Dünya ölkələrində pensiya yaşının artırılması tendensiyasına qarşı çıxan Polşada bunun əksinə olan qərarın qəbulu müzakirələr yaradıb. Artıq bu ölkədə pensiya yaşı həm qadınlar, həm də kişilər üçün azaldılıb. Belə ki, artıq Polşada kişilər 65, qadınlar isə 60 yaşda pensiyaya çıxa biləcəklər. Polşada pensiyaçılar 413 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 8,2 il, qadınlar isə 20,9 il yaşayırlar. Dəyişikliyə qədər isə ölkədə həm qadınlar, həm də kişilərin 67 yaşda pensiyaya çıxması qərarı qüvvədə idi. Hökumət 2040-cı ilə qədər reallaşması nəzərdə tutulan plan hazırlamışdı və plan tədricən həyata keçriləcəkdi. Həmin ildən etibarən isə bu ölkədə həm qadın, həm də kişiləri 67 yaşında pensiyaya çıxarmağı düşünürdülər.
Ancaq hər şey tərsinə oldu. Hökumətin qadın və kişilər üçün pensiya yaşının tədricən 67-yə qaldırılması barədə 2012-ci ildə qəbul etdiyi qərar arxivə atıldı. 2015-ci ildə parlament seçkisində mandatlaırn çoxunu “Hüquq və ədalət” Partiyası qazandı və seçkiqabağı verdiyi vədlərdən birini- pensiya yaşının azaldılması vədini yerinə yetirmək üçün işə başladı. Deputatların əksəriyyəti dəyikliyi dəstəklədi. Dəyişiklik 2017-ci il büdcəsinə 240 milyon, 2018-ci il büdcəsinə isə 2,3 milyard avroya başa gələcək. Sorğuların nəticəsinə görə, rəyi soruşulanların 82 faizi dəyişiklikdən yararlanmaq niyyətindədir. Gələcəkdə bu say daha da artacaq.
Hökumət xalqı sevindirir, ruslar “absurd” deyir
Qadınların birdən-birə 7, kişilərin isə 2 il güzəşt almasını hökumət əhalinin sosial təminatnın daha da yaxşılaşdırılması tədbirlərilə izah edib. Ancaq bir sıra ekspertlər Polşada qüvvəyə minən qərarın ölkəyə mənfi təsirindən danışır.Xüsusilə, Rusiya narahat görünür. Rusiyanın Müasir İnkişaf İnstitutunun iqtisadçısı Nikita Maslennikov Polşada qəbul edilən bu qərarı “sadəcə absurd” kimi xarakterizə edib. Eyni zamanda Polşa hakimiyyətinin bu yöndəki çıxışını populist adlandıraraq maliyyə idarəetməsində yanlış qərarın mənfi nəticələr doğuracağını yazıb.İqtisadçının fikrincə, olduqca qısa müddət üçün pensiya yaşının endirilməsi iqtisadiyyata müəyyən qədər təkan verəcək. Ancaq bu, uzun müddət davam edə bilməz:
“Həmin yaşlarda işsizliyin azaldılması üçün də qısamüddətli yardım vəd edən qərardır. Ancaq cəmi 10 il sonra bu pensiya siyasəti əks effekt verməyə başlayacaq”.
Maslennikovun fikrincə, yaxın zamanda hökumət əhalinin alıcılıq qabiliyyətinin kəskin azaldığını müşahidə edəcək. Bu isə iqtisadiyyatda çöküşü sürətləndirəcək:
“Çünki bu qanun əmək bazarında uzunmüddətli perspektiv üçün vəziyyəti gərginləşdirəcək”.
Üzü 65-ə doğru...
Azərbaycanda isə pensiya yaşının həm qadınlar, həm də kişilər üçün artırılması barədə dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minib. Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanunda artıq dəyişiklik edilib və prezident qanunu təsdiqləyib.Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. Kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Azərbaycan pensiya yaşının artırlmasında əksər dünya ölkələrindəki kimi mrəhələli plandan isitfadə edəcək. Yəni, kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.
Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində müavinət verilir.
Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən, bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat müəyyənləşdirilib. Sonradan həmin məbləğ qanuna uyğun olaraq indeksləşdirilir.
Pensiyaçı neçə il yaşayır?
