Onlar spikerin qardaşı oğlu, deputat, vergi generalının ailə şirkətləridir
Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi üzrə 2015-ci ilin 6 ayında keçirilən müsabiqələrdə bağlanan 52 müqavilə ilə 126 212 086,21 manat istifadə olunub. Bunun da 24-nün dəyəri milyondan yuxarıdır. Aztoday.az-ın araşdırmaları zamanı məlum oldu ki, vəsaitlərin 108 725 195,09 manatı dərman və müxtəlif tibbi vasitələr, 12 410 787,93 manat tibbi avadanlıq və aparatlar, 2 688 427,51 manat tibb müəssisələrinə ofis və mebellər, inventara xərclənib.
Araşdırmamızda yenə sadəcə dövlət proqramlarına sərf olunan vəsaitləri sadalayacağıq. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr 27 727 117,9 manat, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”na müvafiq dərman preparatları, hemodializdə, periton dializdə istifadə olunan dərman və tibbi təyinatlı vasitələr, xroniki böyrək çatışmazlığı üzrə dərmanlar 21 316 145,02 manat, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nda olan dərman preparatları, tibbi avadanlıqlar 10 939 907,82 manat, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun reaktiv, reagent, laborator və tibbi təyinatlı vasitələr, tibbi aparat və avadanlıqlar 3 716 102,33 manat, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nda dərman və tibbi tiynatlı vasitələr, aparat və avadanlıqlar 2 739 391,64 manat, HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə məqsədilə testlər və dərman vasitələri, tibbi aparatlar və avadanlıqlar 2 923 583,18 manat, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”na müvafiq dərman və tibbi təyinatlı vasitələr, tibbi avadanlıqlar 2 737 200,24 manat, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”na uyğun dərman və tibbi təyinatlı vasitələr 927 837,03 manat, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tibbi təyinatlı vasitələr və avadanlıqlar 1 295 054,31 manat, imtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman vasitələri 1 578 900,25 manat, müalicə-profilaktik müəssisələrin təminatından ötrü zəruri dərman və tibbi təyinatlı vasitələrə 8 335 019,104 manat istifadə edilib. Podratçılar “Pharmex Healtcare Products” LTD 45 135 779,96 manat, “AvroMed Company” MMC 38 996 464,09 manat, “Arash Medical Company” MMC-yə 10 265 693,48 manat həvalə edilib. Bu şirkət başqa firmalarla da ortaqlıq şəraitində nazirlik üçün satınalmalar həyata keçirib. Bununla yanaşı həmin il fərqli səhiyyə müəssisələri ilə də 11 031 858,02 manat dəyərində müqavilələr bağlayıb.
“AvroMed” 208 milyonluq satınalmanı təkbaşına götürüb
cavansir_1AzToday.az xəbər verir ki, mərkəz 6 ildə cəmi 10 şirkətə tender qazandırıb. Reyestr məlumatlarının arxivi 2010-cu ildən başlayır və həmin vaxtdan keçən ilə qədər “AvroMed Company” MMC ilə əməkdaşlıq edilib, onunla düz 163 887 565,96 manatlıq satınalma aparılıb. Həm də satınalma sayı çox deyil, sadəcə müqavilə qiymətləri yüksəkdir. Misal üçün, 2011-ci ildə dərman vasitələrinə təkcə bir tenderdə 13,4 milyon manat, başqa birində isə 10,4 milyon manat verilib. 2012-ci ildə də yenə dərman preparatları yalnız bir müqavilə ilə 18,1 milyon manata alınıb, təkrar bu məqsədlə başqa bir müqavilənin dəyəri 12 milyon manat olub. 2013-cü ildə dərman preparatları üçün bir müqavilə 16 milyon manat, digəri 11,5 milyon manat təşkil edib. 2014-cü ildə bir tenderdə 16,5 milyon manat, digərində 12,1 milyon manatlıq dərman və tibbi təyinatlı vasitələr satın alınıb. Keçən il də bu şirkət bahalı sifarişlərdə liderlik edib – dərman və tibbi təyinatlı vasitələr yenə bir müqavilə üzrə nə az nə çox, düz 22 319 245,75 manat olub. Şirkətin daha üç müqaviləsinin hər biri də 5-6 milyon manat civarında dəyişir. Bu firma ilə müxtəlif səhiyyə qurumları da iri həcmli alış-verişlər edir. 2010-cu ildə 8 tender üzrə ümumilikdə 14 315 454,08 manatlıq sifariş alıb.
