Mixail Kuvırko
vz.ru, 04.10.2017
ÇXR liman əməliyyatçıları bütün dünya üzrə iştiraklarını sürətlə artırırlar. Çinlilərin son aylarda Avropa və yaxud Asiyada növbəti liman aldığı haqda məlumatlar müntəzəm yayılır. Liman ekspansiyası bir sıra ölkələrdə etirazlar doğurur. AB rəhbərliyi də buna qarşı etiraz edir. Lakin AB-nin Çin ekspansiyasından qorxmağına dəyərmi? Və Rusiyanın da bunu gözləməyinə dəyərmi?
“Journal of Commerce” sahə nəşrinin məlumatına görə, ÇXR-in üç ən böyük liman holdinqi – Cosco Shipping, Shanghai International Port Group (SIPG) və China Merchants Port Holdings (CMPort) – cəmi beş il ərzində başqa ölkələrdə iştirakını dörd dəfə, yatırım həcmini isə üç dəfə artırıb. Əvvəllər bu üç oyunçunun yatırım qoyduğu xarici limanların sayı onu keçmirdi. İndi bunlar artıq qırxdır.
Hətta, Splash 24/7 portalının dəyərləndirdiyinə görə, son bir ildə xarici limanlara Çin yatırımları iki dəfə çoxalıb – çinlilər 20,1 milyard dollarlıq ümumi məbləğ elan ediblər. Avropa limanlarının Çin stividorları (gəmi yükləyib-boşaldan şirkət-tərc.) üçün xüsusi dəyəri var. Məsələn, Cosco şirkəti iyunda İspaniyanın Noatum Port Holdings liman holdinqi səhmlərinin 51%-i 200 milyon avroya alıb, bu yaxınlarda isə Danimarkanın Maersk şirkətinin Zebryugge limanındakı (Belçika) konteyner terminalının 100% səhmlərini əldə edib.
“Wall Street Journal”-in dəyərləndirdiyinə görə, son sövdələşmənin dəyəri 42 milyon dollar təşkil edib. Yunanıstanda Pirey limanı səhmlərinin 51%-i, Rotterdamda Euromax terminalının 35%-i və İtaliyada bir neçə terminal Cosco şirkətinin Avropa aktivləri “kolleksiya”sındadır.
Keçən yay liman sahəsində əsas hadisələrdən biri isə Çinin CCCC konsorsiumunun (China Communications Construction Company) Hamburq limanında – Avropada ən qədim limanlardan birində yeni konteyner terminalının inşası üçün müsabiqədə hüquqi qələbəsi olub. Bu konsorsiumun xüsusən də dünyada ZPMC liman kranlarının ən böyük istehsalatının sahibi, Çinin ən varlı adamı, Alibaba şirkətinin yiyəsi Cek Ma daxildir. Dərinsu terminalının layihəsi ən böyük, müasir konteynerdaşıyanlara xidmət edə bilər.
Çinin Avropa hüdudlarından kənarda liman əldə etmək siyahısı daha heybətlidir. “Bu, hələ başlanğıcdır”, – deyə SPIG vitse-prezidenti Fan Huacin holdinqi 2015-ci ilin sonunda İsraildə Hayfa limanının inşası və istismarı sazişini udarkən bildirib. Çinlilər o an layihəyə tam 2 milyard dollar qoyaraq bu limanı ildə 1,86 milyon TEU (twenty-foot equivalent unit, TEU və ya teu – yük nəqliyyatı vasitəsinin tutum ölçüsünün şərti vahidi-tərc.) konteyner boşaltmaq həcmi ilə İsrailin ən böyük limanına çevirmək niyyətlərini elan ediblər. SPIG rəhbərliyi Hayfaya Şanxayla Dəniz İpək Yolu boyunca digər limanlar arasındakı yükləmə-boşaltma məntəqəsi kimi yanaşır.
