ABŞ prezidenti Donald Tramp və senator Bob Corker bir-birlərinə təhqir ediblər
Trump respublikaçı senatoru 2015-ci ildə İranla imzalanmış nüvə sazişinə görə suçlayıb. Corkersə deyib ki, prezident ölkəni 3-cü dünya müharibəsinə apara bilər.
«Senator Bob Corker mənə «yalvarırdı» ki, Tennessi ştatından yenidən seçilməsi üçün ona dəstək verim. «Yox» dedim və seçilə bilmədi», – Trump oktyabrın 8-də Twitter-də yazıb.
Corker Respublikaçılar Partiyasının aparıcı üzvü və Trump-ın keçmiş müttəfiqidir.
«O, həmçinin, dövlət katibi olmaq istəyirdi. «Xeyr, çox sağ ol» dedim. O, qorxulu İran sazişindən ötrü böyük məsuliyyət daşıyır», – Trump yazıb.
«O BİZƏ İRAN SAZİŞİNİ VERDİ»
Bununla ürəyi soyumayan prezident elə həmin gün sosial şəbəkədə fikirlərinin ardını gətirib:
«Bob Corker bizə İran sazişini verdi, məsələ bundadır. Bizə səhiyyə, vergi islahatı lazımdır, adamların işlə təmin olunması lazımdır».
Trump sələfi Barack Obama dövründə, 2015-ci ildə imzalanmış nüvə sazişini bir neçə dəfə pisləyib. Ötən ay BMT Baş Assambleyasında deyib ki, bu, «Birləşmiş Ştatların indiyədək daxil olduğu ən pis, ən birtərəfli sövdələşmədir».
Saziş çərçivəsində Tehran beynəlxalq sanksiyaların yüngülləşdirilməsi əvəzində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb.
Oktyabrın 15-də Trump Tehranla sazişə zəmanət verməlidir. Zəmanət verməsə, nüvə sazişinin taleyi Konqresin əlinə keçəcək. Senatın Xarici əlaqələr komitəsinin sədri olan Corker son qərarın verilməsində əsas rol oynaya bilər.
B.Corker daha öncə sazişi qüsurlu saydığını açıqlasa da, ondan tam imtinaya qarşı çıxıb.
CORKERİN CAVABI
65 yaşlı, Tennessi ştatından senator Bob Corker gələn il təkrar seçilməyə cəhd etməyəcəyini açıqlayıb. O, 2016-cı il prezident seçkisi kampaniyası zamanı Trump-ın milli təhlükəsizlik müşaviri kimi çalışıb, vitse-prezidentliyə, dövlət katibliyinə potensial namizəd sayılıb.
Corker oktyabrın 8-də Trampın tvitlərinə cavabında yazıb:
«Ağ evin böyüklər üçün bağçaya çevrilməsi utancvericidir. Bu gün səhər kiminsə növbəyə gecikdiyi görünür».
Senatdan istefa planlarını açıqlayandan bəri Corker Trampı daha çox tənqid etməyə başlayıb.
Oktyabrın 8-də «The New York Times» qəzetinin dərc etdiyi müsahibədə Corker deyib ki, Trump ofisiylə «realiti şou» kimi davranır, digər ölkələrə məsuliyyətsiz hədələr səsləndirir ki, bu da ölkəni 3-cü dünya müharibəsinə sürükləyə bilər.
«O məni narahat edir. O, xalqını düşünən hər kəsi narahat etməlidir», – Corker söyləyib. (azadliq.org)
MilliYol.Az
Digər xəbərlər
loading...