Azərbaycanda bir müddət əvvəl ləğv edilən cəza növü yenidən bərpa edilir. Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur.
Yeni maddədə cəza növünün mahiyyəti açıqlanır. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq. Dəyişikliklər layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan hüquqşünas Qanqa İbrahimov deyib ki, azadlığın məhdudlaşdırılması cəza növü 2011-ci ildə ləğv edilib: "Bu o zaman parlamentdə onunla əsaslandırılmışdı ki, həmin cəza ilə cəzalanmış şəxslərə, məhkumlara nəzarət etmək mümkün deyil və həmin dövr üçün bu cəza növü özünü doğrultmur. Yəqin 6 ildən sonra dövlət, hökumət bunun üçün nəzarət mexanizmi tapıb və yenidən bu cəza növünü bərpa edir".
"Ümumiyyətlə, cinayət-cəza sistemində bir yüngülləşmə, humanistləşmə nəzərdə tutan bir layihədir. Azadlığın məhdudlaşdırılması azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növüdür. Ola bilər ki, məhz bu yanaşmaya görə yenidən cəza sisteminə qaytarılıb. Düşünürəm ki, azadlığın məhdudlaşdırılması cəza növünün yenidən bərpa edilməsi müsbət olar" — İbrahimov bildirib.
Hüquqşünas Asif Abdullayev də Sputnik Azərbaycan-a açıqlamasında dəyişikliyin tətbiq olunmasını məqsədəuyğun hesab edir: "Yeni azadlığın məhdudlaşdırılması maddəsində daha çox elektron sistemlərdən istifadə, evdən müəyyən şərtlər əsasında buraxılmaq, müəyyən saat çərçivəsində evi tərk etmək icazəsi və s. məsələlər əksini tapıb. Bu, əsasən müəyyən cinayətlərə şamil olunacaq ki, onlara görə azadlıqdan məhrumetmə zəruri deyil. Bu, ondan irəli gəlir ki, müəyyən cinayətlər artıq cinayət sayılmır. Bu, müəyyən cinayət sayılan hərəkətlərin cinayət sayılmaması, cəzaçəkmə şəraitinin bir az yüngülləşdirilməsi, bəzi iqtisadi cinayətlərin cəza hissəsinə dəyişikliklərin edilməsi ilə bağlıdır".
Onun sözlərinə görə, azadlığın məhdudlaşdırılması cəza növü, özünü doğrultmadığı səbəbindən ləğv edilib: "İndiki dəyişikliyə əsasən, elektron bilərziyin tətbiq ilə bağlı müəyyən yeniliklər olacaq. Cəza faktiki olaraq ev şəraitində çəkiləcək və həmin şəxsin kənara çıxması məhdudlaşdırılacaq. Ola bilsin ki, müəyyən vaxt çərçivəsində kənara çıxmasına icazə verilsin. Bu, dövlət başçısının müvafiq sərəncamının icrasından irəli gələn məsələlərdir".
"Bunlar kompleks şəkildə tətbiq olunur. Məsələn, müəyyən cinayətlərə görə cəzalar yüngülləşdirilir. Əvvəl azadlıqdan məhrumetmə idisə, indi cərimə tətbiq oluna bilər və s. Azadlığın məhdudlaşdırılması ilə bağlı dəyişiklik və əlavələr düzgün tətbiq olunsa, müsbət nəticə verə bilər" — Abdullayev qeyd edib.
Hüquqşünas Azər Nağıyev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu cəza növü ancaq qanunda qalmışdı, təcrübədə tətbiq olunmurdu, bir növ ölü normaya çevrilmişdi deyə ləğv edilmişdi: "Amma görürlər ki, bu, xarici təcrübədə var. Hansı ki, müəyyən elektron cihazlardan istifadə olunmaqla bunun icrasına nəzarət edirlər. İndi düşünürlər ki, xarici təcrübədən istifadə edərək bunu ölkədə tətbiq edə bilərlər".
Qeyd edək ki, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev sentyabrın 29-da Milli Məclisdə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, təhlillər aparılarkən məlum olub ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb: "Belə halların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan yeni növ cəzanın — azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik.
Əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub. Lakin həmin cəza növü tamamilə fərqli idi, şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonradan cəza effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni, şəxslərə elektron nəzarət aparılacaq. Azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini təmin edəcək".
MilliYol.Az
Digər xəbərlər
loading...