Pensiya yaşının artırılmasındakı əsas arqument orta ömrün artmasıdır.Yəni, insanlar pensiyaya çıxdıqdan sonra əvvəllər olduğundan daha uzun yaşayır ki, bu da dövlətin öhdəliklərini artırır.Ümumiyyətlə, pensiya yaşının müəyyən edilməsində pensiyaya çıxdıqdan sonra təqaüdçünın nə qədər yaşadığı əsas götürülür və dərin statistik təhlillər aparıldıqdan sonra qərar verilir.Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri məsləhət görür ki, bütün inkişaf etmiş ölkələrdə pensiya yaşı artırılsın. Çünki bu ölkələrdə orta ömür artır və pensiyaya çıxdıqdan sonra təqaüdçü uzağı 12 il yaşayır.
Az yaşayanlar daha tez təqaüdə göndərilir
Avropa ölkələrində pensiyaya çıxdıqdan sonra insanların daha uzun yaşamaq şansı var və bu, onlara münasibətdə dəyişkliyin əsasının təşkil edir.Keçmiş SSRİ respublikalarında isə vəziyyət bir qədər fərqlidir. Burda hələ də pensiya yaşının 58 olaraq qaldığı ölkələr var. Məsələn, Ukrayna. Burda pensiya yaşının artırılaraq 60-a çatdırılması barədə müzakirələr gedir və güman ki, dəyişikliklər Radada qəbul ediləcək. Ukraynda kişilər pensiyaya çıxdıqdan sonra 6,3 il, qadınlar isə daha çox- 21,1 il yaşayırlar. 12,3 milyon pensiyaçının olduğu ölkədə 2021-ci ilə qədər orta yaşla bağlı ciddi tədqiqatlar aparılacaq. Əgər orta ömrün azalması müşahidə ediləcəksə, o zaman dəyişiklik edilməyəcək. Belarusda pensiya yaşı 3 il artırılıb. İndi bu ölkədə qadınlar 58, kişilər isə 60 yaşda pensiyaya çıxarlar.
Yeni qərara qədər isə pensiya yaşı qadınlar üçün 55, kişilər üçün isə 60 yaş müəyyən edilmişdi. Kişilər pensiyaya çıxdıqdan sonra 5,6 il, qadınlar isə 20,9 il yaşayırlar. Rusiyada qadınlar 55, kişilər isə 60 yaşdan pensiyaya çıxırlar.Ancaq bu, son hədd deyil.Müzakirələr gedir və əgər hökumət dəyişkliyə qərar versə, qadınlar 63, kişilər 65 yaşda pensiyaya çıxacaq.
Pensiyaya çxıdıqdan sonra nə qədər yaşamağa gəlincə, müxtəlif ölkələrdə rəqəmlər fərqlidir.Fransa pensiyaçıları orta hesabla 1142 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 19,4 il, qadınlar isə 25,4 il yaşayırlar. Amerikada təqaüdçülər orta hesabla 1200 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 11,9, qadınlar isə daha uzun-16,5 il yaşayırlar. Çində pensiya yaşı 60-dır.Bu yaşda pensiyaya çıxan şəxslər orta hesabla 160 dollar alır. Kişilər üçün orta ömür 76, qadınlar üçünsə daha uzun- 97,7-dır.
Azərbaycan təqaüdçüsü necə yaşayacaq?
Bəs Azərbaycan pensiyaçısı aldığı təqaüdlə daha neçə il yaşayır? Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə orta ömür artır və 20 il əvvəllə müqayisədə bu artım daha çox hiss edilir. Rəsmi hesabata görə, 1995-ci ildə Azərbaycanda orta ömür uzunluğu kişilər üçün 65,2 yaş, qadınlar üçün 72,9 yaş olub. Həmin il üçün orta ömür 69,1 yaş göstərilib. 2000-ci ildə orta ömür 71,8 yaşa qalxıb. Kişilərin orta ömür uzunluğu 68,6 yaş, qadınların orta ömür uzunluğu 75,1 yaş olub. 2010-cu il üçün orta ömür uzunluğu 73,6 yaş olaraq qeyd edilib. Kişilər üçün orta ömür 70,9 yaş, qadınlar üçün 76,2 yaş göstərilib. 2014-cü ildə orta ömür uzunluğu 74,2 yaşa çatıb. Doğulanda orta ömür uzunluğu kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş olub. Bu isə o deməkdir ki, 65 yaşında pensiyaya çıxan Azərbaycan təqaüdçüsü dünyada qəbul edilən orta hesabla, yəni 12 ili yaşaya bilməyəcək.
Mənbə: cebhe.info
Digər xəbərlər
loading...