Yenə say az, məbləğ yüksəkdir. Təkcə bir müqavilənin qiyməti 8 542 551 manat, digərininki 5 298 556,58 manatdır. 2011-ci ildə 31 845 499,64 manatlıq fərqli sifarişlər alıb. Amma ən çox “tapşırıq” İnnovasiya Mərkəzindəndir. 2012-ci ildə 26 tenderdə ümumi satınalma dəyəri 39 263 284,42 manat olub. Bunun 33,8 milyonu mərkəzin payına düşür. 2013-cü ildə ümumi müqavilə qiyməti 37 327 951,24 manat olan 30 tender, 2014-cü ildə 40 749 096,23 manatlıq 35 tender, 2015-ci ilin 6 ayında 44 485 306,02 manat məbləğdə 22 tenderi “udub”. Təkcə bu firmanın səhiyyə sistemi üçün rəsmi satınalma qiyməti 207 986 591,63 manatdır. Şirkətin avromed.az adında web-saytı var. Yəni sifarişlər mövcud olan bir şirkətə verilib. Qiymətlərin şişirdilməsi ayrı mövzudur. Barəsində yazılır ki, 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb, ölkə ərazisində olan 2000 aptekin təchizatçısı, 150-dən çox işçisi, 8500 m2 sahəsi olan mərkəzi anbarlarda gündəlik 1500 sifarişin təmini, 42 ölkədən 250-dən artıq təchizatçı, 15 500 və artan çeşid sayı mövcuddur. Bu şirkət saytında təchizatçılarını qeyd edib, amma təklif etdiyi heç bir məhsulu nümayiş olunmur. Amma ən azından ünvanı, telefonları var. Yerli mətbuat bazarda monopolist mövqe tutan firmanın 75%-nin Deputat Cavanşir Feyziyevə məxsus olduğunu yazır. Amma bəzi mənbələr bunun şirma olduğunu deyir, şirkətin arxasında dayanan qüvvələrin daha yüksək mövqe tutduğunu qeyd edir.
“Araş Medikal” MMC “Arash Medical Company” ilə keçmişi “sildi”
“Arash Medical Company” MMC də nazirliyin “favoritlərindəndir”, şirkətə təkcə mərkəzin xəttilə 54 325 054,31 manatlıq iş həvalə edilib. Bu firmanın da tenderlərinin dəyəri milyonlarla ölçülür. Şirkətin arash.az adında web-saytı var. Haqqında qeyd olunur ki, ölkənin tibb bazarında 1994-cü ildən fəaliyyətdədir. İşi hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanması, səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir. Tbbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçısı ilə sıx əməkdaşlıqdadır. Ölkədə bir neçə xəstəxana və klinikanı hər növ tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edir. Firmanın saytında təklif olunan avadanlıqlar və qiymətləri nümayiş etdirilir. Satınalma zamanı korrupsiya riskləri onsuz da bizim ölkədə qaçılmazdır və şirkətin də bundan sığortalandığını istisna etmirik. Deməyimiz odur ki, mövcud şirkət məhz belə olmalıdır: adresi, elektron adresi, web-saytı, telefonları, özünün haqqında, satdığı məhsullara dair geniş məlumatlar və qiymətlər var. Sayt aktivdir, məlumatlar yenilənir, adı olub fəaliyyət göstərməyən şirkətlər kimi yazılmır ki, sayta son giriş keçən əsrdə olub. Firma müxtəlif səhiyyə qurumlarının satınalmalarını ən çox qazanan podratçılardandır.
“Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis olunub. Ləğv edilmə səbəbi yazılmayıb. Bəzi xarici firmalar adına “rotasiya” deyib üçüncü ölkələrdəki kadrlarını 2-3 ildə bir dəyişməklə, onları məsuliyyətdən qurtarmağa çalışdıqları kimi, bəzi şirkətlər də “keçmişi silmək”dən ötrü ləğv edilərək yenidən başqa adla yaradılırlar. Köhnə təsisçilərdən yaxa qurtarmaq üçün də belə yollara əl atanlar var. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən yeni adı ilə ondan Tibb Unversiteti 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb. Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə xərcləmələrini təhlil etdiyimiz İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Təhsil Nazirliyi Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb. Amma bu “arash”ın o biri “araş”la hər hansı bir əlaqəsinin olub-olmadığı bilinmir.
300-dən artıq müqaviləni bir şirkət necə icra edə bilər?
Barəsində söhbət gedən şirkətin 2011-ci ildə SN və bəzi dövlət təşkilatlarından aldığı sifarişin həcmi 25 092 910,98 manat olub. Aztoday.az xəbər verir ki, ölkədə eyniprofilli şirkətlər yoxmuş kimi tenderlər bu firmanın başından yağdırılıb – bir ildə düz 72 müsabiqənin qalibi olub. Tibbi avadanlıqlar satmağı bir tərəfə, xeyli səhiyyə müəssisələri, sanatoriyalar, poliklinikaların tikinti və təmirini də bu şirkət aparıb. Sonra da hamısını avadanlıq, mebel, inventarla təchiz edib. Bu işlərin hərəsi Azərbaycanın müxtəluf bölgələrində görülüb. Şirkətin 2011-ci ildə ləğv edilən firmanın bazasında yenisi təsis edildiyi elan olunsa da 2012-ci ildə hər ikisinin adına tenderlər var: “Araş Medikal” MMC 15 müqavilə ilə 2 235 813,49 manatlıq iş görüb, “Arash Medical Company” isə 29 müsabiqədə 11 646 597,86 manatlıq sifariş alıb. 44 müqavilənin ümumi dəyəri 13 882 411,35 manat olub.
2013-cü ildə də 57 satınalma üzrə “Arash Medical Company” müxtəlif səhiyyə qurumlarına 53 830 518,38 manatlıq satış xidməti göstərib. Vəsaitlərin çoxu təmir-tikinti işlərinə gedib. Misal üçün, Yevlax rayon Mərkəzi Xəstəxanasının avadanlıq və inventarlarla təchiz edilməklə tikintisi 7 386 588,39 manat, Bakı Sağlamlıq Mərkəzi 7 661 947,56 manat, Ağcabədi rayon Mərkəzi Xəstəxanası 4 888 653,07 manat, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının tikintisi 4 852 649,87 manata başa gəlib. Təkcə dörd sağlamlıq müəssisəsinin qurulmasına ümumilkdə 24 789 838,89 manat sərf olunub. Tikinti-təmir işləri 10-dan artıq fərqli şəhərdədir. O hesabla şirkətin 1000-dən çox işçisi olmalıdır. Halbuki, fəaliyyət istiqamətində tikinti ilə məşğul olduğu yazılmır, sadəcə layihələndirməyə işarə var. 21 satınalma üzrə isə “Araş Medikal” MMC 1 145 876,51 manatlıq iş götürüb. Bəlli ki, ləğv olunduğu elan edilsə də hər ikisini işlədirlər, qanuni, ya da qanunsuz.
Səhiyyə Nazirliyi 10 milyonlarla dəyəri olan ünvansız təmirlər aparır
2014-cü ildə “Arash Medical Company” MMC 20 tenderdə 19 998 897,06 manatlıq iş qazanıb. “Araş Medikal” MMC-dən də 24 tender üzrə 860 717 manat, ümumilikdə 20 859 614,06 manatlıq xidmət satın alınıb. Maraqlıdır ki, ən çox oqtay-esedov-mansda korrupsiya assosasiyalı “9”lar Daxili İşlər Nazirliyi ilə olan satınalmalardadır. Xərcləmələrdə üç, dörd ədəd 9 rəqəmi yan-yanadır. Nədən əcaba 100 min yox, 99 min? Rəqəmlərin havadan alındığı bəllidir. Şirkət həmin il mərkəzə 5,6 milyonluq avadanlıq satmaqla bərabər, müxtəlif səhiyyə ocaqlarına da xidmət göstərib. Maraqlıdır ki, vəsaitin yenə 13 216 018,99 manatı profilinə görə avadanlıq, mebel, inventar satışı deyil, təmir-bərpa işlərinə gedib. Təmir işlərinin əsas hissəsi ünvansızdır.