Honkonqun CMPort şirkəti üçün yeni inkişaf nöqtəsi Latın Amerikası olub – sentybarın əvvəlində Braziliyanın Paranqua limanı səhmlərinin 90%-i 920 milyon dollara alınıb (çinlilər cəmi iki il ərzində onun gücünü indiki 1,5 milyon TEU-dan 2,4 milyona çatdırmağı planlaşdırırlar).
Ekspansiyanın daha bir mühüm məntəqəsi Şri-Lanka olub – ölkə hökuməti Xambantota limanı səhmlərinin 85%-i çinlilərə 1,12 milyard dollara satmağı bəyənib. Sazişin şərtlərinə əsasən, CMPort limanı və 11,5 kv.km-lik bitişik ərazini eksklüziv şərtlərlə 99 il müddətinə istismar hüququ qazanıb. Seylon hökuməti xüsusən də vəd edib ki, 15 il müddətində Xambantotanın 100 km-lik radiusunda stividor aktivlərinin inşasına heç bir yeni tender elan edilməyəcək. Eyni zamanda CMPort-un artıq Çri-Lankanın paytaxtı Kolomboda konteyner terminalı var və Xambantotann inkişafı sayəsində sinergiya (burada: əməkdaşlıq-tərc.) effekti əldə etməyi nəzərdə tutur.
Çin yatırımçıları məhz Şri-Lankada buddaçı rahiblər başda olmaqla yerli əhalinin ciddi müqaviməti ilə üzləşiblər. Onların qrupunun lideri Mahanama hələ ilin başlanğıcında bildirib ki, çinlilər 99 ildə – bu isə, ən azı, iki nəsil deməkdir – adada kök atacaq və torpağı qaytarmayacaqlar. Şri-Lanka hökuməti izah edib ki, çinlilərin borcundan qurtulmaq üçün bu şərtlərə getmək lazım gəlib, çünki liman onların krediti ilə inşa olunub. Lakin kütləvi etirazlardan can qurtarmaq mümkün olmayıb, bu üzdən konsessiyanın imzalanması bir neçə aya təxirə salınıb.
Ən böyük konteyner əməliyyatçısı HHLA şirkəti və limanın UVHH işverənlər assosiasiyasının CCCC konsorsiumunun layihəsinə qarşı çıxaraq artıq mövcud terminalların gücündən istifadənin gərəkdiyini bildirdiyi Hamburq limanında da Çin ekspansiyasından müdafiə qurublar.
Avropa Birliyi rəhbərliyi də liman sahəsinə və AB iqtisadiyyatının başqa əsas seqmentlərinə Çin yatırımlarının artmasını əsla alqışlamır. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker sentyabrın ortalarında Avropa parlamentində çıxış edərək Pekinin infrastruktur, yüksək texnologiyalı istehsal və energetika sahələrində Avropa şirkətlərini almaq imkanlarını məhdudlaşdırmağı təklif edib.
“Avropa limançılarının çinlilərə qarşı etirazı ilə bağlı durum yetərincə sadədir: doker həmkarları çox güclü qalıb və yeni yatırımçının nə edəcəyini anlamadan hər ehtimala qarşı öz mövqelərini önləyici şəkildə bəyan etməyi qərara alıblar, – InfraNews araşdırma agentliyinin rəhbəri Aleksey Bezborodov “Vzqlyad” qəzetinə bildirib. – Bu, qismən işçilərin aktivlərin modernləşməyini istəmədiyi duddizmə çəkir, lakin tək-tük istisnalarla Avropa limanlarında məhz modernləşmə tələb olunmur, hiss ediləcək ən yaxın yatırımlar onlara 15-20 ildən sonra lazım gələcək. Belə ki, dokerlərin rahatsız olacağı heç nə yoxdur – çinlilər artıq dəfələrlə sübut ediblər ki, maaşları azaltmaq, işçiləri qovmaq və s. həyata keçirməyəcəklər. Çin onsuz da artıq liman texnikasının dünya bazarında monopoliyaçı və yük axınının əsas qaynağıdır. Çin şirkətləri nə zamansa gələrkən bu yük axınını özüylə gətirir və bu, Çinin yatırım qoyduğu aktivlərə yalnz plyus gətirir”.
