement hazırladıqları yataqlar onların əlindən alınmışdı. Bu işdə “Norm” MMC-yə Qaradağ royonunun icra hakimiyyəti başçısı Süleyman Mikayılov da yardım etmişdi. Məcburi köçkün işçilərin və sahibkarların həmin ərazilərdən çıxarılmasına rayonun polis qüvvələri də cəlb edilmişdi. Həmin şirkətlər zor gücünə ərazidən, müvafiq olaraq da sement bazarından haqsızcasına qovulmuşdu. Sonra isə növbə yuxarıda qeyd edilən üsullar vasitəsilə digər rəqiblərə çatmışdı.
Yazıda adı keçən hər iki şirkətin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...