Tehranda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb
APA-nın məlumatına görə, görüşdə hərbi əməkdaşlıq, İraqın kürd muxtariyyatında keçirilmiş referendum və regionda gedən proseslər müzakirə olunub.
Görüşdən sonra keçirilən mətbuat konfransında M. Baqiri İran və Türkiyənin gələcəkdə əməkdaşlıq edəcəyini bildirib: “Aparılmış müzakirələrə əsasən iki ölkənin Silahlı Qüvvələri birgə təlimlər, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq edəcək”.
İraqın Kürdistan muxtariyyatında keçirilmiş referenduma gəldikdə isə M. Baqiri bildirib ki, İranla Türkiyə bu məsələdə eyni mövqeyə malikdir. Onun sözlərinə görə, Tehranla Ankara İraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.
M. Baqiri Suriya məsələsinə də toxunub. O deyib ki, görüşdə İraq və Suriya ordularının müttəfiqləri ilə birlikdə İŞİD və təkfirçi terrorçularla mübarizədə əldə etdikləri uğurlar və işğal olunmuş ərazilərin azad olunması müzakirə edilib: “Ümid edirik ki, bu torpaqlarda sabitlik və təhlükəsizlik təmin olunacaq. Regionda terrorçulara qarşı birgə mübarizə və sərhədlərin təhlükəsizliyinin birgə qorunması barədə danışdıq və müsbət razılıq əldə etdik”.
H. Akar isə qeyd edib ki, Türkiyə ilə İran arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir: “Çalışırıq ki, iki ölkə hərbi sahədə, xüsusən də terrorizmlə mübarizə, sərhədlərin təhlükəsizliyinin birgə qorunması istiqamətində əlaqələrini inkişaf etdirsin. İran-Türkiyə hərbi əməkdaşlığı gələcəkdə daha da inkişaf edəcək”.
Qeyd edək ki, bu gün H. Akar İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də görüşəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...