Bezborodov deyir ki, eyni zamanda qanunvericilik, vergilər və yatırımın dönüşü baxımından Avropa Çin şirkətləri üçün daha sabitdir. O vurğulayır: “Avropada Çinin liman ekspansiyasının arxasında heç bir “hiyləgər plan” yoxdur – bunun üçün harasa qoyulması lazım gələn artıq pullar gözaltı edilir. Avropa limanları isə profil şirkətlərin yatırımları üçün cəlbedici imkan ifadə edir. Bunlar durumdan doğan alqılardır”.
Onun qiymətinə görə, son beş ildə Çin şirkətlərinin Avropa limanlarındakı payı 5-8%-ə yaxınlaşır, lakin ən yaxın gələcəkdə Çin yatırımları dalğası tənəzzülə gedə bilər. ÇXR rəhbərliyi təkcə liman əməliyyatçılarını deyil, ümumən Çinin bütün iri şirkətlərini öz həvəslərini soyutmaq və ölkəyə yatırım qoymağa çağırır. Bütün bunlarda müəyyən məntiq var: keçən il ölkədən kapital axını 816 milyard dollar təşkil edib, bu da digərləri ilə yanaşı yuanın zəiflliyinə şərait yaradıb.
Çin hökuməti artıq xarici otellərə, idman klublarına, kinoteatrlara, oyun biznesinə yatırımları məhdudlaşdırmaq niyyətini bildirib. Başqa məsələdir ki, Çinin özündə hazırda limanlara yatırım üçün sərfəli imkanlar praktik olaraq yoxdur – hamısı artıq inşa edilib və işləyir. Buna görə də Bezborodov qeyd edir – ola bilsin, əməliyyatçılar dəmiryol layihələri və donanmaya pul qoyacaqlar. Avropanın özü “imtinaya getsə”, hələ Avstraliya, Hindistan, İndoneziya Şri-Lanka, Cənubi-şərqi Asiyanın başqa ölkələri var – Çin kapitalını yatırmaq üçün nöqtələr, hər şeydən öncə, Yeni İpək Yolu layihəsi çərçivəsində yetərindən də çoxdur.
Amma, bax, Çin liman əməliyyatçılarını Rusiyada gözləmək lazım gəlmir – Bezborodov əmindir ki, sadəcə, onlara bura pul qoymağa heç kim imkan verməz.
Doğrudan da, bu cür layihələr artıq çoxdan nəzərdən keçirilir, lakin əsaslı tərpənişlər gözə dəymir. Çinin Poly Technologies şirkəti hələ iki il qabaq “Belkomur” magistralı (Ağ dəniz-Komi-Ural) layihəsi üzrə niyyət haqda saziş imzalayıb. Bu ilin martında isə beynəlxalq “Arktika. Rusiyada istehsal olunub” forumunda baş nazir müavini Dmitri Roqozin çinlilərə Avropaya mal daşımalarını asanlaşdırmaq üçün Şimal dəniz yolundan istifadə etməyə və ona bitişik infrastruktura sərmayə qoymağa çağırıb.
İlk uyğun layihə mayda Federasiya Şurası yanında Arktika və Antarktika üzrə şuranın rəyasət heyətinin toplantısında elan edilib. Xəbər verildiyi kimi, Çinin Poly Group qrupuna daxil olan Poly International Holding Co. Ltd şirkəti Arxangelsk limanının dərinsu rayonunda yatırımçı ola bilər, amma, sadəcə, nəhəng məbləğ tələb olunur – 151 milyard rubl. Bunun – 27 milyardı büdcə yatırımı, qalanı isə özəl sərmayədir.
MilliYol.Az
Digər xəbərlər
loading...