Bunlar sadəcə pulu rəsmiləşdirmək xətrinədir, yoxsa şirkətin tikinti ilə də məşğul olmaq üçün kadr potensialı var, müəmmalıdır. Bəlkə də nizamnaməsində tikinti ilə məşğul olmaq səlahiyyəti var, çünki müəssisələrin əksəriyyəti kağız üzərində multiprofilli yaradılır ki, gələcəkdə manevr imkanları olsun. AzToday.az-ın mediada gedən məlumatlar əsasında apardığı araşdırmalar zamanı məlum oldu ki, şirkətin rəhbəri Cavid Əsədov Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğludur. Bu yazılanın təkzib olunduğu barədə qarşımıza hər hansı məlumat çıxmadı. 2015-ci ilin 6 ayında “Arash Medical Company” müxtəlif təşkilatlardan 21 608 222,38 manatlıq 22 tender, “Araş Medikal” MMC isə 342 235,63 manat dəyərində 8 sifariş alıb. Şərikli götürdüyü müqavilə qiymətlərini iki-üç yerə bölürük. Halbuki “Arash”a verilən pulun həcmi başqalarından çoxluğu ilə fərqlənir. Qısa müddət ərzində bu şirkət 150 160 296,35 manatlıq tenderin podratçısı olub.
Generalın firmasına Şirəliyevdən başqa iş tapşıran yoxdur
vergilerAzToday.az-ın araşdırmaları zamanı məlum oldu ki, “Güllübulag” MMC-nin 2010-cu ildə qazandığı 2 189 971,17 manat dəyərində 9 tenderdən 8-i səhiyyədəndir. Təchizatdan əlavə təmir işləri gördüyü də yazılır. Sonrakı ildə 6 tender üzrə 1 622 426,76 manatlıq iş götürüb. Avadanlıq satmaqla bərabər Təhsil Nazirliyi üçün qaz xətti də çəkib. 2012-ci ildə 1 701 269,25 manat, 2013-cü ildə 743 797,66 manat, 2014-cü ildə 891 700,04 manat, 2015-ci ildə 2 299 564,05 manat dəyərində məişət texnikası, kompüter avadanlığı satıb. Demək olar ki, bütün satınalmalar səhiyyə ilə aparılıb. Quruma 7,9 milyon manatlıq avadanlıq verib, amma bir-iki xırda tender istisna olmaqla digər təşkilatlardan xüsusi bir sifariş almayıb.
Bütün ciddi şirkətlər kimi web-saytı da yoxdur. Lakin yamakoglu.com.tr saytında “Güllübulag” MMC-nin 1994-cü ildə Azərbaycanda yaradıldığı, qida və təmizlik sahəsində məhsulların satışı ilə məşğul olduğu qeyd edlir. Səhifədə Güllübulaq Yamakoğlu MMC kimi birlikdə göstərilir, adresi Bakı yazılıb. Bəlli ki, dolayısıyla Türkiyədə sehiyyedə bir “əkizi” mövcuddur və hər ikisi paralel işləyir. Sözügedən saytda şirkətin anbarları, daşınar və daşınmaz əmlakının şəkilləri var. Yəni, bu şirkət mövcud olmağına mövcuddur, amma yenə də gedib bir məmura bağlanır. Onun Azərbaycanda bir vergi generalının ailə şirkəti olduğu barədə məlumatımız var. Həmin generalın Türkiyədə böyük biznesi və xeyli bahalı daşınmaz əmlakı olduğu barədə də əlimizdə sənədlər mövcuddur. Dəqiqləşdirmələrdən sonra tezliklə onları da ictimailəşdirəcəyik.
MilliYol.Az
Digər xəbərlər
loading...