Bu gün Kremldə 20 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirləri prezident Vladimir Putinə etimadnamələrini təqdim ediblər
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səfirlər etimadnamələrini təqdim etdikdən sonra Rusiya prezidenti Vladimir Putin mərasimdə çıxış edib. O, Rusiyanın yeni səfirlərin təmsil etdikləri ölkələrlə ikitərəfli əlaqələrinə, dünyada baş verən böhranlara və regional münaqişələrə toxunub. Rusiya-ABŞ münasibətlərindən danışan V. Putin bildirib ki, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti qənaətbəxş deyil: “Moskva Vaşinqtonla konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Əminik ki, bu münasibətlərin əsasında bərabərlik prinsipi, milli maraqlara hörmət, daxili işlərə qarışmama dayanmalıdır”.
Avropa İttifaqını vacib qonşu və əsas iqtisadi tərəfdaş adlandıran V. Putin Moskvanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında dayanıqlı əlaqələri, o cümlədən perspektivdə Atlantik okeandan Sakit okeana qədər ümumu iqtisadi və humanitar məkanın yaradılmasını dəstəklədiyini vurğulayıb.
Çıxışında regional münaqişələrin nizamlanmasına toxunan Rusiya prezidenti Ukrayna böhranı barədə danışıb. O, Rusiyanın BMT Təhlükəsizlik Şurasında irəli sürdüyü Donbasda sülhməramlı missiyasının yerləşdirilməsi təşəbbüsü ilə bağlı işgüzar və konstruktiv müzakirələrə ümid etdiyini söyləyib: “Ukraynadakı böhranın nizamlanmasının siyasi və təhlükəsizlik tərəfləri 2015-ci ilin fevralında Minskdə razılaşdırılıb. Nizamlanma prosesinə əlavə impuls vermək üçün Rusiya Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib”.
Rusiya-Moldova münasibətləri barədə danışan Rusiya prezidenti bundan sonra da Dnestryanı münaqişənin siyasi yolla həllinə kömək edəcəyini vurğulayıb. O, ölkəsinin Suriya böhranının nizamlanmasına töhfə verməyə davam edəcəyini də deyib.
V. Putin Şimali Koreya problemi ətrafındakı hərbi ritorikanın dalana aparan yol olduğunu söyləyib: “Bizim gözlərimiz önündə Koreya Xalq Demokratik Respublikasının nüvə proqramı ətrafında ziddiyyətli spiral dövriyyəyə buraxılıb. Bizim mövqeyimiz sizə məlumdur. Biz Pxenyanın BMT TŞ-nin qətnamələrini pozan addımlarını qınayırıq. Lakin hərbi ritorikanın qızışdırılması təkcə dalana aparan yol deyil, əminəm ki, həm də məhvə aparan yoldur. Bütün tərəflər təmkin göstərməli, sülh yolu həlli axtarmalıdırlar”.
Rusiya prezidenti Myanmarda müsəlmanların öldürülməsi ilə nəticələnən hadisələr barədə də danışıb. O, Rusiyanın Myanmardakı etnik münaqişədən narahat olduğunu bildirib, tərəfləri təmkinli olmağa və münaqişəni siyasi yolla nizamlamağa çağırıb.
Çıxışının sonunda V. Putin Rusiya hakimiyyət orqanlarının, biznes dairələrinin və ictimai strukturlarının xarici diplomatların ölkə ərazisində işləməsi üçün bütün mümkün yardımı edəcəklərini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...